Fərhad Əliyev Rauf Arifoğluna 50 min veribmiş – Özünüifşa və kamikadzelik!

22-06-2015, 22:15           

Milli Şuranın sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında başlanan söz dueli artıq bütün etik-siyasi sərhədləri aşaraq, ciddi bir kompromat savaşına çevrilməkdədir. Maraqlıdır ki, bütövlükdə bu savaş müxalif düşərgənin aparıcı simalarını cəmiyyətin gözündən salmaqla yanaşı, həm də onların indiyədək ictimaiyyət arasında dolaşan “qaranlıq fəaliyyətləri" barədə faktlar əldə etmək baxımından da çox diqqətçəkicidir. Dünənədək canbir qəlbdə olan tərəflərin bir-birlərinə nifrət və qəzəbi o həddə çatıb ki, rəqibini susdurmaq üçün hətta özlərini belə qurban verdiklərinin fərqində deyillər. Necə deyərlər, artıq söz meydanında kamikadzelik nümayiş etdirilər...

“Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlunun Cəmil Həsənliyə cavab olaraq “Professorun pula tüpürməkliyi...” yazısı ilə başlatdığı belə intiharçı-hücumlardan birini bu gün qəzetin əməkdaşı Elbəyi Həsənli tamamlayıb. Tanınmış jurnalistin Cəmil Həsənlini vurmağa hədəflənmiş “Dələduz professor...” adlı yazısında əslində, bilərəkdən və ya bilməyərəkdən bu qəzetin özünü və baş redaktoru Rauf Arifoğlunu nəinki gələcək siyasi fəaliyyətində, hətta hüquq müstəvisində belə, ittiham etməyə yönəldilə biləcək ciddi bir fakt təqdim edilib.

Strateq.az Elbəyi Həsənlinin sözügedən yazısında etirafda bulunduğu həmin hissəni olduğu kimi təqdim edir:

”... İstintaq (mərhum jurnalist Elmar Hüseynovun qətlindən söhbət gedir-red.) 2006-cı ildə qəfildən həmin qətlin sifarişçisi kimi Fərhad Əliyevi önə verməyə cidd-cəhd göstərdi. Bu isə o demək idi ki, onsuz da dörd divar arasında olan eks-nazir medianın dəstəyini birdəfəlik itirəcək, üstəlik, xalqın nifrətini qazanacaqdı. Ona görə də bu yalan ittihamın ayaq tutub yeriməsinin qarşısını almaq üçün Fərhad Əliyevin ailəsi məhz onun türmədən verdiyi təlimatla səxavətlə mediaya, ictimai dəstəyə, xaricdən vəkillər tutmağa pul paylamağa başladı. Onsuz da F. Əliyevə dəstək verən çevrə üstünə də pul almağa başladı və çox da məmnun qaldı.

Xüsusi qərargah quruldu. Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsi yaradıldı və bu işin başına deputat Cəmil Həsənli gətirildi. Yüksək qonorarla, təbii ki.

Ölkədə tanınan ziyalılardan, qəzetlərdən, partiyalardan, hüquq müdafiəçilərindən Fərhad Əliyevə dəstək istəndi. Həm də qarşılığında yüksək məbləğdə ödənişlə. Yəni dəstəyi satın almağa başladı Əliyev qardaşlarının ailə üzvləri.

Bu müdhiş alveri isə indi özünü “təmiz adam” adlandıran, hər kəsə əxlaq dərsi verən deputat Cəmil Həsənli icra etməyə başladı. Və hər iki tərəfdən - həm redaksiyalardan, siyasi partiyalardan, hüquq müdafiəçilərindən, həm də Fərhad Əliyevin ailəsindən bu xidmətlərin müqabilində pul qoparırdı... Özü də bütün tərəfləri aldadaraq.

Bu barədə Rauf Arifoğlu özünün köşəsində işarələrlə yazıb. Köşədən belə anlaşılır ki, professor onun yanında kəndçi qaydasında, barmaqlarını tüpürcəyi ilə isladıb 50 min manatı sayıb və üstəlik, “paçka” basıb. Fərhad Əliyevin qardaşının redaksiyaya ödəmək üçün ona verdiyi 50 min manatı hər “paçka”dan 13 dənə 100-lük götürərək 50 min dollar məbləğində kiçildib. 65 ədəd yüzlüyü də elə baş redaktorun yanındaca, pencəyinin qoyun ciblərinə soxuşdurub.

Məndə olan məlumata görə, Cəmil Həsənli 50 min manatlıq məbləğlə “Azadlıq” qəzetinin redaksiyasında da olub. Digər qəzetlərə bir qədər az məbləğ gedib...”

İndi oxuyun, qırmızı rənglə seçdirdiyimiz bu cümlələrin altında yatan həqiqətlərə özünüz qiymət verin. Biz zamanında deyəndə ki, bunlar heç də hakimiyyətdə tənqid etdiklərindən pis yaşamırlar və onlardan da az pul hərisi deyillər, onlardan xalqın dərdinə yanan tapılmaz, bizi "şər söyləməkdə", "əsil müxalifəti gözdən salmaqda" qınayırdılar... Demək ki, Fərhad Əliyevin "müdafiəsi" kampaniyasının uğurlu aparılmasının sirri bu "paçkalardaymış"... Belə getsə, bir azdan Əli İnsanovun da "müdafiə kampaniyasından" danışılacaq...

Görəsən, “Yeni Müsavat”ın bu kamikadzeliyi nəyə, kimə lazım idi? Doğrudanmı, Cəmil Həsənli ilə savaş hətta siyasi intihara əl atılacaq qədər müqəddəs davadır?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.