Qarabağın başında çatlayacaq vaxtın bitməsi...

12-10-2017, 01:26           
Qarabağın başında çatlayacaq vaxtın bitməsi...
1999-cu ilin avqustun 20-də konfliktoloq, indi Türkiyənin Marmara Universitetində dərs deyən Elxan Mehdiyev və mən hələ təzəcə nəşrə başlamış “Reytinq” qəzetinə gəldik və Qarabağla əlaqədar həyəcanlı bir xəbəri o vaxtkı redaktor X.Kazımlı ilə bölüşdük. Bizi həyəcanlandıran Azərbaycan və Ermənistanın rəhbərlərinin həmin ilin aprelindən başlayan intensiv görüşlərinin avqustun 22-də İsveçrənin Cenevrə şəhərində çox kritik bir görüş - razılaşma ilə yekunlaşması haqqında xaricdən və daxildən aldığımız xəbər idi.

Yəni, ABŞ-ın o vaxtkı dövlət katibi M.Olbraytın hər iki tərəflə həmin ilin əvvəlindən apardığı intensiv danışıqların nəticəsi kimi Dağlıq Qarabağa müstəqillik verilməsinin razılaşdırılması baş tutmalıydı. Cəmi bir ay əvvəl-iyulunn 16-da Cenevrədə hər iki dövlət başçısının təzəcə görüşməsinin ardınca bu təcili görüş haqqında istər Amerikanın, istərsə də Azərbaycanın rəsmi kuluarlarında nə qədər pıçıltı ilə danışsalar da, səsi bizə də gəlib çatmışdı. İnformasiyamız müfəssəl deyildi, detallarını bilmirdik, məlumatın özünə də şübhəli yanaşırdıq. Amma, ortada Qarabağ var idi. Xəbəri xalqa çatdırmaq lazım idi. Necə? Qarabağın taleyinə yaranan təhlükə haqqında xəbərin cəmi 10 faizi düz olsa, bəs edər ki, səsimizi qaldıraq, haray salaq. Bu məntiqlə səhərisi gün qəzet belə bir manşetlə çıxdı: “Ay camaat, Qarabağı verirlər!”. Yazı böyük rezonans doğurdu, mətbuatda müzakirələr başlandı və çox adam sorğu-suala çəkildi. Bir neçə gündən sonra redaktorla keçmiş MTN-in iki generalı nazirliyin binasında 4 saat söhbət aparsa da, Xalid bəy vətən üçün həyəcan təbili çalmağın vacibliyini əsaslandıra bilmişdi. Bu xəbərdən bir ay sonra xarici məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə, iki ay sonra xarici işlər naziri Tofiq Zülfüqarov və prezidentin köməkçisi Eldar Namazov istefa verdilər. “Ay cammat” deyə müraciət etməyə dəyərdi.., çünki təhlükənin reallığını reaksiyalardan da hiss etdik.

Bunu xatırlatmaqda məqsəd keçmişi yada salmaq deyil. Əgər o vaxtlar təhlükə pıçıltı şəklində çatırdısa, Siz son günlərdə bu təhlükənin pıçıltısını deyil, artıq ayaq səslərini eşidrsinizmi?! Və o addımları təkcə düşmən atmır...
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın dünən “Noev Kovçeq” nəşrinə verdiyi müsahibədə jurnalist də, müsahib də indiyədək ehtiyatla və şübhə ilə dediklərini çox inamla və rahat dilə gətiriblər: Jurnalist “Sizcə artıq Ermənistanın, ardınca da Rusiyanın Dağlıq Qarabağı (“Artsax”ı) tanımalarının zamanı yetişməyib?” Bako Saakyan: “Dağlıq Qarabağın müstəqilliyinin tanınması zaman məsələsidir və dağlar arxasında deyil” - cavabını verib. Saakyanın “ zaman” sözünü o çalarda deyib ki, sanki o zaman “an məsələsidir”. Erməni təbliğatının toruna düşməmişik, amma onları ürəkləndirən bizim bu gün düşdüyümüz vəziyyətdir. O vəziyyət ki, Rusiyadan öncə Avropanın, sonra da başqalarının Dağlıq Qarabağın müstəqilliyini tanıması baş verə bilər. Avropa Şurasından çıxarılmamız haqqında hələ niyyətin şuranın rəsmiləri tərəfindən sərt şəkildə bəyan edilməsi kifayət edir ki, indidən “təcrid dövlət” elan olunaq. Erməni gücünü, inamını bizim demokratik dünya tərəfindən qəbul olunmamağımızdan alır. Və heç kəs deməsin ki, bu ikili standartdır, Ermənistan bəyəm demokratik ölkədir? Əlbəttə yox. Amma, Ermənistanı Avropa Şurasından çıxarmaqla təhdid edən yoxdur. Azərbaycana vaxt qoyulmağın özü artıq onsuz da mənfi olan imici daha da tündləşdirib. Hansı hikkənin güdazına veririk Qarabağı, sonra da bütün Azərbaycanı? Bu gün hansı motivlərlə tutulmasından asılı olmayaraq bütün məhbuslar azad edilsə belə nə hakimiyyət üçün, nə dövlət üçün təhlükə, axı yoxdur. Amma, azad olunmasa var! O, Qarabağın birdəfəlik itirilməsi, hətta müstəqilliyimizin itirilməsi ola bilər. Çox istedadlı və real analitik qabiliyəti olan hörmətli Şahin Cəfərli bu durumu çox dəqiq izah edir: ”Digər məsələləri qoyaq hələ bir kənara, bu, hər şeydən əvvəl ciddi reputasiya itkisidir və AB-nin belə bir dövlətlə oturub təntənəli şəkildə Strateji Tərəfdaşlıq haqqında Saziş imzalaması problemli görünür. (Bu sazişin imzalanmasını Azərbaycan özü təklif edib.) Ümumiyyətlə, AŞ-dən, Avropadan, Qərbdən uzaqlaşmaq müasir, mədəni dünyadan təcrid olunaraq “izqoy”a çevrilmə təhlükəsi yaradır. Dağlıq Qarabağın gələcəkdə reinteqrasiyası ehtimalının (əgər belə ehtimal qalıbsa) tamamilə aradan qalxması və erməni separatizminin tam legitimlik qazanması, eləcə də dövlət olaraq müstəqilliyimizin real təhlükə altına düşməsi də daxil olmaqla, bunun Azərbaycan üçün fəlakətli nəticələri ola bilər. Dövləti və xalqı bu aqibətə düçar etməyə kimsənin haqqı yoxdur”. Bəli, fəlakətli nəticələr ola bilər və yuxarıda dediyim kimi, o fəlakətin addım səsləri açıq eşidilir.
“Avropa Şurasız da yaşamaq olar”, “ Avropa yox idi sabah açılmırdı?” söyləyən təfəkkürün sahibləri təsəvvür etsin ki, onları çox hörmətli bir yerə dəvət edirlər, qonaqlıq verirlər və o mədəni yerdə özlərini ədəb-ərkanlı apara bilmədikləri üçün hamının gözü qarşısında, nümayişkəranə qovurlar. Məclisdə olan ailə üzvlərini də sənə baxıb qovurlar. Necə təsir edər? Müqayisəm qüsurludur, amma sizin ucbatınızdan biz Qarabağı itirə bilərik. Ala bilmirsiniz.., başa düşürük, gücünüz çatmır. Amma, heç olmasa dəvət olunan yerin şərtlərinə, öhdəliklərinə əməl edin ki, erməni separatçılarına, havadarlarına bəhanə verilməsin. Zaman keçər, əlverişli tarixi şərait yetişər və gələcək nəsil vətənimizi azad edər. 1988-ci ildən bəri - “Rusiya imkan verməz”arxayınçılığı bizi bu günə-Qarabağsızlığa gətirib çıxarıb və bunun da əsl səbəbkarı Rusiya özüdür.

Armud ağacının kəsilməsinə dözməyən millət 12 rayonun, 20 faiz torpağın işğal edilməsini, böyük bir mədəniyyəti, əsilzadələri olan bir elatın - Qarabağın miskin bir vəziyyətə salınmasını qəbul etmiş kimi görünür. Yəqin düşünülür ki, 5+2 ilə də millət sevinib, Şuşanın, Xankəndinin, Xocavəndin, Ağdərənin, Əsgəranın, Xocalının, Kəlbəcərin, Laçının da birdəfəlik itirilməsini qəbul edəcək. Çox yalnış qənaətdir! Tədricən, əl altdan hər gün müxtəlif televiziya kanallarında çıxış edən “dejurnı” siyasi ekspertlərin də, deputatların da Kataloniya separatizminə haqq qazandırmağı xalqı biabırçı təslimçiliyə hazırlamaqdan başqa bir şey deyil.
Avropa Şurasından çıxarılma təhlükəsinin Qarabağın başında çatlayacağı 10 faiz realdırsa “AY CAMAAT QARABAĞI RƏSMƏN İTİRİRİK” deyə haray salmağı əlacsızlığımızın son həddi kimi bağırmaq istəyirəm, panikaya da düşməmişəm, amma böhran durumda olduğumuzun fərqindəyəm. Ona görə də təhlükənin reallığa çevrilməməsi üçün Andrey Piontkovskinin sözü ilə desək: “Tarixin böhran zamanlarında vəziyyətdən çıxmaq üçün bir neçə adamın passionarlığından, qətiyyətindən çox şey asılıdır”məntiqindən çıxış edirəm.

P.S. Məşhur rus yazıçısı Valentin Rasputinin “Mariya üçün pullar” povestində təsvir olunur ki, müfəttiş kənd dükanında satıcı işləyən Mariyanın iki min manat əskiyi olduğunu aşkar edir. Müfəttişin satıcı qadına yazığı gəlir. Ona beş gündən sonra gələcəyini və o vaxta qədər pulları kassaya qoymağı, əks halda tutula biləcəyini deyib gedir. Mariyanın əri Kuzma bütün kənddən iki min pulu yığa bilmir. “Artıq müfəttişin gəlməyinə iki gün qalırdı”. Az qala Kuzmanın ümidsiz gününə düşmüşük. İndi Avropa Şurasının “ müfəttişi” də bizə oktyabrın 25-dək vaxt qoyub. Biz tərəfdən hansısa pozitiv addımın atıldığını hələ görmürük. Vaxtın bitməsinə iki həftə qalıb...

İlham İsmayıl
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.