Bu avtomobil sahiblərinin DİQQƏTİNƏ: Yanğın riski günü-gündən artır – Səbəblər açıqlandı

Bu gün, 16:49           
Bu avtomobil sahiblərinin DİQQƏTİNƏ: Yanğın riski günü-gündən artır – Səbəblər açıqlandı
Son zamanlar Azərbaycanda avtomobillərin yanması hallarında artım müşahidə olunur. Bəs avtomobil yanğınlarının əsas səbəbləri nədir? Daha çox hansı markalı və hansı istehsal illərinə aid avtomobillərin yanma riski yüksəkdir?
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Moderator.az-a açıqlamasında bildirib ki, son vaxtlar avtomobillərin yanması halları artıb və bu, birbaşa texniki nasazlıqlarla bağlıdır.

Ekspertin sözlərinə görə, adətən bu cür hallara daha çox köhnə avtomobillərdə rast gəlinir:
“Avtomobillərin yanmasının başlıca səbəbi elektrik naqillərinin və kabellərin köhnəlməsidir. Sürücülər bu avtomobillərə əlavə olaraq LED lampalar, monitorlar və yüksək gərginlik tələb edən başqa qurğular quraşdırırlar. Bu cür qurğular generatora əlavə yük yaradır, naqillər isə bu yüklənməyə dözmədikdə qızır və nəticədə yanğın baş verir. Bazarda keyfiyyətsiz və ucuz Çin istehsalı avadanlıqların sayı çoxdur. LED lampaların istifadəsi qaydalara ziddir və qanunla da cəriməsi nəzərdə tutulur. Amma bəziləri sadəcə görüntü naminə təhlükəni gözardı edirlər.
Avtomobillərin yanmasının əsas səbəblərindən biri də qeyri-peşəkar ustalara müraciət olunması və orijinal olmayan ehtiyat hissələrindən istifadə edilməsidir. Sürücülər avtomobillərinə əlavə avadanlıq quraşdırmaq istəyirlərsə, bu iş mütləq peşəkar elektriklər tərəfindən və texniki parametrlərə uyğun şəkildə həyata keçirilməlidir. Orijinal ehtiyat hissələrindən istifadə olunmalıdır. Əks halda yanğın riski qaçılmazdır”.

Ekspert həmçinin əlavə edib ki, ustaların və sürücülərin səhlənkarlığı da bu hallara səbəb olur:
“Bəziləri düşünür ki, dizel yanacağı daha təhlükəsizdir. Amma bu, səhv fikirdir. Mən özüm də müşahidə etmişəm ki, dizel avtomobillərdə yanacaq sistemindəki nasazlıqlar da yanğına gətirib çıxarır. Məsələn, açıq farsunkalar düzgün dəyişdirilmir, yanacaq boruları kifayət qədər bərkidilmir. Avtomobil hərəkətdə olanda, təzyiq yüksəldikdə borudan sızan dizel yanacağı avtomobilin qızmış hissələri ilə təmasda yanğına səbəb olur.
İstər benzin, istər dizel, istərsə də elektriklə işləyən avtomobillərdə texniki nasazlıqlar aradan qaldırılmadıqda yanğınlar baş verə bilər. Hər növ yanacaq sistemində təhlükə var. Sadəcə olaraq texniki baxışlar vaxtında keçirilməli, dəyişikliklər isə peşəkarlar tərəfindən edilməlidir”.

Qazla işləyən avtomobillərlə bağlı məsələyə toxunan ekspert bildirib ki, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər qaz balonlarının texniki vəziyyətinə ciddi yanaşmırlar:
“Məsələn, “Şevrolet Cobalt'” markalı taksilərin çoxu qazla işləyir. Amma bu avtomobillər texniki baxışdan keçmir, qaz balonları vaxtında yoxlanılmır. Sızmaların qarşısı alınmır, dəyişdirilməli hissələrə məhəl qoyulmur. Bu isə zapravkalarda və ya hərəkət zamanı partlayışa və ya yanğına səbəb ola bilər”.

A. Nəbiyev yay mövsümündə riskin daha da artdığını vurğulayıb:
“Havanın isti olması və avtomobilin birbaşa günəş altında qalması avtomobil hissələrinin daha tez qızmasına səbəb olur. Bu da yanğın hallarını artırır. Bu problemlərin qarşısını almaq üçün əsas çıxış yolu avtomobillərin yalnız rəsmi servislərdə, peşəkar ustalar tərəfindən yoxlanılması və yalnız texniki tələblərə uyğun avadanlıqların istifadəsidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.