Uşağını öldürən analar: - onlar hansı xəstəlikdən əziyyət çəkir?

21-06-2017, 20:14           
Uşağını öldürən analar: - onlar hansı xəstəlikdən əziyyət çəkir?
Ailem.az Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayevin doğum sonrası psixoz haqda məqaləsini təqdim edir.

Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır - doğum sonrası psixoz.

Doğum sonrası psixoz – psixi pozuntu olub, nadir rastlanan xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, narahatlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxarır. Doğum sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə - ana və uşağın ölümünə gətirib çıxara bilər.

Səbəbləri:

1. Hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması;
2. Doğuşdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə;
3. Narkotik maddələrdən istifadə;
4. Doğumla bağlı stress.

Doğum sonrası psixozun əsas simptomları:

Maniakal əlamət: Oyanıqlığın artması, sayrışan və ya yüksək qiymətli fikirlərlə xarakteriza olunur;

1. Hallüsinasiya: ən çox eşitmə hallüsinasiyasına rast gəlinir;
2. Şəxsiyyət dəyişikliyi və anormal təfəkkür;
3. Özünü qiymətləndirmənin adekvat olmaması;
4. İştahanın pozulması;
5. Ölüm fikri – bu prosesin ağırlığını göstərir.

Görülən tədbirlər:

Əgər qadında doğum sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməli, psixoterapiya keçməlidir. Belə hallarda antipsixotik dərman maddələri - neyroleptik və antidepressant dərman maddələri verilməlidir.

Anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.