Elçibəy hakimiyyətini ABŞ və BP devirib - ŞOK FAKTLAR

28-05-2015, 15:06           

Ötən ay Rusiyanın “Rossiya 1” telekanalı prezident Vladimir Putin barədə sensasion sənədli filmi efirə verdi.

Həmin filmdə Putin bildirmişdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Çeçenistanda, Şimali Qafqazın digər regionlarında terrorçuluq hərəkatını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər Qərb xüsusi xidmətləri dəstəkləyib. Məqsəd Rusiyanı məqsədli şəkildə zəiflətmək və parçalamaq olub.

Putin Federal Kəşfiyyat Xidmətinin ABŞ-ın Qafqazda terrorçuların dəstələnməsindəki məxfi rolunun detallarını əldə etdiyini bildirib, ancaq bu haqda geniş danışmayıb. Putin yalnız onu bildirib ki, 2000-ci illərin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycandakı rezidenturası Şimali Qafqazdakı terrorçu qruplaşmalara birbaşa dəstək verib, hətta onları nəqliyyat vasitələri ilə təmin edib.

Putin bu faktı prezident Corc Buşla görüşündə qaldırdığını, Amerika prezidentinin məsələni araşdırıb tədbir görməyə söz verdiyini, amma Vaşinqtonun Qafqazdakı radikal islamçı qruplaşmalara dəstək siyasətinin bundan sonra da davam etdiyini deyib.

ABŞ administrasiyası Putinin bu ifşaedici çıxışına şərh verməsə də Birləşmiş Ştatlarda Rusiya prezidentinin haqlı olduğunu faktlarla göstərən araşdırmaçılar tapılıb.

Prinston Universitetindən siyasət elmləri üzrə alimlik dərəcəsi alan, strateji risklər üzrə məsləhətçi, neft və geosiyasət haqda bestsellerin müəllifi Uilyam Enqdal (F.William Engdahl) yazır ki, peşəkar kəşfiyyatçı olan Putin haqlıdır. Çünki qeyri-rus mənbələrində Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanı zəiflətmək üçün radikal islamçılardan necə yararlandığına dair çoxsaylı dəlillər yer alır.

Müəllif daha Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanı zəiflətməyə yönələn fəaliyyətlərinə dair öz kitabında cəmlədiyi faktlardan bir hissəsini təqdim edir.

Uilyam Enqdal yazır ki, Səudiyyə Ərəbistanı və MKİ tərəfindən maliyyələşdirilən mücahidlər 80-ci illərin sonlarında sovet ordusunu Əfqanıstandan çıxmağa məcbur edəndən sonra çox keçmədən SSRİ dağıldı. Və MKİ “əfqan ərəbləri”indən istifadə edərək Rusiyanın Avrasiya regionunda təsirini zəiflətmək üçün keçmiş sovet respublikalarının ərazisində yerlər axtarmağa başladı.

“Əfqan ərəbləri” Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrindən döyüşmək üçün Əfqanıstana göndərilən radikal sünnilərdir. Onların sıralarında 80-ci illərin əvvəllərində MKİ-nin təzə “işə götürdüyü” səudiyyəli gənc Üsamə bin Laden də yer alırdı.

Müəllif göstərir ki, ata Buşun administrasiyası Yeltsin dövrünün iqtisadi xaosundan istifadə edərək Rusiyanı bütün cinahlardan - Mərkəzi Asiyadan və Qafqazdan mücahidlərin köməyi ilə zəiflətməyə qərar vermişdi.

Uilyam Enqdal Azərbaycanda Elçibəy hakimiyyətinin Vaşinqton və BP tərəfindən devrildiyini yazır. Bildirir ki, Dik Çeyninin rəhbərlik etdiyi “Haliburton” şirkəti 90-cı illərin əvvəllərində Azərbaycanda zəngin neft yataqlarının olduğunu biləndə Vaşinqtonun ilk işi neftin Rusiyadan keçməklə nəqlini əngəlləmək oldu.

Amerikalı təhlilçi yazır ki, ata Buş MKİ-yə Çeçenistandan keçən neft kəmərini məhv etmək və Qafqazda xaos yaratmaq tapşırığı vermişdi. Məqsəd o idi ki, heç bir Qərb şirkəti Çeçenistandan keçən neft kəmərindən istifadəni nəzərdən keçirə bilməsin.

Buşun keçmiş həmkarı, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Qrem Fuller Amerika kəşfiyyatının Qafqazda mücahidlərin əli ilə qeyri-sabitlik yaradılması strategiyasının baş arxitektoru idi. Fuller 90-cı illərin əvvəllərində öz strategiyasını əsaslandıraraq bildirmişdi ki, radikal islamçılardan Əfqanıstanda sovet ordusuna qarşı istifadə “təəccüblü şəkildə yaxşı nəticələr verib” və indi bu taktikadan Rusiyanın Qafqazda hakimiyyətini zəiflətmək üçün istifadə edilməlidir.

MKİ bu məqsədlə çirkin tryukların veteranı olan general Riçard Sekordu işə cəlb etdi. Sekord MKİ-nin nəzarətində olan qurama “Mega Oil” şirkətini yaratdı. Vaxtilə “İrangeyt” qalmaqalına görə mühakimə edilmiş, müdafiə nazirinin keçmiş müavini olan Sekord özəl təyyarə ilə Bakıya endi. Onun məqsədi MKİ-nin qurama şirkəti “Mega Oil”un ofisini açmaq idi.

“General Sekord MKİ-nin Vyetnam müharibəsi zamanı gizli opium əməliyyatlarının veteranı idi. O, Əfqanıstandan Azərbaycana yüzlərlə mücahidi gətirmək üçün gizli aviareyslər təşkil etdi”- deyə müəllif yazır.

Uilyam Enqdal MKİ-nin Azərbaycanı Qafqazda terror əməliyyatları həyata keçirən mücahidlərin bazasına çevirdiyini bildirir. Yazır ki, Azərbaycanda Elçibəy hakimiyyətinin devrilməsi əməliyyatına da general Sekord başçılıq edirdi. Sonradan bu çevrilişdə BP və “Amoco”nun iştirakını təsdiqləyən məxfi sənədlər “Sunday Times” qəzeti tərəfindən yayıldı.

Müəllif kitabından sitat gətirərək daha sonra yazır ki, Pentaqon və MKİ mücahidlərdən təkcə Azərbaycanda yox, Çeçenistanda və daha sonra Bosniyada Rusiyaya qarşı geniş istifadə edib. Bu əməliyyatda Səudiyyə Ərəbistanı kəşfiyyatının rəhbəri Turki əl-Feysəl də yaxından iştirak edirdi. Onun kəşfiyyatının “verbovka” etdiyi cihadçılar Çeçenistana və Dağıstana göndərilirdi. Səudiyyə kəşfiyyatı Qafqazdakı silahlı qruplaşmalara hər ay milyonlarla dollar verirdi.

“Amerika kəşfiyyatı 90-cı illərin sonlarına qədər Çeçenistandakı münaqişəyə çox fəal cəlb olunmuşdu. Konqresin terrorçuluqla mübarizə üzrə araşdırma qrupunun direktoru Yozef Boqdanski öz məruzəsində MKİ-nin Qafqazdakı bütün strategiyasının detallarını açıb göstərmişdi. Onun hesabatında deyilirdi ki, 1999-cu ilin dekabrında Amerika hökumət rəsmiləri Azərbaycanda “rəsmi görüşdə” iştirak edərək Şimali Qafqazda və Mərkəzi Asiyada mücahidlərə hazırlıq keçilməsi, təchiz olunması proqramını müzakirə edib”- deyə Uilyam Enqdal yazır. (virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.