7-dən 77-yə hamısı fahişəliklə məşğuldur - Bu kənddə qadınların hamısı bədənlərini satır
5-09-2017, 10:09
"Yaxşı işlə məşğul olmadığımızı mən də bilirəm. Əxlaq, mənəviyyat, namusdan kənar işlə məşğuluq. Amma nə edək... Adətmiz belədir. Nənələrimiz bu işi görüb, analarımız bu işlə məşğul olub, özümüz beləyik, qızlarımız da bədənlərini satırlar".
61 yaşlı Çandralexa belə deyir. O, Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Lakhnau şəhərindən iki saatlıq məsafədəki kiçik Nat Purva kəndinin sakinidir.
Bu kəndi başqalarından fərqləndirən cəhət var.
İyrənc, ağlasığmaz, inanılmaz bir cəhət.
İş ondadır ki, Nat Purvadakı qızlar və qadınların istisnasız olaraq hamısı bədənlərini satır, fahişəliklə məşğul olur. Kənddə bu "iş" adətdir.
Milli.Az bildirir ki, kənddə 14 yaşına çatmış qız mütləq şəkildə fahişəliyə vadar edilir. Özü də onu bu yola "yönləndirən", daha doğrusu, məcbur edən valideynlər olurlar.
Nat Purvadakı kişilərin fikrincə, arvadlarının və qızlarının fahişəliklə məşğul olması "adi haldır, qəbahət deyil".
Dolanbac, dar, tozlu küçələrində əyinlərində cırıq, əskiyə bənzəyən paltar olan uşaqların qaçışdığı kənddə varlı yoxdur. Nat Purvada yaşayanların hamısı kasıbdır.
Uşaqların şişman qarınları toxluqdan yox, yarıac həyatdan xəbər verir. Səhər açılır, uşaqlar bir ovuc qaynanmış düyüdən ibarət "səhər yeməyi"ni yeyəndən sonra çalışmağa başlayırlar. Yaşı 7-yə çatmamışlar danaları, quzuları otarır, 7-14 yaşlılar tarlalarda ağır işləri görürlər.
Və bu kənddə fahişəlik əsrlərdən bəri gələn, nəsildən-nəslə ötürülən "peşə"dir.
Çandralexanın dediyinə görə, 15 yaşına çatanda kənddəki bütün qızlar kimi fahişəliyə başlayıb.
"Nənəm mənə dedi ki, bütün qızlar bu işi görürsə, mən də fahişəlik etməliyəm. İstəmirdim. Həyatımda ilk kişi məni vəhşicəsinə zorladı. Özümdən iyrəndim. Sonra ikinci, beşinci, onuncu, yüzüncü, mininci kişi oldu və yenə də iyrənirdim. Nənəm, anam isə deyirdilər ki, dözməliyəm. Çünki fahişəlik edib pul qazanmasam, acından ölə bilərdim. Ailəm də ac qalacaqdı. Fahişəyə isə kimsə sayğı bəsləməz. Fahişə fahişədir. Hər zaman, hər yerdə", - Çandralexa söyləyib.
1871-ci ildə, Hindistan hələ Britaniyanın müstəmləkəsi olduğu zamanlarda "nats" tayfasının əməlləri "yolverilməz" hal sayılmışdı.
O vaxtlar natslar kəndirbazlıq, falçılıq, rəqqasəlik, sehrbazlıqla məşğul olurdular.
"Manushi" jurnalının baş redaktoru, Hindistanda qadın hüquqlarının müdafiəsi sahəsində tanınmış Radhu Kişvar deyir: "Bu qanun qəbul olunandan sonra başqa tayfalar təki natslar da gəlir mənbəyindən məhrum oldular. Ənənəvi məşğuliyyətləri yasaqlanmış natslar acından ölməmək üçün fahişəliyə başladılar".
Doktor Anuja Aqravalın dediyinə görə, qadın sakinlərinin ucdantutma şəkildə fahişəlik məşğul olduğu Nat Purva ölkədə yeganə belə kənd deyil: "Uttar-Pradeş, Madhya-Pradeş və Racastan ştatlarında belə kəndlər az deyil. Məsələn, məndə olan dəqiq məlumatlara görə, nastlar təki bediaslar, faasilər və bancarlar da qadınlarının fahişəliyini rutin, adi iş sayırlar".
Nat Purva kəndindəki əcaib adətlərdən biri də odur ki, toya qədər ən azı 50 kişi ilə yatmamış qadınla heç bir nats kişi evlənmir. Səbəbini soruşanda nats kişilər deyirlər: "Qadın əgər 50 kişi ilə yatmayıbsa, deməli, tənbəldir, iş bacarmır və ailəyə yük olacaq. Bədənini yaxşı satan qadın ailəyə də yaxşı pul qazandırar".
Hindistanın cənubunda da bir sıra kəndlərdə qadınların fahişəliyi adidən adi hal sayılır.
Qədimlərdə Hindistanda "devadasi" adlı qadınlar vardı. Məbədlərdə rəqqasə olan bu qadınlar "tanrılarla evlənir", sonra da məbədə ziyarətə gələn zəvvar kişilərin "gecələrini maraqlı" edirdilər.
Hindistan dövlət müstəqilliyi qazanandan sonra devadasilik ləğv olundu, yasaqlandı.
Nənələri, əcdadları devadasi olan qadınlar indi Dehli, Kəlküttə, Mumbay şəhərlərində bədənlərini satırlar.
Arvadları və qızları fahişəlik edən kişilər pul qazanmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də yollanır, ailələrini ora aparırlar.
BMT-nin hesablamalarına görə, Hindistanda hazırda yetkinlik yaşına çatmış hər 100 qadından biri fahişəlik edir.
Hindistanın Qadınlarla İş və Uşaqların İnkişafı Nazirliyinin (Ministry of Women and Child Development) yetkilisi Ratna Prabha da bu rəqəmi təsdiqləyib: "Maharaştra, Uttar-Pradeş, Andhra-Pradeş və Karnataka ştatlarında fahişəliyin miqyasının azaldılması üçün xüsusi proqramları həyata keçirməyə başlamışıq".
Yerli qeyri-hökumət təşkilatlarından biri olan "ASHA Trust"un koordinatoru Ram Bambu əmindir ki, Nat Purva kimi kəndlərdə qadınların fahişəliyinin aradan qaldırılması üçün ilkin mərhələdə zərurət duyulan məsələ təhsildir.
"Bu kənddəki uşaqların təhsili normal olmalıdır. Onları gələcəkdə iş yeri şansı ilə təmin etsək, bəla aradan qalxar", - Ram Bambu söylədi.
... 12 yaşlı Rukmini kəndin kiçik, uçuq məktəbində dərsdən çıxanda evə yox, tarlaya yollanır. O, böyüyəndə hansı işdə işləyəcəyini bilmir: "Anam deyir ki, onun kimi olmalıyam. Yəni fahişəlik etməliyəm. Mənsə bunu istəmirəm".