Myanmada nə baş verir- Rohindjalarla problemin kökündə nə dayanıb ŞƏRH
4-09-2017, 22:50
Şəxsən məni Birmada (mən ölkənin adını belə tanımışam) nə baş verdiyi o qədər də maraqlandırmır. Məni ən çox maraqlandıran bu ölkənin xəritədə yerini tapa bilməyən kəslərin sürü psixologiyasına əsaslanıb, status dalıyca status yazmasıdı.
Bəs, əslində, Birmanın tərkib hissəsi olan Arakan əyalətində nə baş verir?
Doğrudu, ötən əsrin 60-cı illərindən ölkədə hakimiyyəti ələ keçirən hərbi cunta dönəmində, ələlxüsus da, So Maunq və Tan Şve kimi diktatorların hakimiyyəti zamanı Arakan əyalətinin müsəlmanları - rohindjalar təqiblərə və təzyiqlərə məruz qalırdılar. Ancaq bu təqib və təzyiqlər təkcə rohindjalara qarşı yox, Birmanın bütün əhalisinə qarşı (50-55 milyonluq nüfus) gerçəkləşdirilirdi.
Son illərdə Birmada demokratik yöndə bir çox irəliləyişlər oldu. Uzun illər ərzində hərbi cuntaya qarşı mətanətlə sinə gərən bir qadın - Nobel Sülh mükafatı ödülü qazanan Aun San Su Çjinin liderlik etdiyi "Demokratiya uğrunda Milli Liqa" adlı partiya siyasi hakimiyyəti seçki yoluyla ələ keçirdi. Txin Çjo prezident, Aun San Su Çji isə Dövlət İşlərindən sorumlu Baş danışman (Baş nazir) oldular. Bundan sonra hərbi cuntanın həyata keçirdiyi insanlıq əleyhinə siyasət büsbütün ortadan qaldırıldı. Ancaq Birma müsəlmanları, yəni Arakan əyalətinin Britaniya işğalı zamanı Banqladeşdən oraya köçürülən əhalisi - rohindjalar Birmadan ayrılıb, müstəqil olmaq və ya Banqladeşə birləşmək istəkləri davam etdi. Onlar artıq "Rahmanland İslam Respublikası" adlı qondarma dövlət qurduqlarını elan ediblər. Wikileaks bəlgələrində Arakan Rohinja Ulusal Təşkilatı ilə "Taliban" və "Əl-Kaidə" arasında görüşmələrin olduğu da iddia edilmişdir.
Təbii ki, dövlətin bütövlüyünü qoruyub saxlamaq üçün müəyyən tədbirlər görülməlidi. Görülür də.
Onu da nəzərdən qaçırmayaq ki, Arakan müsəlmanları təpədən dırnağa qədər silahlanıblar və o bölgədə yaşayan qeyri-müslim əhaliyə, buddist rakhine xalqına qarşı sözün əsil mənasında soyqırım gerçəkləşdiriblər. Bundan başqa, Arakan müsəlmanları bir çox müsəlman ölkələrindən hərbi yardımlar da alır. Hətta ötən əsrin 90-cı illərində dönəmin Səudiyyə Ərəbistanı prensi Xalid bin Sultan Əbdüləziz Banqladeşin paytaxtı Dəkkədə olarkən benqal hökumətinə Birmaya yönəlik 1991-ci ildəki "Çöl Fırtınası" tərzinə uyğun operasyon gerçəkləşdirməyi tövsiyyə etmişdi. Bu, təbii ki, başqa bir ölkənin iç işlərinə qarışmaqdan da ötə, o ölkənin işğalına təşviqdi.
Son olaraq bir məqama da diqqət çəkim: dünyanın ən böyük müsəlman ölkəsi İndoneziyanın hökumət orqanları oraya köç edən Arakan müsəlmanlarını çox ciddi bir səbəblə - "terrorisdirlər, ölkəyə böyük problemlər yarada bilərlər" səbəbiylə ölkədən sınırdışı etmişdi.
Bax, Arakan müsəlmanlarıyla bağlı mövcud durum bundan ibarətdi.
P.S. Aun San Su Çji deyib ki, Birma ordusu konstitusiyaya uyğun olmayan heç bir tədbirə əl atmayıb. İndi mən nədən Nobel Sülh mükafatçısına yox, heç bir araşdırma aparmadan "Myanmarda müsəlmanlar haqsız yerə qətl edilir" deyib çığır-bağır salan cahil, boşboğaz dindar fanatiklərə inanmalıyam? Mən fakta inanıram! Ona inanıram ki, yaşadığı ölkənin qanunlarına uymayan və əlində silah olan heç bir müsəlman məsum deyil. Məsələ bu qədər sadə və anlaşılandı.
Elçin İlqaroğlu