Heydər Camalın vəfatının və dəfninin müəmmaları – Həmid Herisçinin yazısı
23-07-2017, 13:45
Böyük filosof, teleekspert, “Rusiya İslam Komitəsi”nin sədri Heydər Camal, yadıma gəlir, bir dəfə özü barəsində çox sərrast, zərgər dəqiqliyi ilə ölçülən bir şairanə ifadə işlətmişdi: “İki səmanın qartalıyam. Həm fiziki dünyada qanad çalıb pərvazlanıram, həm metafizik dünyada”.
Ancaq 6 dekabr 2016-cı ildə bu iki səmanın qartalı axır bu göylərdən birini tərk etməyə məcbur qaldı. O, Almaatıda, Türk dünyasının göbəyində, Tanrı dağlarının ətəklərində gözlərini əbədi olaraq qapadı. Elə ordaca xudmani, kiçicik “Baqanaşıl” məzarlığında torpağa tapşırıldı.
Bu ilin 15 iyulunda Heydər Camalın məzarı üstə xatirə abidəsi ucaldılıb. Sosial şəbəkələrdə mərasimin videogörüntüləri paylaşdırılıb. Məzar üstə əvvəlcə mərhumun oğlu Orxan Camal çıxış edib, ardınca tanınmış telejurnalist, aparıcı Maksim Şevçenko. Sonuncu, öz nitqində bəzi vacib məsələləri vurğulayıb: “Heydər bilirdi ki, tezliklə dünyasını dəyişəcək. Bir növ növbəti, məcazi ”həcc" səfərinə hazırlaşırdı. Məzar daşının eskizini özü çəkmişdi. Rəhmətliyin yaxşı rəssam zövqü, əl qabiliyyəti vardı. Unutmayaq ki, rəhmətliyin atası Cövdət Camal öz dövrünün məşhur fırça ustalarındandı. Əlində fırça tutmağı Heydərə görünür, o, öyrədibmiş... Biz - Heydərin tələbələri buranı özümüzə mənəvi paytaxt bilirik. Ölən günümüzəcən buranı ziyarət edəcəyik".
Mərhumun oğlu Orxan Camal öz çıxışında mövzunu bir az da dəqiqləşdirib. Kadr arxasında qalan bəzi gizlinlərin üstünü açıb: “Abidənin pulunu Almaatı camaatı öz arasında toplasa da, əsas yük düşdü, təbii, Azərbaycan diasporu üzərinə. Hamıya ”çox sağ ol!" deyirik. Bu ünvanda görüşlərimiz həmişə davam edəcək"
Sonrakı videokadrlarda mərhumun həyat yoldaşı Gülnar Camal ilə qızı Kövsər görünür. Məzardaşına sarılmış xanımlar bir an Heydər üçün göz yaşlarını töküb, sonra jurnalistlərdən israrla xahiş edirlər videokameranı söndürsünlər.
camal 2.jpg (103 KB)
***
Ancaq məndə belə bir fikir yarandı ki, abidənin, mərasimin bütün cari xərclərini təkcə elə yuxarıda adıçəkilən iki ünvan ödəməyib. Əsas xərcləri rəsmi Bakı, Azərbaycan çəksə də, üzdə bunu bizim diaspor təşkilatımızın ayağına yazıblar. Niyə? Səbəbi bilinmir.
***
Heydər Camalın Almaatıda vəfatı elə ilk saniyələrdən sual doğurub çoxlarında: “Niyə məhz Almaatıda?... Bəlkə onu?... Rəsmi Kreml Heydərin Moskvadakı dəfn mərasimindən qorxurmuş bəyəm?”
Nə isə... Ortada ciddi ziddiyyətlər var.
Heydərin Almaatıdakı dəfni əvvəlcə rəsmi Qazaxıstan dairələrini də hürküdüb. Əvvəlcə mətbuata xəbər ötürülüb ki, bəs guya Heydərin dəfni məşhur panteonda, “Kensay-2" məzarlığında (bizim ”Fəxri Xiyaban-2" analoqunda) sabah saat filan-filanda baş tutacaq. Göstərilən ünvana vaxtı-vaxtında çox sayda Heydərsevərlər gəlsə də, qəfil xəbər səslənib ki, bəs dəfn burda deyil, başqa yerdə baş tutacaq. Nəticədə məzar üstə elə də tünlük olmayıb. Mərkəzi Almaatı məscidində bir növ səfərbər edilmiş mülkü geyimlilər Heydərin cəsədini çiyinləri üstə Baqanaşıl məzarlığına gətirib, buradaca becid-becid, təcili torpağa tapşırıblar.
***
Heydər Camalla Rusiya hüquq-mühafizə qurumları arasındakı ziddiyyət əvvəllər bir o qədər olmasa da, 27 mart 2012-ci ildə vəziyyət kökündən dəyişir. Məhz həmin tarixdə Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Heydər Camalın yaşadığı ünvana səhər saat 7-də gəlib qapını möhkəmcə döyəcləyirlər. Heydər mənzilində axtarışa razılıq versə də, müstəqil şahid tələb edir. Rusiya İctimai Palatasının üzvü Maksim Şevçenko qapıya gələnə qədər Heydər əlində balta, külüng öz mənzilinə xəfiyyələri buraxmır.
Ancaq bu tarixdən sonra Heydər Camalın sanki Rusiya mass-mediasında qol-qanadını qırırlar. Çıxışlar, nitqlər əvvəlki intensivliyini, ünvanlarını itirir. Sonra xəbər gəlir ki, bəs Heydər bərk xəstədi... Ölümünə az qalıb. Tezliklə onun ağrı-sancıları dözülməz dərəcədə artır. Bu vaxt Almaatıdan xəbər gəlir bəs burda yaxşı həkimlər var. Ağrıları, sancıları sıfıra endirəcəklər. Heydəri təcili Almaatıya gətirin...
***
Heydərin ideoloji rəqibi Avraam Şmuleviç görün bir bütün bu müəmmalara axır hansı məna verib Moskva saytlarının birində:
“Heydərin xəstəliyi barədə heç bir həkim rəyi yoxdu. Tibbi ekspertiza keçirilmədən onu təcili torpağa tapşırıblar... Hmm... Bu, bəzi suallar doğurur. Cəsədi də öz gözü ilə çox məhdud sayda şahidlər görüb. Onlar da susmağa üstünlük verirlər. Maksim Şevçenkonun dəfn zamanı Almaatıda olmamağı qəribə göründü mənə...Nə isə...”
***
Ancaq Avraam Şmuleviçin “qara otaqda qara pişik axtarışları” əbəsdi. Heydər Camal çoxdan - 2006-cı ildən üzübəri bərk xəstə idi. Ağrıları əvvəllər büruzə verməmək mümkün idi. Sonra bu, müşkülə çevrildi. Heydərin şah duruşu əyildi göz görə-görə. O, məcbur qaldı əlinə əsa götürsün. Sonra isə...
***
Heydərin vəfatından sonra da rəsmi Bakı onun ailəsinə, irsinə, mirasına, yaxın ətrafına öz qayğısını əskiltməyib. Əksinə, artırıb bəlkə də.
Məzarı üzərində anıt abidənin inşası buna əyani sübutdu.
Mərasimin son görüntüləri:
Həmid HERİSÇİ