Abbas Abbasovla Polad Bülbüloğlunun əlaqələri haqda şok – İDDİALAR

22-06-2015, 10:52           
Abbas Abbasovla Polad Bülbüloğlunun əlaqələri haqda şok – İDDİALAR
Son zamanlar mətbuatda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə baş nazirin keçmiş 1-ci müavini, “Milyarderlər İttifaqı”nın odioz üzvü Abbas Abbasov arasında əlaqələr barədə çoxsaylı iddialar ortaya atılıb. Bu iddialara hələlik səfirin reaksiyası bəlli deyil. Ancaq fakt budur ki, Rusiyada azərbaycanlı diaspor və səfirliyin fəaliyyəti ilə bağlı ciddi şikayətlər və ittihamlar qalmaqdadır. Rusiyada yaşayan həmyerlilərimizdən biri redaksiyamıza Polad Bülbüloğlu-Abbas Abbasov əlaqələri, həmçinin diaspor daxilindəki vəziyyətlə bağlı məqalə göndərib. Onu xırda düzəlişlərlə təqdim edirik:

Azərbaycanın Rusiyadakı diasporu hazırda çətin bir zamandan keçir, daha dəqiq desək, dərin bir böhran yaşayır. Sirr deyil ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının böyük bir qismi amorf təşkilatlara çevrilib və ayrı-ayrı insanların şəxsi maraqlarına xidmət edir. Bu gün problemin mərkəzində isə Rusiya azərbaycanlılarının milli-mədəni muxtariyyəti “AzerRos” dayanır. Abbas Abbasovun oynadığı siyasi oyunlar səbəbindən son zamanlar “AzerRos”un ətrafında ciddi fəsadlar baş verib. Onun özü isə Rusiya azərbaycanlıları arasında əsas münaqişə mənbəyinə çevrilib, diaspor üzərində liderlik iddiaları diasporun böyük hissəsinin ondan üz döndərməsi ilə nəticələnib. Bəs o zaman Abbas Abbasov nəyə və ya kimə arxalanır?

Məsələ burasındadır ki, “AzerRos”dakı böhran bir gündə və bir problemlə bağlı əmələ gəlməyib. 2014-cü il ərzində azərbaycanlılar tərəfindən Rusiya hakimiyyət orqanlarına və Azərbaycanın Rusiyadakı səfirliyinə çoxsaylı şikayətlər ünvanlanıb. Bir çox azərbaycanlılar Azərbaycan vətəndaşı olan Abbas Abbasovun Rusiya ictimai təşkilatının işlərinə müdaxilə etməsindən, onların haqlarını pozmasından, şəxsi mənafeyi naminə özü tərəfindən idarə olunan adamlar vasitəsi ilə “AzerRos”dan istifadə etmə cəhdlərindən gileyləniblər. Bu cür çoxsaylı narazılıqların fonunda təşkilatın ilk rəhbəri Söyün Sadıqov dövriyyəyə girib.
Daha sonra qərara gəlinib ki, yeni qurultay keçirilsin. Abbas Abbasov və tərəfdarlarının müqavimətinə, maneçilik törətməsinə baxmayaraq, növbədənkənar qurultay baş tutub. Qurultayda Rusiyanın 40-dan çox regionundan Abbasova qarşı çıxış edən nümayəndələr iştirak ediblər. Bu məsələdə Azərbaycanın Rusiyadakı səfirliyinin yaranmış vəziyyətə münasibəti sual doğurur. Məsələ ondadır ki, səfirlik diaspor daxilindəki vəziyyətə, ümumiyyətlə, reaksiya verməyib. Qurultaydan öncə və sonrakı çıxışlarında Sadıqov dəfələrlə Polad Bülbüloğluna açıq şəkildə müraciət edərək, onu “AzerRos”da “baş verən özbaşınalığa son qoymaq üçün məsələyə müdaxilə etməsini, Abbasovun kirli oyunlarına və təşkilatın qeyri-qanuni işğalına qarşı çıxmış həmvətənlərimizi dəstəkləməyə” çağırıb. Lakin səfir bu məsələyə reaksiya verməyib. Bundan sonra Söyün Sadıqov P.Bülbüoğlunu A.Abbasovla birgə olmaqda ittiham edib.

Polad Bülbüloğlunun qəribə laqeydliyi belə düşüncələrin yaranmasına əsas verir ki, səfir ya öz köhnə dostunu dəstəkləyir, ya da hansısa səbəbdən ondan çəkinir. Ya könüllü olaraq Abbasovun təsiri altındadır, ya da Abbasov onu şantaj edir.
Bunu səfirin reaksiyalarından da hiss etmək olar. Məsələn, 2014-cü ilin 24 dekabrında “Ukrayna” mehmanxanasında Azərbaycan səfirliyinin və Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Bu ərəfədə “AzerRos” daxilində qarşıdurma, diaspor daxilində Abbasovun siyasəti ilə bağlı narazılıq artıq ictimailəşib. Lakin bütün bunlara baxmayaraq, tədbirin əsas qonaqları Abbasovun təyin etdiyi “AzerRos”un yeni prezidenti Asif Məhərrəmov, Abbasovun əlaltısı Nəsib Nəbioğlu, Abbasovun ideoloqu və sağ əli Natiq Ağamirov, onun sadiq tərəfdaşı Rafael Babayev və digərləri idi.

20 Yanvar – “Qara yanvar” Azərbaycan xalqının böyük faciəsi münasibəti ilə səfirlik binasında keçirilmiş anma mərasimində Səfir Polad Bülbüloğlu çıxış edib. Rusiya azərbaycanlıları adından isə səfirlə bərabər Abbasovun köməkçisi, daha sonra isə Abbasovun təşkilatında vitse-prezident vəzifəsinə təyin edilmiş Nəsib Nəbioğlu çıxış edib. Qeyd etmək lazımdır ki, tədbirdən 3 gün öncə, 17 yanvar tarixində A.Abbasovun təxribatları nəticəsində “AzerRosun” növbədənkənar qurultayına toplanmış 200-dən çox azərbaycanlı RF hüquq-mühafizə orqanlarının təzyiqlərinə məruz qalmışdılar. Bütün bunlara baxmayaraq, Abbasovun tərəfdarları 3 gündən sonra tədbirdə səfirliyin dəvəti ilə ön cərgələrdə yer almışdılar.
27 may tarixində Azərbaycan səfirliyinin və ÜAK-ın birgə təşəbbüsü ilə “Bakı” kinoteatrında təşkil edilmiş film nümayişində Abbas Abbasovun çoxsaylı tərəfdaşları səfirliyin verdiyi xüsusi dəvətnamələr əsasında iştirak ediblər. 28 may tarixində “Yevropeyskiy” ticarət-əyləncə mərkəzində Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilmiş təntənəli tədbirə Abbas Abbasovu tənqid edən, ona qarşı çıxış edən diaspor fəalları səfirin xüsusi göstərişi ilə zala buraxılmayıb. Rusiyanın azərbaycanlı ziyalıları, incəsənət xadimləri, yazıçılar, şairlər, rəssamlar, gənclər təşkilatlarının nümayəndələri, bir sözlə Abbas Abbasovun fəaliyyətinə qarşı çıxan hər kəs bu dövlət əhəmiyyətli tədbirə buraxılmayıb.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvləri ziyalıların nə üçün artıq səfirliyin tədbirlərinə dəvət olunmadıqları ilə maraqlandıqda səfirliyin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev bildirib ki, bu, səfirin xüsusi göstərişidir. Səfirliyin müşavir-elçisi Asəf Mehdiyev isə bildirib ki, artıq səfirin göstərişi ilə Azərbaycan diasporunun bir çox nümayəndəsinə qarşı qəti tədbirlər görülüb və sanksiyalar tətbiq edilib. Ancaq eyni zamanda tədbirin fəxri qonaqları qismində tədbirdə “AzerRos”un Ağsaqqallar şurasının üzvü və “Azərbaycan konqresi” qəzetinin redaktoru Rüstəm Arifcanov, Abbas Abbasovun əməkdaşı, onun sağ əli, diaspor üzrə “mütəxəssis” – Nəsib Nəbioğlu, “AzerRos”un Korolyov şəhəri üzrə nümayəndəsi Şamil Vəliyev, Tamilla Şıxməmmədova və Abbasovun himayəsində olan digər şəxslər iştirak ediblər.
Bundan əlavə, Podmoskovyadakı hörmətli diaspor nümayəndələrimizi nəinki tədbirlərə dəvət etmirlər, etnik ermənilərin belə sərbəst şəkildə nahar etdiyi Səfirliyin “Qonaq evinin” yeməkxanasından belə qovurlar.
Daha bir fakt. 29 may tarixində Azərbaycan səfirliyinin iştirakı ilə Dövlət Dumasında “Azərbaycan və Rusiyanın müasir zamanda iqtisadi, maliyyə, siyasi və sosial əlaqələndirmə aspektləri” mövzusunda dəyirmi masa keçirilib. Bu tədbirdə Azərbaycan diasporunu Azərbaycanlıların Moskva milli-mədəni muxtariyyəti Şurasının sədri, Abbas Abbasovun həmrəyi Ağadadaş Kərimov təmsil etmişdi. Bilməyənlərin nəzərinə çatdırmaq lazımdır ki, Ağadadaş Kərimov Ayaz Mütəllibovun yaxın dostudur. Vaxtilə o, Rusiyadakı müxalifət düşərgəsinə rəhbərlik edib və Mütəllibovla birlikdə Heydər Əliyevə qarşı çıxışlar edib.
Bu faktlarla tanış olduqda Bülbüloğlunun Abbasovla bir qayıqda yer aldığını və onları adi dostluqdan əlavə nəsə birləşdirdiyini söyləyən Söyün Sadıqovla istər-istəməz razılaşırsan.

Azərbaycanlıların vətəndaşlıq hüquqlarını, milli-mədəni və ictimai maraqlarını qorumaq məqsədilə yaradılan ÜAK həmin maraqları lazım gəldikdə niyə qorumadı? Bəlkə bu, ÜAK-ın aparat rəhbəri İlqar Hacıyevin Abbas Abbasovla birgə olduğuna görədir?
Natiq Ağamirov Abbas Abbasovun və İlqar Hacıyevin yaxın dostudur. Məhz o, Polad Bülbüloğlu və İlqar Hacıyevlə birgə Söyün Sadıqovu Abbasovla tanış edib, Abbasovun namizədliyini Rusiyanın Azərbaycan diasporu lideri vəzifəsinə təklif edib. Məhz Natiq Ağamirov səfir və Abbasovla birgə ÜAK-ın keçmiş icraçı direktoru Mikayıl Hüseynovu tutduğu vəzifədən azad etmiş və onun yerinə əlaltılarından olan İlqar Hacıyevi təyin ediblər. Həmçinin, Natiq Ağamirov vasitəsi ilə Abbas Abbasov mütəmadi səfir Eldar Həsənovla əlaqədədirlər.

26 fevral tarixində, Xocalı soyqırımının ildönümü günündə Rusiyanın ermənilər birliyi Moskva və ölkənin digər şəhərlərində keçirilən konsertlər zamanı səfirlik, ÜAK və Abbas Abbasov harada idilər? Həmin konsertlərdə səfir Polad Bülbüloğlunun yubileyində öncə Rusiya estradasının ulduzları, onun çoxsaylı dostları da çıxış ediblər. Birgə səylərlə ermənilərin Azərbaycana qarşı uydurma təbliğatına qarşı əks-təbliğat həyata keçirmək əvəzinə, özlərini ağsaqqal adlandıran azərbaycanlılar, Rusiyanın Azərbaycan diasporunun dağıdılması ilə məşğuldurlar. Abbasovun, onun yaxınları və tərəfdarlarının fəaliyyəti nəticəsində Rusiyada yaşayan azərbaycanlıların imici və adı batır.
Səfirliyin Azərbaycan vətəndaşlarına qarşı apardığı fəaliyyət, sözsüz, Abbas Abbasova da sərf edir. Səfirliyin binası qabağında azərbaycanlılarla kobud davranma faktları, hər cür arayış və sənədlərə görə tutulan, dövlət rüsumunu qat-qat aşan rüşvətxorluq, süni ləngimələr insanlarda Azərbaycanın rəsmi nümayəndəliyinə qarşı narazılıq yaradır. Bu da öz növbəsində Abbas Abbasova vətəndaşların tarixi vətəninə qarşı hissləri ilə oynamaq və öz sıralarını artırmaq imkanını verir. Belə təəssürat yaranır ki, Polad Bülbüloğlu və ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Abbas Abbasov tərəfindən ictimai təşkilatın qanunsuz saxlanmasına qarşı çıxış edən diasporumuzun çoxsaylı hörmətli nümayəndələrinə yönəldilmiş hərəkətləri ilə onları qarışıqlığa sövq edirlər.
Azərbaycanın rəsmi nümayəndəliyin və Rusiya azərbaycanlılarının ikinci böyük təşkilatının icra aparatı rəhbərliyinin bu cür mövqeyi “AzerRos”un qaytarılması üçün mübarizə aparan çoxsaylı diaspor nümayəndələrində çaşqınlıq hissləri yaradır. İnsanlar ictimai təşkilatı Rusiya Azərbaycan icmasının gələcəyi, Rusiyada böyüyən övladları və ailələrinə görə qaytarmaq üçün mübarizə aparırlar. Müasir reallıqları nəzərə alaraq, Rusiya azərbaycanlıları artıq başa düşürlər ki, onlara maraqlarını qoruyan, onları tarixi Vətənləri ilə əlaqələndirən və Rusiya cəmiyyətinə inteqrasiyaya kömək edən möhkəm və işlək diaspor lazımdır. Lakin bu gün ÜAK-ın icra aparatı və səfirlik bu cür diaspor yaratmaq üçün köməklik etməkdən uzaqdırlar.
Bu gün Azərbaycanın Rusiyadakı xarici siyasəti cənab Bülbüloğlu tərəfindən tam unudulub, bunun əvəzinə o, “AzerRos”u “cib” təşkilatına çevirən Abbas Abbasovun çirkin siyasi oyunlarına qarşı çıxış edən diasporun fəaliyyətinin dağıdılması ilə məşğuldur (musavat.com).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.