Niyə xalqlar ağlayan prezidenti sevir?

22-06-2017, 09:41           
Niyə xalqlar ağlayan prezidenti sevir?
Qabil Hüseynli: “Siyasətçilər ağlamamalıdır”; Azad İsazadə: “Güclü siyasətçi xalqa təsir etmək üçün emosiyalarından düzgün istifadə etməyi bacarmalıdır”

Uzun illər dünya ictimaiyyəti siyasətçiləri öz emosiyalarına, duyğularına qalib gələn şəxslər kimi tanıyırdı. Lakin son zamanlar ağlayan, emosional davranan prezidentləri, siyasətçiləri tez-tez görürük.


Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə təşkil edilən iftar süfrəsində ağladı. Prezidentin ağlamasına səbəb isə Ədalət və İnkişaf Partiyasının gəncləri tərəfindən hazırlanan video olub. Ötən ay da Ərdoğan adıçəkilən partiyanın növbədənkənar keçirilən qurultayında göz yaşlarına hakim ola bilməmişdi. Prezident qurultayın keçirildiyi məkana daxil olarkən AKP üzvləri onu böyük coşğu ilə qarşılamışdı və o, bu anlardan təsirlənmişdi. Ərdoğanın ağlaması artıq ictimaiyyət üçün qeyri-adi qarşılanmır. Çünki Türkiyə xalqı Ərdoğanı hələ baş nazir olduğu zamanlarda da tez-tez ağlayan görüb. O, bir neçə il bundan əvvəl şeir söyləyərkən, ya da Əhməd Kayanın mahnılarına qulaq asarkən göz yaşı tökdüyünü etiraf edib.

Hətta baş nazir çalışdığı zamanlarda bir dəfə ATV telekanalında canlı yayınlanan “Başbakan ile Özel” adlı proqrama qatılan Ərdoğan öz səsi ilə verilən bir şeirin səsləndirildiyi dəqiqələrdə göz yaşlarını saxlaya bilməyib. Ərdoğanı ağladan isə şair Ərdəm Bəyazitin “Sana bana vatanıma ve ülkemin insanlarına dair” şeirinə çəkilmiş klip olub. Klipdə baş nazirin səsindən verilən “Kadınlar bilirim ülkeme ait, Yürekleri Akdeniz gibi geniş, soluğu Afrika gibi sıcak, Göğüsleri Çukurova gibi münbit, Dağ gibi otururlar evlerinde, Limanlar gemileri nasıl beklerse, Öyle beklerler erkeklerini...” misraları onun özünü belə ağladıb. Hisslərini gizlədə bilməyən Ərdoğan göz yaşlarını salfetlə silib. Proqramın sonunda isə o, çox sevdiyi “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuyub.



Eləcə də Amerikanın sabiq prezidenti Barak Obama tez-tez xalqın qarşısında ağlayan liderlərdən biri olub. O, bir dəfə Arizonada anma nitqində göz yaşı töküb. Bu olay uzun müddət yaddaşlardan silinmədi. Xalqını birliyə çağıran prezident bu sözləri doluxsunaraq dediyi üçün xalq arasında bir xeyli reytinq qazanmışdı.



Corc Buş və Bill Klinton da ağlayan prezidentlər siyahısındadır. Bill Klintonun ağlaması arvadına xəyanət etməsi ilə bağlı olub. Prezident publika qarşısında öz xəyanətini etiraf edərkən göz yaşlarını saxlaya bilməyib ağlamışdı. Məhz o andan sonra amerikanların ona qarşı simpatiyası daha da artmışdı.



Rusiya prezidenti Vladimir Putinin də göz yaşlarını dünya görüb. Belə ki, Putin son prezident seçkisindən sonra Manej Meydanında tərəfdarlarının keçirdiyi mitinqə qələbə və sevinc göz yaşları ilə qoşulub.



Eləcə də Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç də “Ukraynanı sevin” şeiri səslənərkən göz yaşlarını saxlaya bilməmişdi.
Maraqlıdır, bəs siyasətdə ağlamağın sirri nədir? Niyə xalqlar daha çox ağlayan prezidenti sevir? Prezidentlər daha çox reytinq xətrinə, ya səmimi olduqlarından göz yaşı axıdır?


Politoloq Qabil Hüseynli mövzuya bu cür şərh bildirdi: “Belə bir söz var, ”kişilər ağlamaz, ağlayanda da ağladar bütün cahanı". Mən bunu siyasətçilərə də şamil etmək istərdim. Yəni siyasətçilər ağlamamalıdır. Ağlamaq əslində qarşısındakı kütləni ehtirasa gətirmək, onu kövrəltmək və onun səviyyəsinə enərək, onun dilində məhrəm və naməhrəm hisslərinə giriş etmək cəhdidir. Söhbət normal kişiliyə malik siyasətçilərdən gedir. Çünki xəstə, kövrək, emosional, hisslərini cilovlaya bilməyən insanlar da var. Bəzən baxırsan ki, onlar toplum, kütlə içərisində baş verən hər hansı bir ürəkağrıdıcı hadisəyə səmimi surətdə adekvat reaksiya verir, hisslərini cilovlaya bilmir, göz yaşı axıdır. Fikrimcə, siyasətçi əgər normal görüşdə danışıb, nitq söyləyirsə, daha sonra kövrəldici bir şeir deyib insanların emosiyasını dalğalandırır, həmin emosiya anında özü də kövrəlir və ağlayırsa, bu hiyləgərlik əlaməti, kütləni öz itaətində saxlamaq, kütləyə öz emosiyalarını yeritməyə çalışmaq və bir növ kütləni istədiyi istiqamətə yönəltmək arzusundan irəli gəlir. Bu nöqteyi-nəzərdən siyasətçilərin müəyyən kateqoriyaları var".


Politoloqun sözlərinə görə, siyasətçilər əgər kütlə ilə səmimi davranırlarsa, söylədikləri həqiqətən də qəlbdən gəlirsə, ağlamaqla deyil, daha güclü arqumentlər, fikirlər, fikir yükü olan sözlərlə qarşısındakı insan və yaxud insanları ehtirasa gətirməyi bacarmalıdır: “Bu zaman onun ”mən"i bu ikili təmas prosesində şəffaf görünməlidir. Yəni aşağıdakı toplumla qarşısında çıxış edən siyasətinin nə dərəcədə səmimi olmasını başa düşməlidir. Əgər siyasətçi tez-tez ağlayırsa, bir növ buna adətkar olur və əsasən də bunu reytinq üçün edir. Onlar həm də xitab etdikləri kütləni yaxşı tanıyırlar, yəni kütləni nə ilə ovundurmağı, nə ilə ehtirasa gətirməyi yaxşı bilirlər. Bu manipulyasiyadan istifadə edərək insanları öz toruna salırlar".


Psixoloq Azad İsazadə də qeyd etdi ki, güclü siyasətçi, lider xalqa təsir etmək üçün emosiyalarından düzgün istifadə etməyi bacarmalıdır: “Bu, hardasa polittexnologiya, siyasi-psixologiyaya aid bir məsələdir. Ağlamağı biz göz yaşı kimi adlandıraq. Göz yaşı harda, nə vaxt, hansı səbəbdən və vəziyyətdən asılı olaraq baş verir. Göz yaşını bir emosiya kimi qəbul ediriksə, deməli, bir insanın emosional halına şərikiksə, o emosiya bizim üçün yaxındır. Yox, əgər emosiyaya biz şərik deyiliksə, biz həmin göz yaşlarını zəiflik, yersiz bir hərəkət kimi dəyərləndirə bilərik. Hansısa vəziyyətdə ağlamaq, əsəbiləşmək, emosiya göstərmək müsbət rol oynaya bilər. Bu məsələ ilə bağlı bir çox ölkələrin prezidentlərini nümunə kimi göstərə bilərik. Onların ağlamağını insanlar zəiflik kimi deyil, güclü olmaq, öz emosiyalarını göstərməkdə utanmamaq kimi qəbul edirlər. Lakin hansısa emosiyalar mənfi təsir də göstərə bilir. Məsələn, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi dövründə sabiq prezident Mixail Saarkaşvilinin qalstukunu çeynəməsi lətifəyə dönmüşdü. Və bunun üzərində zarafatlar edildi. Yəni hər bir emosiyanın, gülüşün və ya ağlamağın müsbət və mənfi təsiri ola bilir”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.