Azərbaycanda dini radikalizmlə məşğul olan gizli mərkəzlər fəaliyyət göstərir - XƏBƏRDARLIQ
8-10-2017, 22:41
08 Oktyabr 2017 [20:05]
Terrorçuluq təkcə inkişaf etməmiş ölkələrdə kök atmayıb. Ən sivil dövlətlərdə belə, terrorçular yetişir və qanlı əməliyyatlar həyata keçirirlər.
Odur ki, Azərbaycanda da bu təhlükə mövcuddur. Bu səbəbdən təhlükəsizlik orqanları bu məsələlərə daha həssas yanaşmalı və çevik önləyici tədbirlər görməlidir.
Müsbət məqamlardan biri odur ki, Azərbaycanda təhlükəsizlik orqanları bu məsələləri gündəmdə saxlayır.
Bu günlərdə mətbuata açıqlama verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev sözügedən məsələyə toxunub. O deyib ki, Azərbaycanda müvafiq qurumlarla planlı şəkildə işlər görülür ki, azərbaycanlı gənclər dini radikalizmlə bağlı səhv yola düşməsinlər.
Azərbaycanda dini radikalizmlə məşğul olan gizli mərkəzlər fəaliyyət göstərir
M.Quliyevin sözlərinə görə, idman, mədəniyyət, incəsənət artıq Azərbaycanı bütün dünyada tanıtdırır. Belə bir dövlətdə qara işlərlə məşğul olmaq təbii ki, yaxşı hal deyil.
Şərqşünas-politoloq, "MİA.az” saytının "Dini-Etnik Konfliktlərin Araşdırılması və Analitikası” şöbəsinin rəhbəri Vüsal Hətəmov isə məsələyə münasibət bildirərkən Reyting.az-a deyib ki, müasir dünyada heç bir dövlət terrordan sığortalanmayıb. Onun sözlərinə görə, son illər İŞİD-də iştirak edən terrorçular təkcə müsəlman ölkələrindən, həmçinin iqtisadi cəhətdən geri qalmış dövlətlərdən gəlməyib. Avropanın ən aparıcı dövlətləri, hətta İngiltərə, Fransa, Belçika kimi sivil ölkələrdən İŞİD-ə yüksək sayda axın var:
"Odur ki, ölkəmizin inkişafını nəzərə alıb arxayın otura bilmərik. Terror şəbəkəsi daha fiziki səhədlərdən keçməklə məhdudlaşmır. Elektron vasitələrlə istənilən dövlətlərdə radikal qruplaşma yaratmaq, bunun üçün təkfirçi ideyalar təbliğ etmək mümkündür. Ona görə də terrorun nəticəsi ilə və yaxud yetişəcək terrorçu ilə mübarizə aparmağı əsas iş bilməməliyik. Bunun üçün həm də xalq arasında, gənclər arasında, müxtəlif təbəqələrdə maariflənmə aparılmalıdır.”
Başqa bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, əgər son ilə qədər ölkədə hansısa terror təşkilatlarına qoşulmaqla bağlı faktlar qeyri-rəsmi dairələrdən ictimaiyyətə sızdırırlırdısa, artıq bununla bağlı rəsmi qurumlar məlumat verirlər. Elə bu günlərdə jurnalistlərə açıqlaması zamanı DTX rəisi M.Quliyev bildirib ki, Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 300-ü ölüb, 85-i həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.
M.Quliyev deyib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, bəzi vətəndaşlarımız onlara qoşulub, bəziləri hətta ailələri ilə ora gedib və orda uşaqları olub: "Təbii ki, o uşaqların da orda ölmə faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı oradakı döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.
Azərbaycanda dini radikalizmlə məşğul olan gizli mərkəzlər fəaliyyət göstərir
Vüsal Hətəmov isə bildirib ki, əhalini təkcə nəticə ilə məlumatlandırmaq istənilən effekti verməyəcək:
"Biz neçə ildir mətbuatda bildiririk ki, ölkədə radikal-təkfirçi, qeyri-ənənəvi dağıdıcı dini təbəqə yetişir. Lakin bu, o qədər ciddiyə alınmırdı. İndi isə nəticə göz qabağındadır. Xalqın övladlarını radikalizmə çəkən, onları şirnikləndirən, bu işlə dərindən məşğul olan mərkəzlər, şəxslər var. Həmin ocaqlar barədə xalqa məlumat verilməlidir ki, insanlar aldadılma riski ilə üzləşməsinlər. Bunun üçün təkcə güc strukturları deyil, paralel olaraq KİV-lər və vətəndaş cəmiyyətləri - QHT-lər də müvafiq iş görməlidir”.
V.Hətəmov telekanallarda bu haqda yetərincə məlumat verə biləcək verilişlərin də hazırlanmadığını qeyd edib: "Yalnız həbs olunan radikal-təkfirçi terror şəbəkələri haqqında xəbərlər verilir. Halbuki mütəmadi olaraq profilaktik, önləyici xarakterli verilişlər hazırlanmalıdır”.