"...jurnalistika, yaradıcılıq sahəsindən uzaqdır" - Hikmət Babaoğlu işçisinin iddiaları barədə

22-07-2017, 12:30           
"...jurnalistika, yaradıcılıq sahəsindən uzaqdır" - Hikmət Babaoğlu işçisinin iddiaları barədə
Bu günlərdə Azərbaycan milli mətbuatının tarixində mühüm hadisə baş verdi - 255 həmkarımız Azərbaycan mətbuatının böyük hamisi və böyük dostu Prezident İlham Əliyev Sərəncamına əsasən inşa edilmiş binada ev almaq xoşbəxtliyinə nail oldu. Bu hadisə Azərbaycan mediasının inkişafı üçün yeni keyfiyyət dəyişikliyi yaradır, eyni zamanda media mənsublarımızın mənzil-məişət problemlərinin həlli istiqamətində atılan növbəti böyük addımdır.

Heç şübhəsiz ki, ən layiqli namizədlərin müəyyənləşdirilməsi üçün obyektiv meyarlar təyin edilmişdi və tələblərə uyğun gələn siyahı tərtib olunmuşdu. Nəticədə xeyli sayda həmkarlarımız rahat, işıqlı mənzillərə qovuşdular.

Ancaq təəssüf ki, obyektiv və əsaslı meyarlara uyğun olmayan bəzi həmkarlarımız bu məsələ ilə manipulyasiya etməyə başlayıblar. Onlar bu böyük hadisənin əhəmiyyətinə kölgə salmağa, öz maraqları ödənilmədiyi üçün ev almağa layiq olan, xidməti və haqqı çatan həmkarlarını da gözdən salmağa çalışırlar.

Onlardan biri - "Yeni Azərbaycan" qəzetinin əməkdaşı, 2009-cu ildən qəzetimizdə kommersiya direktoru vəzifəsində çalışan reklam meneceri Səlim Balayev də sosial şəbəkələrdə qeyri-ciddi tələblər irəli sürür, təhdid və şantaj yolu ilə öz məqsədinə nail olmağa cəhd göstərir.

Vəzifəsindən göründüyü kimi Səlim Balayev «Yeni Azərbaycan» qəzetinin kommersiya direktorudur və uzun illərdir ki qəzetdə yerləşdirilən bütün reklamlardan müvafiq faiz alaraq ən çox gəlir götürən əməkdaşlardan biridir. Yaradılmış şərait onun yaxşı maddi və sosial təminatı üçün tam yetərli hesab oluna bilər. Qeyd edim ki, Səlim Balayev də digər əməkdaşlar kimi ev almaq üçün həm redaksiyaya, həm KİVDF-yə müraciət etmişdi. Ancaq bizə məlumdur ki, o, uzun müddətdir Bakı şəhərində ona məxsus olan mənzildə yaşayır. Müvafiq siyahıya düşmək məqsədilə bir müddət öncə özünə məxsus evi özgəninkiləşdirib və özünü mülkiyyəti olmayan şəxs kimi təqdim etməyə çalışıb. Redaksiyada bu yolun düzgün olmadığı və belə metodlarla ev ala bilməyəcəyi ona izah olunub. Həm də qeyd edilib ki, onun fəaliyyəti jurnalistika, yaradıcılıq sahəsindən uzaqdır və komissiya tərəfindən müəyyən edilmiş meyarlara cavab vermir.

Nəticə etibarilə Səlim Balayevin namizədliyi meyarlara uyğun gəlmədiyi üçün onun adı ev alacaq jurnalistlərin siyahısına daxil edilməyib.

Hazırda prosesin nəticəsi ilə razı olmayan, olmayan haqqının pozulduğunu düşünən S. Balayev sosial şəbəkələrdə narahatlığa səbəb olacaq iddialar irəli sürməyə başlayıb.
Məlumat üçün bildiririk ki, iyulun 20-də istfadəyə verilən Jurnalistələrin binasından qəzetimizin üç əməkdaşına - 1996-cı ildən «Yeni Azərbaycan» qəzetində çalışan Arif Əsədova, 1999-cu ildən mətbuat sahəsində işləyən və 2007-ci ildən qəzetimizdə çalışan Pərviz İsmayılova və 2002-ci ildən qəzetimizdə çalışan Aqşin Hümmətova ev verilib. Hər üç şəxs ev almaq üçün mövcud meyarlara cavab verir.

Əlbəttə ki, hər bir jurnalistin ev alması çox yaxşı olar və Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən media siyasəti, jurnalistlər üçün yaşayış binalarının tikiməsi də bu məqsədə xidmət edir. Düşünürük ki, bu siyasət önümüzdəki illərdə hələ bir çox həmkarımızın mənzil şəraitinin yaxşılaşdırılmasına səbəb olacaqdır.

Arzu edirik ki, həmkarlarımız bu reallığı düzgün qiymətləndirsinlər və növbəti illərdə mənzillə təmin olunmaq üçün hüquqi və obyektiv zəmin formalaşdırsınlar ki, onlar da dövlətimizin diqqət və qayğısından yararlana bilsinlər.

Hikmət Babaoğlu,
Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.