Rusiya bu müharibədə məğlub olacaq – NATO-nun ÜSTÜNLÜKLƏRİ

7-09-2017, 08:44           
Rusiya bu müharibədə məğlub olacaq – NATO-nun ÜSTÜNLÜKLƏRİ
Qərb nəşrləri Rusiya - Belarus birgə “Qərb-2017” (sentyabrın ortalarında keçiriləcək - red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb. Bu, xarici ictimaiyyətin şübhələrini əks etdirir ki, Rusiya təlimlər bəhanəsi ilə Baltikyanı regionunda hərbi əməliyyat həyata keçirməyi planlaşdırır.
Daha əvvəl bir sıra Qərb hərbi ekspertləri iddia edirdilər ki, Rusiyanın Baltikyanı ölkələrə hərbi müdaxiləsi NATO-nu olduqca çətin vəziyyətə qoya bilər. Ekspertlərin fikrincə, NATO-nun regiondakı birləşmiş silahlı qüvvələrinin sayı və tərkibi Rusiyanın Latviya, Litva və Estoniyaya müdaxiləsinin qarşısını almağa qadir deyil. NATO-nun qənaətinə görə, ittifaqın şərq sərhədlərinin müvəffəqiyyətli müdafiəsi üçün çoxlu güc və maliyyə vəsaiti tələb olunur.


“Qərb-2017” təlimləri ilə əlaqədar NATO-nun qorxusu yenidən qayıdıb. Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanılacaq.
“Biz ehtiyat edirik ki, onlar getməyəcəklər”, - iyulda Kolorado ştatında keçirilən “Aspene” milli təhlükəsizlik konfransında ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar üzrə komandanlığının başçısı, general Toni Tomas bildirib.


Lakin, hazırda Pentaqon əmindir ki, NATO-nun ümumi hərbi gücü və ittifaqın yüksək texnologiyalar üzrə üstünlüyü gec-tez Rusiya ilə hipotetik silahlı konfliktin nəticəsinə təsir edəcək. Amma Rusiyada belə düşünmürlər.
“Belə hesablamalar və qiymətləndirmələr olduqca səthi və təxminidir, əslində səhvdir”, - Gazeta.ru saytı ilə söhbətində Rusiya Silahlı Qüvvələrinin baş qərargahının əsas operativ idarəsinin sabiq rəis müavini, general-leytenant Valeri Zaparenko deyib.
Rusiyanın Baltikyanı ölkələrə və Polşaya müdaxilə etmək cəhdləri barədə deyilənlərə gəlincə, Zaparenko onları hərbi-siyasi şizofreniya adlandırıb.


“The New York Times” nəşrinin məlumatına görə, Rusiya - Belarus birgə təlimlərində təxminən 100 min insan iştirak edəcək. Lakin, Zaparenko iddia edir ki, xüsusilə müdafiə istiqamətli təlimlərə Rusiyadan cəmi 5200 hərbçi cəlb edilir. Faktiki olaraq, bu, iki motoatıcı alayının şəxsi heyətindən çox deyil.
ABŞ-ın “Warrior” nəşri vurğulayır ki, təlimlər Rusiya ordusu və donanmasının təhlükəlilik dərəcəsini anlamağa imkan yaradacaq: Rusiyanın beşinci nəsil qırıcıları, nüvə potensialı, Hava Hücumundan Müdafiə sisteminin yüksək texnologiyalı vasitələri, anti-peyk silahı, adi silah vasitələri nə qədər təhlükəlidir?
Qərb analitiklərinin fikrincə, Rusiya Silahlı Qüvvələri şəxsi heyətin artım tendensiyasına malikdir və yüksək texnologiyalara cəhd edirlər. Anti-peyk silahının sınaqları haqqında xəbərlər yayılıb, yaxın vaxtlarda 6-cı nəsil qırıcının yaradılmasına başlanılması planlaşdırılır.
“Warrior” xatırladır ki, yaxın vaxtlarda S-235 "Nudol” hava hücumundan müdafiə kompleksinin növbəti müvəffəqiyyətli sınağı keçirilib.
“Bu, artıq kosmosda peykləri vura bilən yeni silahın ikinci sınağıdır. “Nudol” Moskvadan şimalda Plesetsk poliqonunda Moskvadan sınaqdan keçirilmişdi”, - nəşrdə deyilir.
“The National Interest” nəşrinin fikrincə, Rusiyanın hava desant qoşunları altı tank bölüyünü formalaşdırmağı planlaşdırır. Bölüklər yaxın vaxtlarda müasirləşdirilmiş T-72B3M tanklarına sahib olacaq.


Qərb ekspertləri həmçinin S-300 və S-400 zenit-raket sistemlərinin effektivliyini vurğulayırlar. S-500 isə dövlət sınaqlarının tamamlanması mərhələsindədir. Nəhayət, Rusiya “Terminator-3” tanklarının sonrakı müasirləşdirilməsi ilə məşğul olur.
Analitiklərin fikrincə, Rusiyaya iqtisadi təzyiq əks effekt verir, ölkə sürətli hərbi müasirləşmə və hərbi büdcənin artımına sadiq olduğunu təsdiq edib. Amma Qərb ekspertləri vurğulayırlar ki, Rusiya ordusu və donanması 1980-ci illərdə “soyuq müharibə”nin qızğın çağında SSRİ-nin malik olduğu ordu və donanmanın yalnız bir hissəsidir.
Amerika analitiklərinin hesablamalarına görə, “soyuq müharibə” ərzində SSRİ-nin hərbi büdcəsi, demək olar ki, ölkənin bütün xərclərinin yarısını təşkil edirdi. Hazırda Rusiyanın ordu və donanmasına ayırdığı xərclər bir neçə dəfə azdır. Ancaq 1980-ci illərlə müqayisədə müdafiə xərclərin xeyli az olmasına baxmayaraq, Rusiyanın hərbi büdcəsi artır. “Business Insider” nəşrinin məlumatına görə, 2006-cı ildən 2009-cu ilə kimi Rusiya müdafiə büdcəsi 25 milyard dollardan 50 milyard dollara qədər artıb. 2013-cü il ildə isə 90 milyard dollar səviyyəsində idi.
Rusiya ordusunun şəxsi heyəti 2013-cü ildə 766 min nəfər təşkil edirdi, ehtiyatda isə 2,4 milyon nəfər var idi. “Soyuq müharibə” zamanı SSRİ ordusunun şəxsi heyəti isə 4 milyon nəfər təşkil edirdi. Başqa sözlə, SSRİ müasir Rusiya ordusundan beş dəfə böyük orduya malik idi.
Rusiya Silahlı Qüvvələrində 2013-cü ildə 3 mindən çox təyyarə və 973 vertolyot, 15 min tank və 27 min zirehli avtomobil var idi. Qərb analitiklərinin hesablamalarına görə, Rusiyanın Hərbi Dəniz Donanması bu gün bir təyyarədaşıyan, 13 esmines və 63 sualtı gəmi olmaqla 352 gəmidən ibarətdir. Rusiyanın hərbi dəniz gücünün göstəricilərini analiz edən NATO ekspertləri vurğulayırlar ki, Qara dəniz iqtisadi və geosiyasi nöqteyi-nəzərindən Rusiya üçün strateji əhəmiyyətli ərazidir. Qara dəniz Rusiyaya Araılq dənizinə zəmanətli çıxış imkanı verir./publika.az/
Ömər Dağlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.