Ordu hərəkətə keçdi, müharibə başladı - CİA-nın bölgədə ŞOK PLANI
9-10-2017, 15:13
Türkiyə “Fərat qalxanı” hərəkatından sonra Azad Suriya Ordusu (ASO) ilə birlikdə İdlibdə ikinci əməliyyata başladı. Əməliyyat Rusiya və İranla birlikdə Astanada razılaşdırılan “atəşkəs bölgələri” planı çərçivəsində aparılır.
teref.az xəbər verir ki, Türkiyə “Fərat qalxanı” ilə miqrantlar üçün təhlükəsizlik bölgə yaratmağa nail oldu. İdlib əməliyyatının məqsədi isə çoxvektorludur.
“Yeni Şəfəq” qəzeti yazır ki, əsas hədəflərdən biri İdlibdə daxili toqquşmaların qarşısını almaq, təhlükəsizliyi və sabitliyi təmin etmək, bölgəyə kənardan gələ biləcək hücumların qarşısını almaqdır. Bununla İdlib əhalisi üçün bir növ təhlükəsizlik çətiri yaradılır.
Əməliyyatın digər vacib hədəfi PKK/PYD terror qruplaşmasının ABŞ-ın dəstəyi ilə “terror dəhlizi” yaradaraq, Aralıq dənizinə çıxmaq planının qarşısını almaqdır. Bu plan ilk növbədə Türkiyə üçün böyük təhlükə deməkdir. Çünki Şimali İraqda kürd muxtariyyətinin “müstəqillik referendumu”ndan sonra Suriyanın şimalında – Türkiyənin cənubu – PYD-nin nəzarət etdiyi bölgədə də “kürd gücü”nü artırmaq istəyən ABŞ İraqdan Aralıq dənizinə qədər dəhliz açmaq üçün bütün vasitələrdən istifadə edir. Türkiyə “Fərat qalxanı” ilə bu planın ən azından təxirə düşməsinə nail olmuşdu. Lakin ABŞ PYD-ni silahlandıraraq, planı yenidən dövriyyəyə saldı. Türkiyə İdlib əməliyyatı ilə həm də bu plana qarşı hərəkət edir.
“Bu dəhlizin ABŞ/İsrail planı olması, bölgədə İsrailin hərbi düşərgələrinin qurmaq istəmələri, raketlərin Türkiyə və İran sərhədinə yerləşdirmək hədəfləri bölgə ölkələri üçün ciddi təhdiddir. Buna görə də Türkiyə, İran və İraq Rusiya ilə əməkdaşlığa gedərək, ərazi bütövlüklərinin qorunması üçün regional iradə ortaya qoydular. Xüsusilə İraq və Suriyanın parçalanmaması üçün birgə hərəkət edirlər. Çünki Bərzaninin referenduma getməsi “terror dəhlizi”nin təhlükəsini daha da böyütdü”, - deyə “Yeni Şəfəq” qeyd edir.
Türkiyənin dünən başlatdığı İdlib əməliyyatının hədəfləri belə sıralana bilər:
- Suriyanın ərazi bütövlüyünü təmin etmək, parçalanmasının qarşısını almaq.
- Suriya daxilində demoqrafik dəyişikliyin qarşısını almaq.
- PKK/PYD işğalında olan bölgələrdə ərəblərin və türkmanların təhlükəsizliyini təmin etmək.
- Suriyada razılaşmaq və bu ölkəni parçalamaq istəyənlərin oyunlarını pozmaq.
Türkiyə Suriyanın parçalanması ilə həyata keçiriləcək “terror dəhlizi”nin növbəti hədəfinin özü olduğunu anlayır. Bu dəhliz gələcəkdə bölgədəki bütün ölkələrin parçalanması üçün ana baza rolunu oynaya bilər. Buna görə də həm dəhlizin qarşısını almaq, həm də Suriyanın bütövlüyünü qorumaq məcburiyyətində. Analoji vəziyyət İraqın şimalına da aiddir. Çünki İraqın parçalanması “terror dəhlizi” layihəsinin bir hissəsidir. Türkiyə də buna görə İraq və Suriyanın şimalının işğal edilməməsi üçün hərəkətə keçmək məcburiyyətindədir.
Lakin Əsəd rejiminin İdlib əməliyyatına qarşı atdığı addımlar haqda məlumatlar da maraqlıdır. Türkiyə Suriyanın bütövlüyünü qorumaq üçün bölgəyə ordu yeridir, Əsədin kəşfiyyat qurumu olan “Muhabarat” casusları isə türk əsgərlərinə qarşı hərəkət etmək məqsədilə İdlibə sızır.
“Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumatlara görə, “Muhabarat”ın 150-200-ə qədər casusu qaçqın görüntüsü altında İdlibə sızıb. Onların məqsədi təxribat törətməkdir. Buna paralel olaraq, Əsəd Astana razılaşmasının əleyhinə olaraq, İdlibə bomba yağdırır.
Məlumatlara görə, Türkiyənin İdlib əməliyyatına başlaması ilə bölgədə “ofsayd”da qalan ABŞ da əks-həmləyə keçib. Pentaqon və CİA-nın İdlibdəki bəzi qruplarla görüşdüyü, türk ordusunun bölgəyə girəcəyi təqdirdə silahlı qarşıdurma yaradılacağı deyilir.
“Türkiyə ilə döyüşərsəniz, İordaniya üzərindən sizə kömək edərik”, - deyə amerikalılar bəzi müxalif liderlərinə vəd verib.
Digər məlumata görə, Hama-Akerbat və Kalemun bölgələrindən Əsəd rejiminə aid avtobuslarla daşınan minlərlə İŞİD-çinin bir qismi də İdlibə gətirilib. Türkiyə ordusuna qarşı döyüşəcək İŞİD üzvlərini silahla “Muhabarat” təmin edəcək./publika.az/