AŞ PA-nın vitse-prezidenti azərbaycanlıları inqilaba çağırdı : “...devirin!”
25-06-2015, 14:44
Ukrayna hakimiyyətinin Azərbaycana qarşı son vaxtlar müşahidə edilən qeyri-dost addımlarına biri də əlavə olunub.
Azərbaycanın bu ölkəyə ən çətin məqamlarda əlindən gələn köməyi əsirgəməməsinə baxmayaraq Ukraynada “şokolad kralı” Pyotr Poroşenkonun komandası nəyə görəsə Bakıya qarşı qeyri-adekvat davranır.
Virtualaz.org saytı xəbər verir ki, Ermənistanda davam etməkdə olan “elektromaydan” hərəkatı Ukrayna hakimiyyəti təmsilçilərinə Azərbaycana qarşı qeyri-dsot davranışı üçün növbəti bəhanə verib.
“Pyotr Poroşenko Bloku”undan olan deputat, Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri və assambleyanın vitse-prezidenti Vladimir Aryev Ermənistandakı etiraz aksiyalarına münasibət bildirərkən azərbaycanlıları da “öz avtoritar hakimiyyətlərini devirməyə” çağırıb.
İrəvanda baş verənləri özünün facebook səhifəsində şərh edən Aryev bildirib ki, elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq başlayan aksiyalar Ermənistandakı indiki rejimin devrilməsi ilə nəticələnə bilər.
“İrəvanda Rusiyaya məxsus elektrik enerjisi operatoru tərəfindən tariflərin artırılmasına etiraz olaraq nümayişlər genişlənir. Bu tariflər onsuz da Ukraynadakı tariflərdən dörd dəfə yüksək idi. AŞ PA-dakı erməni nümayəndə heyəti isə sevinir ki, qətnamədə Azərbaycanın xeyrinə olan düzəliş keçməyib. Onların dövlətlərinin alışıb yandığına dair iradlara isə Maydandan “regionallar” (Regionlar Partiyası) kimi əllərini yelləyirlər. Nə onlar, nə də azərbaycanlılar başa düşmək istəmir ki, ruslar onların beynini Qarabağla zəhərləyir, bu yolla hər ikisini nəzarətdə saxlayır və inkişaf etməyə qoymur. Gürcülər müdrik davrandılar. Bunlar isə hər iki ölkənin avtoritar rəhbərlərini gec-tez devirənə qədər bu cür bir-birləri ilə dalaşacaqlar”- deyə Aryev öz facebook səhifəsində yazıb.
Göründüyü kimi, Ukraynanın indiki hakimiyyətində dövlətçilik təfəkkürü olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda qısa müddət hakimiyyətdə olmuş komandanın üzvlərini xatırladan məsuliyyətsiz adamlar təmsil olunur. Onlar nə Ukraynanın Azərbaycanla strateji əhəmiyyət daşıyan tərəfdaşlıq münasibətlərini, nə diplomatik etikanı, nə də iki ölkə arasında dostluğa zərbə vurduqlarını nəzərə almırlar.
İndi rəsmi Bakının Aryevin facebook qeydlərinə necə cavab verəcəyini gözləmək lazımdır.