Ermənistandan Gürcüstana, oradan da Azərbaycana gilas, ərik deyil, kartof, iri və xırda buynuzlu heyvanlar gətirilir
24-06-2015, 11:28
Azərbaycanda kənd təsərrüfatına dövlətin kifayət qədər dəstək verməsinə, büdcədən vəsait ayrılmasına baxmayaraq məhsul istehsalı sistemli qaydada, tələbata uyğun aparılmır”.
Bu haqda Modern.az saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. Onun fikrincə, bu sahədə irəliləyişə nail olmaq üçün yeni mexanizm tətbiq edilməlidir: “Hansı sahədə fermerlər zərərə məruz qalır, yaxşı gəlir əldə edə bilmirsə, müəyyən mexanizm tətbiq etməklə həmin sahəni gəlirli etmək olar. Biz uzun müddətdir meyvə-tərəvəzlə bağlı belə faktlarla üzləşirik.
Qonşu ölkələrdə mövsümi meyvə-tərəvəzin qiymətində enmə müşahidə edilir, bizdə isə əksinə bahalaşır. Bu il müəyyən müddətdə yağışların intensiv olması, havanın qeyri-müəyyən keçməsi, bəzi regionlarda göbələk xəstəliklərinin geniş yayılmasına səbəb oldu ki, bu da ərik, gilasın məhsuldarlığına mənfi təsirini göstərdi.
Bir neçə gün əvvəl Ermənistan məhsulu olan 8130 ton əriyin ölkəmizə idxal edilmək istənilməsi Azərbaycan bazarının cəlbedici olduğunun sübutudur. Bizim bazarda qiymətlər o qədər yüksəkdir ki, Türkiyə, İran, Gürcüstan, hətta Ermənistan sahibkarları belə öz mal-məhsulunu burda satmağa üstünlük verir”. Yerli istehsal bu qədərmi zəifdir ki, hətta Ermənistan əriyini də burda satmaq istəyiblər?
Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda bu məhsulların istehsalı üçün münbit iqlim, torpaq şəraiti var: “Buna baxmayaraq, bizim fermerlər məhsul istehsalında çətinliklərlə üzləşirlər.
Bunun bir sıra səbəbləri var. İlk növbədə stimullaşdırıcı tədbirlər həyata keçirmək, problemləri aradan qaldırmaq üçün ciddi aqrar siyasət aparmaq lazımdır. Ölkəmizdə bu işlə məşğul olan qurum yoxdur. Xatırlatmaq istəyirəm ki, bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədov yerlərdə sahibkarlarla görüşdə fermerlər istehsal etdikləri hazır məhsulu bazara çıxarmaqda çətinliklərlə qarşılaşdıqlarını bildiriblər, onun kəndlilərə cavabı isə belə olub:
“A kişilər, mən pomidor satanam?” Təəssüflər olsun ki, bu cür vacib problemlərin həlli ilə bağlı edilən müraciətlərə nazir, özünün dediyi kimi “səlahiyyətinə aid olmayan müraciətlər” kimi baxır.
Mütəxəssis bazarda “oynayan” qiymətlər məsələsinə də toxunub: “Azərbaycan bazarlarını qonşu, həmçinin Avropa ölkələrinin bazarları ilə müqayisə edərkən məhsulların kifayət qədər baha olduğunu görürük. Aprel aynda Avropa İttifaqının Riqada təşkil etdiyi tədbirdə iştirak etdim. Boş vaxtımda Riqa bazarlarına baş çəkdim. Riqa bazarında 30 qəpiyə satılan kartof həmin vaxt Azərbaycan bazarında istehlakçılara 1 manata təklif olunurdu. İndi həmin kartof Riqada 15 qəpiyə təklif olunur.
Bizdə Bakı bazarlarında 15 qəpiyə keyfiyyətli kartof təklif edən sahibkar varmı? İndi müvəqqəti olaraq kartofun qiymətində cüzi enmə var, amma sonra yenə də qalxacaq. Bu o deməkdir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsalı ölkənin tələbatını ödəyəcək qədər deyil.
Ümumiyyətlə, bizdə istehsal dayanaqlı deyil. Kartofun ucuzlaşması bu etapda təklifin artması ilə bağlıdır. Bu ona görə baş verdi ki, bu il faraş kartof gecikdi, indi həm də açıq şəraitdə yetişdirilən kartof çıxarılır. Əslində indiki mövsümdə kartofun qiyməti 20 qəpikdən yüksək olmamalıdır.
Qiymətin yüksək olmasının səbəbi isə odur ki, kartof istehsalı ilə məşğul olan fermerlər özləri məhsullarını bazarlara çıxara bilmirlər. Məcbur qalan fermerlər məhsullarını tədarüklə məşğul olan şirkətə təhvil verirlər. Topdan satışla məşğul olan şirkət də məhsulu pərakəndə satışla məşğul olan sahibkarlara baha qiymətə təklif edir, nəticədə həmin məhsul alıcılara istehsalçı qiymətindən 2-3 dəfə baha satılır”.
Vahid Məhərrəmov qeyd edib ki, problem məhsulun istehsallı, tədarükü, satışı ilə bağlıdır: “Fermerin istehsal, daşınma, tədarük, satışla bağlı qarşısına çıxan problemlər qanunla həll olunmalıdır. Qanun imkan verməməlidir ki, fermerin istehsal etdiyi məhsul inhisarçının əlinə keçsin. Hazırda qanunda kifayət qədər boşluqlar var. Digər tərəfdən, bu sahə ilə məşğul olanlar qeyri-peşəkar olduqları üçün nə etdiklərini bilmirlər.
Qanun daha çox bu sahə ilə məşğul olan sahibkarları qorumalıdır. Arada olan vasitəçilər çox asanlıqla gəlir əldə edir, bazar alış-verişində isə istehsalçı ilə istehlakçı əziyyət çəkir. Bu da aqrar-siyasətin müasir tələblərinə cavab verməməsindən irəli gəlir”.
Ekspert hesab edir ki, Azərbaycanda bu sahə inhisarçılığa alınıb: “Əgər bizdə bazar iqtisadiyyatıdırsa, bu sahənin inhisara alınmasına imkan verilməməlidir. Əgər ölkədə topdan satış bazarı inhisardadırsa bazarda heç vaxt qiymətlər bazar qanunlarına uyğun olaraq formalaşmayacaq, inhisarçının diktəsi ilə idarə olunacaq.
Hazırda bazarda olan ərik, gilas həm yerli istehsalçılar tərəfindən istehsal edilir, həm də idxal edilir. Nəzərinizə çatdırım ki, bəzi məhsullar bir çox hallarda Ermənistandan Gürcüstana, oradan da Azərbaycana gətirilir. Bu yalnız gilas və ərik deyil, kartof, iri və xırda buynuzlu heyvanlar üçün də belədir”.