Təlim keçilən təcrübəsiz sürücülər, təcrübəli qayda pozanlar... Könlü maşın istəyən tıxaca "qonaq" olur
Bu gün, 12:45

Son zamanlar şəhərimizdə təlim maşınlarınıın sayı artıb. Buna səbəb hamının avtomobil idarə etmək istəyidir. Amma bəzən təlim maşınları yollarda digər sürücülərin hərəkətinə də mane olur. Heç nə də deyə bilmirsən.
15 il əvvəl avtomobil idarə etməyi öyrənməyə başlayanda müəllimim yollarda mənə problem yaradanda sürücülər haqqında deyirdi ki, “görürlər ki, təlim maşınıdır, sürücü yeni öyrənir, amma bildiklərini edirlər”. Yəni müəllimlər digər avtomobil sürücülərinin anlayış göstərməsini gözləyirdi. Bu gün də Bakı küçələrində eyni hal yaşanır. Təlim maşınları digər sürücülərə, digər sürücülər də elə təlim maşınlara problem yaratmağa çalışır.
Yol Hərəkəti haqqında qanunun 78-ci maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. Yollarda sürmək təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir.
Qanunda həmçinin qeyd edilir ki, sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır. Bundan əlavə sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır. Həmçinin bildirirlir ki, siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır.
Sürmə təlimi qaydalarını pozma halları, İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə tənzimlənir. Belə ki, sürmə təlimi qaydasının pozulmasına görə, qayda pozan şəxslər 40 manat məbləğində cərimə edilir.
İradə Cəlil, Bizimyol.info