“Giləzi” su altında qaldı: Toyuq və yumurta bahalaşacaq? - AÇIQLAMA
Dünən, 12:18

Dünən yağan güclü yağış “Giləzi” quşçuluq təsərrüfatına ciddi zərər vurub.
Belə ki, yaxınlıqdan keçən kanalın suyu açılaraq təsərrüfatın ərazisinə buraxılıb. Nəticədə, 4 milyon yumurta yerləşdirilmiş inkubator, kəsimxana və digər avadanlıqların olduğu binalar su altında qalıb.
Baş verən təbii fəlakət digər broyler təsərrüfatlarına da təsir edibmi? Bu hal yumurta və toyuq məhsullarının qiymətində bahalaşmaya səbəb ola bilərmi?
“Cebheinfo.az”a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, dəymiş zərərin məbləği hələ hesablanmayıb. O, bu vəziyyətin nə yumurtaya, nə də toyuq ətinin qiymətinə təsiri olacağına inanmadığını vurğulayıb:
"Heç kəsə zərər dəyməyib. Yalnız bir “Giləzi” quşçuluq təsərrüfatında inkubatora ziyan dəyib. Hələlik dəymiş ziyanın dəqiq məbləği hesablanmayıb, ona görə də dəqiq rəqəm deyə bilmərəm. Ərazi hazırda suyun içindədir. Bizdə fabrikdə də müəyyən zərərlər var, lakin başqa heç bir yerdə ciddi problem yoxdur. Düşünmürəm ki, bu vəziyyət yumurta və toyuq ətinin qiymətinə təsir göstərəcək". "Giləzi Quşçuluq" MMC-nin direktoru Elvin Eminov isə bildirib ki, hər şey suyun altında qalıb.
Onun sözlərinə görə, indiyə qədər belə bir şey olmamışdı:
“Zərərin miqyası hələ dəqiq bilinmir. İnkubator tamamilə suyun altında qalıb. Hazırda ərazidə araşdırma işləri aparılır. Təkcə inkubator deyil, generator da suyun altında qalıb. Demək olar ki, hər şey. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları oradadır. Araşdırma gedir. Hələ dəqiq heç nə bilinmir. Belə bir vəziyyətə indiyə qədər rast gəlməmişik. Bilmirdik su gələr, oraları basar. Bu, 50-60 ildən bir baş verən haldır. Bu hadisə qəti şəkildə yumurta və toyuq məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olmayacaq”.