Dekan müavini tələbəyə görə jurnalı dəyişdiyini etiraf etdi – məhkəmə
21-06-2017, 21:16
Bakı Dövlət Universitetinin “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin şikayəti əsasında fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, dekan müavini tələbənin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Xüsusi ittihamçı hətta məhkəmənin gedişində tələbə barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqda vəsatət də qaldırmışdı. Səbəb isə adı çəkilən tələbənin dekan müavini, fakültədəki rüşvət halları haqda mətbuata verdiyi müsahibələrdir.
Dekan müavininin tələbəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.
Növbəti məhkəmədə fakültədə tyutor vəzifəsində işləyən Aynur Məmmədova ifadə verib.
Aynur Məmmədova təqsirləndirilən tələbənin vəsatəti əsasında dindirilib.
Tələbə Zəka Mirağayev ötən məhkəmədə bildirmişdi ki, dərsə gəlməyən və bu səbəbdən imtahanda iştirak hüququnu itirən bir tələbəni imtahana buraxmaq üçün dekan müavini bütövlükdə jurnalı dəyişdirib.
Aynur Məmmədova məhkəmədə tələbənin dediklərini təsdiqləyib.
Məhkəmədə məlum olub ki, jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib.
Fakültədəki rüşvət hallarının araşdırılmasını istəyən tələbələrin adından BDU-nun rektoruna ünvanlanmış ərizədən sonra araşdırma aparan komissiya da jurnalın dəyişdirildiyi haqda rəy verib.
Şahid Aynur Məmmədova məhkəmədə bu məsələnin üstünün necə açıldığını da danışıb.
O deyib ki, “Din sosiologiyası” fənnindən “qayıb”larına görə Lalə Hacıyeva imtahanda iştirak edə bilməyəcəyi üçün dekan müavini buna görə jurnalı dəyişmək göstərişi verib: “Yeni jurnala köçürəndə fənn müəllimi Faiq Əhmədzadə əlaçı tələbələrdən Gülnar Cəfərlinin adını bir səhifədə yazmamışdı. Mən yoxlayanda bunu gördüm, Faiq müəllimə zəng elədim. Dedi ki, saat yarıma gələcək. Mən isə tələsirdim, jurnalı təhvil verməliydim, ona görə də Faiq müəllimlə danışıb həmin tələbənin adını jurnala əlavə elədim. Komissiya yoxlama zamanı bunu da qeydə aldı. Buna göstəriş verən dekan müavini bir tərəfdə qaldı, heç bir günahım olmadığı halda, mənə şiddətli töhmət verildi”.
Şahid onu da deyib ki, jurnal yalnız rektorluğun icazəsi ilə dəyişdirilə biləcərdi.
Aynur Məmmədova bu dəyişikliyə səbəb olan tələbə Lalə Hacıyeva ilə aralarındakı söhbəti də hakimin nəzərinə çatdırıb: “Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını görməmişəm. Alanda çağırıb demirlər ki, gəl, mən rüşvət alıram. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.
Aynur Məmmədova onu da deyib ki, bu 500 manat söhbətini rektorun qərarı əsasında araşdırma aparan komissiyaya izahatında da yazıb. Amma komissiyanın araşdırmasından razı qalmayıb. Ona görə də fakültədə baş verənlər haqda birinci vitse-prezident Mehriban Əliyevaya və Təhsil Nazirliyinə məktublar yazıb.
Aynur Məmmədova BDU-nun rektoru Abel Məhərrəmovun qəbulunda olduğunu və olanları ona danışdığını söylədi: “Rektor məni qəbul eləyib dinləyəndən sonra dedi ki, sənə verilmiş şiddətli töhmət götürüləcək”.
Məhkəmədə hakimin bu məsələ ilə bağlı sualını cavablayan dekan müavini bildirib ki, jurnal rektorluğun xəbəri olmadan dəyişdirilib.
O deyib ki, məqsəd də rüşvət almaq yox, tələbəyə kömək eləmək olub: “Fakültədə artıq jurnalımız vardı, dəyişdik. O tələbə yeni ailə qurmuşdu, səhhətində problemlər vardı. Ona görə də humanizm prinsipini əsas tutub, bunu eləmişik”.
Müəllim Faiq Əhmədzadə də məhkəmədə dindirilib. Deyib ki, Lalə Hacıyeva dərsə gəlmirdi. Amma bir dəfə dərsə gecikmişdi, həmin gün jurnalda ona artıq “qayıb” yazılmışdı. Bununla da həmin tələbə dərsdə iştirak etməməklə bağlı limiti aşdığına görə imtahanda iştirak hüququnu itirmişdi: “Nigar xanım humanistlik eləyib təklif etdi ki, məsələnin həlli üçün jurnal dəyişdirilsin. Mən də elədim”.
Prosesdə müəllimlərin rektora yazdığı ərizə də nümayiş etdirilib.
Məktubda qeyd edilir ki, 17 müəllim komissiyanın araşdırmasının obyektiv, hərtərfli olmamasından narazı qalaraq rektora ərizə yazıb imzalayıblar. Amma sonra o ərizəni göndərməyiblər.
Məhkəmə iyunun 29-da davam edəcək.
Qeyd edək ki, tələbəni məhkəməyə verən və adı rüşvət qalmaqalında hallanan dekan müavini Nigar İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.