Abutalıbovun xərclədiyi 1.7 milyard

28-05-2015, 12:35           
Abutalıbovun xərclədiyi 1.7 milyard
Paytaxtın abadlaşdırılmasına fantastik məbləğdə vəsait xərclənib Orta və kiçik layihələrdə
podratçıların kimlərdən ibarət olması ümumiyyətlə, açıqlanmır

Bakıda çoxmərtəbəli binanın yanması paytaxtın necə abadlaşdırılması məsələsini gündəmə gətirdi. Dövlət büdcəsindən milyonları udan bina üzlüklərinin indi keyfiyyətsiz olduğu üzə çıxır, ona görə də hamısı sökülür və təzələri ilə üzlənəcək. Yeni üzlüklərin isə keyfiyyətinə zəmanət yenə də yoxdur. Bir binanın yanması Bakının abadlaşdırılması işində aşkar olunan yalnız bir "yeyinti" faktıdır. Bu gün abadlaşdırma adı altında tək binaların siması tez-tez dəyişilmir, eyni zamanda bir avtomobil yolunun bir neçə dəfə təmirinin, salınan yaşıllığın qısa müddətdən sonra qurumasının, işıq dirəklərinin tez-tez dəyişdirilməsinin, yaşıllıqların "park salma" adı altında məhv edilməsinin, yüz milyonlar udan nəqliyyatın intellektual idarə edilməsi layihəsinin fiaskoya uğramasının və sair hadisələrin şahidi oluruq. Əlbəttə, bütün bu layihələrin hamısı büdcədən böyük pullar yeyir. 2006-cı ildən ölkəyə gələn neft pullarının həcminin artması hesabına ərsəyə gələn bu korrupsiya çarxı həm xalqın cibinə, həm də ekoloji mühitə böyük zərbələr vurur. "Paytaxtın abadlaşdırılması" planı Bakı əhalisinin artıq 10 ilə yaxındır ki, gərgin həyat yaşamasına sövq edib.

Qısa araşdırma apararaq bu illər ərzində paytaxtın kosmetik təmiri üçün nə qədər pul xərcləndiyini öyrənməyə çalışdıq. Qeyd edək ki, paytaxtda aparılan təmir-tikinti işlərinə bir neçə istiqamətdə vəsait ayrılır. Bu sırada Bakı Şəhər İcra Hakimiyyəti ilk sırada gəlir. Daha sonra ən böyük pay Nəqliyyat Nazirliyinə düşür. Bundan əlavə "Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərenerji", "Azərsu", Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi dövlətin böyük vəsaitlərini xərcləyir.
2006-2014-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə paytaxtın təmir-tikinti işləri üçün dövlət büdcəsindən aşağıdakı həcmdə vəsait istifadə edilib.

2006-cı ildə - 1,8 milyon manat
2007-ci ildə - 64 milyon manat
2008-ci ildə - 40 milyon manat
2009-cu ildə - 15 milyon manat
2010-cu ildə - 25 milyon manat
2011-ci ildə - 350 milyon 634 min manat
2012-ci ildə - 327 milyon manat
2013-cü ildə - 644 milyon manat
2014-cü ildə - 276 milyon 153 min manat…

Bu istiqamətdə ən böyük investisiya xərclərini isə "Bakı şəhərində binaların təmiri, işıqlandırılması, abadlaşdırılması, əhalinin köçürülməsi" adlı bölmə "udur". Belə ki, sözügedən bölmə üzrə 2011-ci ilə 198,1 milyon manat, 2012-ci ildə 125 milyon manat, 2013-cü ildə 114,5 milyon manat, 2014-cü ildə 100 milyon vəsait xərclənib. Daha sonra vəsaitlər müxtəlif obyektlərin əsaslı təmirinə, avtomobil yollarının çəkilməsinə, "Ağ şəhər" layihəsinə, Zooparkın köçürülməsinə və sair sahələrə yönəldilib.
BŞİH-lə yanaşı, paytaxtın ayrı-ayrı rayonlarının icra hakimiyyətlərinə də abadlıq işlərinin görülməsi məqsədilə büdcənin əsaslı vəsait qoyuluşundan pullar ayrılıb. Burada diqqət çəkən məqamlardan biri budur ki, Nərimanov rayonu ərazində abadlıq işlərinin qurulması üçün BŞİH-nə 2011-ci ildə 38 milyon manat ayrılmasına baxmayaraq, eyni xərc bölməsi üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə 2013-cü ildə yenidən 20 milyon manat vəsait yönəldiblər.
Paytaxtın yenidən qurulması üçün digər xərclər istiqamətlərindən biri də, dediyimiz kimi, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının" həyata keçirilməsi ilə bağlı ayrılan vəsaitlərdir. Belə ki;

- Proqramın icrası üçün 12-yə yaxın dövlət qurumuna 300 milyon 308 min manat ayrılıb.
- Dövlət Neft Şirkəti isə təkcə qazlaşdırmaya 80 milyon manat xərcləyib. Neftli torpaqların təmizlənməsinə ayrılan vəsait isə göstərilmir.

Paytaxtın abadlıq işlərinin aparılması zamanı ən böyük xərc bölmələrindən biri də bulvarın təmiri, Bayraq Meydanının tikintisidir. Beləliklə, bulvarda yenidənqurma işlərinin aparılması və genişləndirilməsi üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə;

2011-ci ildə 30,1 milyon manat
2012-ci ildə 18 milyon manat
2013-cü ildə 53 milyon manat
2014-cü ildə 50 milyon manat verilib.
Dövlət Bayrağı Meydanının tikinitisinə və ətrafında abadlıq işlərinin qurulmasına isə;
2011-ci ildə - 65 milyon manat
2012-ci ildə - 40 milyon manat
2013-cü ildə isə - 39 milyon manat
2014-cü ildə - 5 milyon manat istifadə edilib.

Ən böyük xərc istiqamətindən birini də Nəqliyyat Nazirliyi təşkil edir. Təəssüf ki, Nazirliyin Bakının avtomobil yollarına sərf elədiyi vəsaitin dəqiq statistikası təqdim edilmir.

Dövlətin milyardlarla vəsaiti xərclənmiş bu abadlaşdırma işinin necə həyata keçirilməsi, hansı şirkətlərə tapşırılması, tenderlərin şəffaflığı və sair kimi məqamlar mətbuatın daim gündəmində duran məsələlərdir. Tenderdə "qalib gələn" şirkətlərin adları yalnız hansısa faciələr meydana çıxanda məlum olur. İri həcmli layihələrdə bu şirkətlərin adları müəyyən qədər məlum olsa da, orta və kiçik layihələrdə podratçıların kimlərdən ibarət olması ümumiyyətlə, açıqlanmır.

Faciəyə səbəb olan yanğın hadisəsi göstərdi ki, təmir-tikinti, yenidənqurma işləri keyfiyyətsiz olmaqla yanaşı, onların həm də əhali üçün ekoloji təhlükəsi məsələsi meydana çıxıb. Daş örtüklərinin plastik örtüklərlə əvəzlənməsinin insan orqanizminə təsirləri, habelə ənənəvi ağacların məhv edilərək yerinə bəzək ağaclarının əkilməsi, göllərin qurudulması ekoloji tarazlığın pozulması kimi təhlükələri meydana çıxarıb. Biz hələ tarixi binaların sökülməsi, əhalinin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi faktlara toxunmuruq. Paytaxtın kosmetik gözəlləşdirilməsinə münasibətlər birmənalı deyil.

İqtisadçı-ekspert Qadir İbrahimlinin fikrincə, abadlıq işlərinin həyata keçirilməsi zamanı dövlət qurumları vəzifə borclarını konkret standartlara uyğunlaşdırmalıdır: "Şəxsi münasibətlər, şəxsi rəylər əsasında şəhər təsərrüfatını idarə etmək mümkün deyil. Tikinti sektorunda müəyyən standartlar müəyyənləşməlidir. Pərakəndə və keyfiyyətsiz tikinti işlərinin həyata keçirilməsi, əslində, vahid baş planının olmamasından irəli gəlir. Burada şəhərin dizaynı ilə yanaşı, işlərin görülmə keyfiyyəti, ətraf mühitə təsirlər dəqiqləşdirilməli, tikinti materiallarının standartları olmalıdır. Tikintinin icazə alma mexanizmlərini yüngülləşdirmək, rüşvəti isə aradan qaldırmaq lazımdır. Bu zaman şirkətlər də öz işlərini qura biləcəklər. Əgər bunlar müəyyənləşərsə, bu sahədə olan sosial problemlərin də hamısı həll olunacaq".

Ekoloq Telman Zeynalov isə Bakının abadlaşdırılmasına çox optimist yanaşır: "İndiki abadlaşdırma işlərinə münasibətim çox yaxşıdır. Neftlə çirklənmiş ərazilərdə yaşıllıq zonası yaradılıb. Mən həmin ərazilərə baxmışam, yaşıllıq zonası genişləndirilib. Bundan əlavə şəhər meqapolisi böyüyür. 21-ci əsrə uyğun tikililər aparılır ki, buna müsbət yanaşmaq lazımdır. İradlar səslənir ki, mafioz qruplar mənimsəyirlər. Amma bugünkü abadlıq işi gələcək nəsil üçün qalır".

"Bir vaxtlar "Dostluq parkı"nın sürətlə dağıdılmasını çox tənqid etdik. Axır ki, problem öz həllini tapmağa başladı. Göllərin təmizlənməsi haqqında Prezident sərəncam verdi ki, bunu dəstəkləyirəm. Amma apardığımız monitorinqlər zamanı müşahidə etdik ki, göllərin qərb hissəsi təmizlənsə də, şərq hissəsi yenidən çirkləndirilir. Deməli, kimlərsə, Prezident verdiyi sərəncamlara dırnaqarası baxır",-deyə ekoloq vurğuladı.(bizimyol)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.