"TEKUMSE LƏNƏTİ"nə məruz qalmış prezidentlər və digərləri: ÖLÜMƏ MƏHKUMDURLAR
6-09-2017, 00:23
54 il əvvəl Dallas şəhərində dünya tarixinin gedişini dəyişən bir qətl hadisəsi baş verdi – Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti, soyuq müharibənin və dünya nüvə apokalipsisinin genişlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyən Con Fitscerald Kennedi öldürüldü.
ABŞ-ın Milli Arxiv İdarəsi Con Kennedinin qətlinin araşdırılmasıyla bağlı FTB-nin və MKİ-in 3810 sənədini dərc edib. İşə hər il yeni versiyalar və yeni adlar daxil olunur. Bu ay işıq üzü görən 440 sənəd daha əvvəl heç vaxt dərc edilməmişdi.
Bir çox liderlər, diktatorluğundan və ya bərabərliklə humanizm ideyalarını irəli çəkmələrindən asılı olmayaraq, sui-qəsdlərə məruz qalıblar.
Publika.az bu gün dünya mətbuatının gündəminə yenidən gələn təkcə Kennedi olayını deyil, bu fonda tarixin digər bir sıra prezidentlərinə edilən sui-qəsdləri geniş icmalla oxucuların diqqətinə çatdırır.
Adolf Hitlerə edilmiş sui-qəsddən sonra onun bədənindən 100-dən artıq qəlpə çıxarıldı
Nasist partiyasının mərkəzi fiqurunun qatillərin diqqətindən yayınması qeyri-mümkün idi. Bu adam müəmmalı şəkildə dəfələrlə şiddətli ölüm təhlükəsindən qurtulmağı bacarmışdı. Statistikaya görə, Hitlerə 20-yə yaxın sui-qəsd cəhdi edilmişdi və onlardan ən azı ikisi İkinci Dünya Müharibəsi dövründə SSRİ tərəfindən təşkil olunmuşdu.
İlk məşhur sui-qəsd cəhdi hadisəsi 1932-ci il mart ayının 1-də baş verib. O zaman, Münhen yaxınlığında dörd nəfər naməlum şəxs Hitlerin tərəfdarları qarşısında çıxış etmək üçün getdiyi qatarı atəşə tutmuşdular. Gələcək fürer heç bir xəsarət almamışdı.
Hitlerə qarşı edilən sui-qəsdlərin ən məşhuru isə 1944-cü ilin 20 iyul tarixində edilən sui-qəsddir. Sui-qəsdin məqsədi Hitleri qətlə yetirmək və müttəfiq qüvvələrlə sülh müqaviləsinin imazalanması idi. Hitlerin Rastenburge yaxınlığındakı Hörlits meşəsində yerləşən qərargahında güclü partlayış baş verdi. Keytel və Ştauffenberq adlı sui-qəsdçilər 23 nəfərin iştirak etdiyi iclasa, içində partlayıcı qurğu olan bir çanta gətirərək, onu masanın altında gizlətmişdilər. Partlayış saat 12.42-də baş verdi. Orada olanlardan 4 nəfər yerindəcə dünyasını dəyişdi, bir neçə adam isə müxtəlif cür xəsarətlər aldı. Hitler isə sağ qaldı. Onun bədənindən 100-ə yaxın qəlpə çıxarıldı, bir qulağı uzun müddət tutuldu, bir qolu çıxdı. Fürer bir sutkaya yaxın ayaq üstə dura bilmədi. Onun əmri ilə sui-qəsdçilərin edamı alçaldıcı işgəncələr verərək həyata keçirildi və bütün bu hadisələr lentə alınaraq, film şəklində Hitlerə təqdim olundu.
İosif Stalinin mühafizəçiləri hər zaman onu xilas ediblər
İosif Vissarionoviç Stalinə qarşı təşkil edilən bir sıra böyük sui-qəsdin heç biri xalqlar atasına zərər yetirə bilməmişdi – rəhbərin mühafizəsi yüksək səviyyədə təşkil olunurdu. 1939-cu ildə Stalinə qarşı istirahətə gəldiyi doğma şəhəri Qoridə sui-qəsd təşkil edildi. Amma mühafizə dəstəsi tərəfindən İosif Stalinin Leninin kursuna xəyanət etdiyini iddia edən gürcü bolşeviklərinin sui-qəsdi ifşa olundu.
1939-cu ildə Almaniya qərar verdi ki, Mavzoleyi partladıb Sovet Hakimiyyətinin rəhbərini aradan götürsün. Lakin SSRİ ərazisinə göndərilmiş terrorçular naməlum şəkildə yoxa çıxdılar və bu günə qədər onların müqəddəratı barədə heç bir xəbər yoxdur.
Həmçinin məlumatlar arasında bir sovet vətəndaşının da Stalinə qarşı sui-qəsd cəhdi yer alır. 1942-ci ilin 6 noyabr tarixində Kremldən bir neçə hökumət avtomobilindən ibarət bir kortej çıxmışdı. Kortej Alın yerinə (Moskvada, Qırmızı meydanda ucalan arxitektura heykəli) çatdıqda, güllə səsləri eşidildi. Çekistlər cavab atəşi açdılar, Alın yerinə isə çoxlu sayda qumbara atdılar. Terrorçu yaralanaraq təslim oldu. Sui-qəsdçinin kimliyə də məlum olmuşdu. O, 33 yaşlı zenitçi-yefreytor Dmitriyev Saveli idi.
Avraam Linkoln teatra olan sevgisinin güdazına getdi
ABŞ-ın 16-cı prezidenti, Respublikaçılar Partiyasının başçısı və qulların xilaskarı Avraam Linkoln 1865-ci il 14 aprel tarixində qətlə yetirilmişdi. Qətl Vaşinqtondakı Ford teatrının qonaq lojasında baş vermişdi. "Mənim amerikalı əmioğlum" tamaşası getdiyi zaman Con Uilkis But prezident lojasına daxil olaraq, "Tiranlara ölüm!" nidaları ilə Linkolnu boynunun arxasında tapança ilə güllələmişdi.
Beləliklə, ABŞ-ın dahi prezidentlərindən birinin ömrünə faciəvi surətdə son qoyuldu. Prezident baş vermiş hadisənin səhərisi gün dünyasını dəyişdi, But isə polisin əlinə düşməmək üçün özünü güllələyərək intihar etdi. Sui-qəsdin bütün iştirakçıları həsb edilərək edam olundular. Qeyd edək ki, ABŞ-ın Ohayo ştatında hər il Linkolnun pərəstişkarlarının təşəbbüsü ilə Avraam Linkolnun oxşarlarının iştirak etdiyi "Lincoln Presenters" qurultayı toplanır.
Mahatma Qandi ölüm ayağında qatilini əfv etdi
Qeyri-zorakılıq nəzəriyyəsinin tərəfdarı olan Mahatma Qandi birinci sui-qəsddən uğurla qurtulsa da, ikinci sui-qəsddən qurtula bilmədi. 1948-ci ilin 30 yanvar günündə "Hindu Mahasabha" təşkilatının üzvü Nathuram Qodze çoxlu sayda zəvvarın toplaşdığı ənənəvi ibadət zamanı xəlvət şəkildə Qandiyə yaxınlaşaraq, üç güllə atdı.
Güllələrin ikisi qarın boşluğunu dəlib keçmiş, üçüncüsü isə Qandinin düz ürəyinin yanında ilişərək, ağciyərini zədələmişdi. Qandi artıq ölüm ayağında ikən jestlərlə qatilini bağışladığını izah etmişdi.
Lenin quldurlardan əlində bir şüşə südlə qurtulmuşdu
Rəsmi məlumatlar arasında Oktyabr inqilabının rəhbəri Vladimir İlyiç Leninə qarşı təşkil edilən ən azı üç sui-qəsd hadisəsi yer alır. Onlardan ən məşhuru 1918-ci ilin avqust ayının 30-da Mihelson zavodunda Fanni Kaplanın naqan tapançasından rəhbərə üç güllə açdığı hadisəsidir. Həkimlər Lenini xilas edə bilir, lakin ondan sonra hələ uzun müddət rəhbərin zəhərləndiyinə dair şayiələr gəzib-dolaşmaqda idi.
1919-cu il yanvarın 6-da bəlkə də ən ağlasığmaz və mənasız bir sui-qəsd hadisəsi baş verib. Belə ki, Koşelkov adlı bir quldurun dəstəsi tamamilə təsadüfən Leninin Sokolnikdəki Meşə məktəbində təşkil edilmiş yolka şənliyinə getdiyi maşına basqın edərək qarət törətmişdi. Şahidlərin xatirələrinə görə, qarətçilərdən biri "Ya pul kisəsi, ya da həyat" kəlmələri ilə maşındakılara tapança tuşlamışdı. Vladimir İlyiç vəsiqəsini göstərərək, "Mən Ulyanov Leninəm" söyləmişdi. Dediklərindən dönməyən qarətçilər isə "Ya pul kisəsi, ya da həyat" deyə israr etmişdilər. İlyiçin pulu olmadığından, o, əynindən paltosunu çıxarmış və maşından enərək, əlində həyat yoldaşı üçün apardığı bir şüşə südlə yoluna piyada davam etmişdi.
Teodor Ruzvelti güllədən onun nitqi xilas edib
Amerika prezidentləri "qibtə doğuran" bir müntəzəmliklə sui-qəsdlərə məruz qalıblar.
ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltə qarşı təşkil edilən bir sıra sui-qəsdlərdən biri 1912-ci ilin 14 oktyabr günü baş vermişdi. Prezidentin Miluokidəki çıxışı zamanı Con Şrenk adlı bir nəfər ona atəş açmışdı. Qatil prezidentin sinəsinə atəş açsa da, güllə onun eynək qabını deşərək, 50 səhifəlik nitq sənədində ilişib qalmışdı.
Prezident həmişə nitqinin yazıldığı vərəqləri haradasa ununub qoymaması və ya itirməməsi üçün pencəyinin qoyun cibinə qoyarmış. Ruzveltin bu kifayət qədər adi bir vərdişinə görə tanışlarının çoxu onu qınayır və hətta onunla zarafatlaşıb məzxərəyə qoyurdular. Ağır xəsarət almış prezidentin nitqini tamamlamaq israrı hər kəsi son dərəcə təəccübləndirsə də, o, çıxışına davam etmiş və yalnız bundan sonra xəstəxanaya aparılmışdı.
Reyqan rikoşetdən zərər çəkib
ABŞ-ın 40-cı prezidenti və müdhiş siyasətçi qüdrətinə malik Ronald Reyqan 1981-ci ilin 30 yanvar günündə sui-qəsdə məruz qalmışdı. Bu gün silahlı, psixi cəhətdən qeyri-sağlam olan bir adamın iki mühafizə dəstəsinin yanından ötərək, birbaşa amerikalı prezidentə yaxınlaşmasını təsəvvür etmək praktiki olaran mümkün deyil. Con Hinkli isə bunu o vaxt bacarmışdı.
O, oteldən çıxaraq limuzinə əyləşməyə hazırlaşan Ronald Reyqanı səsləyərək, 22 kolibrli kolt markalı tapancadan demək olar ki, lap yaxın məsafədən prezidentə altı güllə atmışdır.
Güllələrdən biri avtomobilin zirehli şüşəsinə dəyərək, səkərək prezidentin sinəsinə tuş gəlmişdi. Yaşının az olmadığına və əməliyyatın ağır keçdiyinə baxmayaraq, Reyqan qısa bir zamanda sağlamlığını bərpa edərək, prezident postuna yenidən qayıtmışdı.
Con Kennedi: lənətə son qoyan ölüm
1963-cü ilin 22 noyabr tarixində ABŞ-ın 35-ci prezidenti və bu ölkənin artıq XX əsrində dünyaya gəlmiş ilk prezidenti Con Kennedi güllələnmişdi. Bu hadisə Dallasın Texas ştatında baş verib. Li Harvi Osvald "Karkano M91/38" markalı, 6.5 mm kalibrli karabindən iki dəfə atəş açmış və hər iki güllə prezidentin başına tuş gəlmişdi. Güllələrin biri prezidentin başının arxa hissəsinə, ikincisi isə boğazına tuş gəlib. Kennedi yerindəcə dünyasını dəyişmişdi. Vaşinqtondakı Milli Arlinqton Qəbiristanlığında dəfn olunmuş Con Kennedi xatirəsinə məzarı yanında əbədi məşəl yandırılmışdı.
Amerikalı prezidentlərə qarşı edilən sui-qəsdlər barədə bir əfsanə mövcuddur. Deyilənlərə görə, şauni qəbiləsinin ölüm ayağında olan Tekumse adlı başçısı 20-yə bölünən hər bir ildə prezidentlik postuna qədəm qoyan bütün prezidentlərin vəzifə müddəti başa çatmadan vəfat edəcəyindən xəbər verən bir lənət söyləmişdi. Qəbilə başçısı "ağ adamın" əcnəbilər və yerlilər arasındakı müqaviləni pozduğu üçün ABŞ prezidentlərini lənətləmişdi. Yeddi nəsil budağına kimi bütün ABŞ prezidentləri lənətlənmişdi. Con Kennedi bu ölkənin qətlə yetirilmiş yeddinci prezidenti idi.