Prezident seçkiləri 2018, yoxsa 2020-də keçiriləcək?

21-06-2017, 09:45           
Prezident seçkiləri 2018, yoxsa 2020-də keçiriləcək?
Ekspertlər birmənalı fikir söyləmirlər


Azərbaycanda növbəti prezident seçkisinin tarixi ilə bağlı müxtəlif fikirlər bildirilir. Bəzi siyasətçilər hesab edirlər ki, seçki 2018-ci ildən tez keçiriləcək. Məsələn, VİP sədri Əli Əliyevin fikrincə, 2017-ci il bitənə qədər seçki keçiriləcək. Seçkinin 2020-ci ildə keçiriləcəyini söyləyənlər də var. Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Azərbaycan Konstitusiyasına sentyabr dəyişikliyində prezidentliyin 7 illiyi ilə bağlı məsələ qüvvəyə minib.


2013-cü il prezident seçkisində iştirak etmiş deputat Fərəc Quliyev “Yeni Müsavat”a bildirib ki, seçkinin vaxtının dəyişilməsi üçün heç bir əsas yoxdur: “Eyni zamanda belə bir müzakirə də olmayıb. Dəyişiklik olarsa, bu barədə hər hansı bir fikir söyləmək olar. Məndə dəyişikliklə bağlı heç bir məlumat yoxdur. Hesab edirəm ki, prezident seçkiləri vaxtında olacaq. Namizədliyimi bu il verib-verməməyimə gəlincə isə bunu da həmin ərəfədə müəyyənləşdirəcəm. İndidən bu barədə də fikir bildirmək doğru olmaz”.


Ölkədəki mövcud siyasi durumu şərh edən politoloq Mübariz Əhmədoğlu da “Yeni Müsavat”a bildirib ki, seçkinin 2020-ci ildə olması mümkün deyil:


“Konstitusiyaya edilən dəyişikliklərlə bağlı müəyyən fikirlər səsləndirildi. Ancaq sonradan ölkə prezidenti bu fikirlərə aydın şəkildə münasibət bildirdi ki, növbəti seçkinin vaxtı dəyişməyəcək. Yəni 2018-ci ilin ənənəvi oktyabr ayında biz, Azərbaycandakı prezident seçkisinin nəticəsindən danışacağıq. Seçki ərəfəsində daxili ab-havaya gəlincə isə deyim ki, geniş əhali içərisində hakimiyyətin apardığı siyasətin əleyhinə çıxan heç bir qrup yoxdur. Müəyyən narazılar var ki, bu da normaldır. Ümumilikdə, dövlət başçısının, hakimiyyətin apardığı xarici siyasətə də təkcə yerli yox, hətta xarici ekspertlər, opponentlər fikir bildirə bilmirlər”.


Politoloq bildirib ki, ötən prezident seçkilərində Bakının ətrafından müxalifətdən namizəd olan şəxslərə verilən rəqəmlər kifayət qədər ciddi olub: “Düşünürəm ki, həmin qüvvələr indi də çalışacaq ki, Azərbaycanın prezident seçkiləri kampaniyasında bu və ya digər dərəcədə iştirak etsinlər. Dini müxalifətin özünün də namizədi olmasa, yəqin ki, ötən dəfə olduğu kimi kimisə dəstəkləyəcəklər. Ənənəvi müxalifətimizə gəlincə isə deyərdim ki, hazırda onlar o qədər zəifdirlər ki, hətta özlərinin vəziyyətini təhlil etmək iqtidarında deyillər. Bizim bəzi gənclərə baxıram ki, onlar Amerika səfirinə mübarizə, boykot elan edirlər. Əslində bu çox ciddi həyəcan təbilidir. Deməli, Amerika səfirliyi, yaxud da Qərb ölkələrinin səfirlikləri Azərbaycanda müxalifəti artıq ciddi qəbul etmirlər. Ona görə ciddi qəbul etmirlər ki, ortada müxalifətin heç bir işi yoxdur. İstənilən xarici ölkənin səfiri hansısa yerə pul xərcləyirsə, o mərkəzə hesabat verir ki, vəsaiti filan adama xərclədim və nəticəsi də bu oldu. Demək ki, müxalifətin fəaliyyətinin heç bir nəticəsi olmadığı üçün Qərb də onlardan qaçır. Hazırda ən yaxşı addım müxalifətin özünün özünü təhlil etməsi olar. Özləri üçün müəyyənləşdirsinlər ki, haradadırlar, hansı tarixdədirlər və sairə. Bəlkə də onların daha ciddi addım atmasına ehtiyac var. Onu da deyim ki, hər kəs elə başa düşür ki, Azərbaycanda müxalifət və liderləri də var. Düşünürlər ki, yəqin onlar nə isə fikirləşirlər. Ancaq mən nə isə düşündüklərini görmürəm. Azərbaycan kimi dövlətlər üçün dünyəvi müxalifət çox vacibdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.