Ərəblər getdilərmi?
12-10-2017, 10:03
Səkkiz ayda turistlər Azərbaycanda 1,3 milyard manat xərcləyib
Son bir ayda Bakıda ərəb turistlərin sayı dəfələrlə azalıb. Əvvəl paytaxtın mərkəzi küçələrində, iaşə obyektlərində, böyük ticarət mərkəzilərində hər addımbaşı rast gəldiyimiz ərəb turistlər, ailələri artıq gözə dəymir.
Halbuki cari ilin yay aylarında ölkəmizə səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım var idi. Rəsmi açıqlamaya görə, 2016-cı ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4 dəfə çox ərəb turist ölkəmizə gəlib. Müşahidələr onu göstərir ki, ərəb turistlərini Azərbaycanda ən çox gəzdikləri yerlər Bakı şəhəri, regionlardan isə Qəbələ, İsmayıllı, Quba, Oğuz rayonlarıdır. Lakin qeyd etdiyimiz kimi, artıq nə paytaxtda, nə də regionlarda ərəb turistləri gözə dəymir. Səbəb nədir?
“FLY Travel” şirkətinin rəhbəri, turizm eksperti Mamed Əliyev sualımıza bu cür cavab verdi: “Səbəbi fəsillə əlaqədardır. Adətən ərəb turistləri yay aylarında ölkəmizə gəlməyi sevirlər. Daha çox isə Qəbələyə üz tuturlar. Lakin son vaxtlarda demək olar ki, daxili tur yoxdur”.
Ekspertin sözlərinə görə, yaxın aylarda da ərəb turistlərinin axını gözlənilmir: “Qeyd etdiyim kimi, ərəblər daha çox yay aylarında ölkəmizə səfər edir. Ona görə də yaxın aylarda onların yenidən ölkəmizə axın etməsi gözlənilmir. Eləcə də qış aylarında bu cür vəziyyət olacaq”.
Digər ekspertlər isə qeyd edir ki, payız aylarında durğunluq olsa da, qış mövsümündə ərəb turistlər yenidən Azərbaycana üz tutacaq. Buna səbəb isə ölkəmizdə qış turizmi baxımından yaradılan yeni şəraitlə bağlıdır. Adətən gələn ərəb turistləri ölkəmizdə orta hesabla 1 həftəyə yaxın qalırlar. Onların bir qismi 5, bir qismi isə 2-3 ulduzlu hotellərdə qalmağa üstünlük verir. BƏƏ, Küveytdən gələn ərəb turistləri daha çox 5 ulduzlu hotelləri seçir.
“Cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
Nazir bildirib ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Onun sözlərinə görə, bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub: “Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir”.
Ə. Qarayev ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.
musavat.com