2 dostdan Türkiyə vətəndaşına qarşı Şirvanda İNANILMAZ ƏMƏL: arvadının əli ilə... - ŞOK TƏFƏRRÜAT

12-10-2017, 14:50           

Şirvan şəhərində quldurluq etməkdə təqsirli bilinən şəhər sakinləri - 1983-cü il təvəllüdlü Ayət Mirzəyev və 1988-ci il təvəllüdlü Natiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Ayət Mirzəyev 3 aprel 2016-ci il, saat 22-də tanışı Natiq Əhmədov ilə birlikdə Türkiyə Respulikasının vətəndaşı Akkurt Sadrettin Rıza oğlunun əmlakını ələ keçirmək qərarına gəliblər.
Türkiyəli iş adamına qarşı quldurluq planı
Bu məqsədilə onlar tanışı Sadil Ağayevə məxsus olan “Vaz 21099” markalı avtomobillə Şirvan şəhəri, Məhəmməd Əsədov küçəsinə gəliblər.
Natiq Əhmədov əvvəlcədən əldə edilmiş razılığa əsasən özləri ilə gətirdiyi velosipedi avtomobilin arxa yük yerindən götürərək orada gözləyib. Ayət isə Sadrettin Akkurtun gəlməsini dəqiqləşdirmək məqsədilə tanışını idarə etdiyi avtomobillə “Köhnə bazar” adlanan ticarət mərkəzinin önünə gələrək orada gözləyib.
Bu zaman Ayət Sadrettin Akkurtun idarə etdiyi “Toyota Land-Cruiser” markalı avtomobillə gəldiyini görüb, bu barədə Natiq Əhmədova mobil telefon vasitəsi ilə məlumat verib. Sonra özü də idarə etdiyi avtomobili Məhəmməd Əsədov küçəsi istiqamətində Sadrettin Akkurtun arxasınca sürüb.
Həmin vaxtı velosipedlə yolu kəsən Natiq Əhmədov guya Sadrettin Akkurtun idarə etdiyi avtomobillə vurulmasını imitasiya edərək yerə yıxılıb, Sadrettin Akkurt Natiq Əhmədovu avtomobillə vurduğunu zənn edərək ona köməklik etmək məqsədilə maşınından yerə düşüb.
Az sonra Ayət Mirzəyev Sadrettinə arxadan yaxınlaşaraq əlində olan dəmir təkər açarını onun baş nahiyəsindən zərbə endirib.
Quldurluq
Onlar zərərçəkmişə xəsarət yetirməklə basqın edərək, onun “Toyota Land-Cruiser” markalı avtomobilini ələ keçirəklə 68000 manat dəyərində ziyan vurublar. Həmin avtomobili Natiq Əhmədov idarə edib və Şirvan-Salyan yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisinə keçən hissəsinə aparıb.
Orada avtomobili yolun kənarına tullayaraq həmin vaxt avtomobilin arxa yük yerində olan zərər çəkmişə məxsus 54000 manat nəğd pulu və 150 manat dəyərində “Samsung Galaxy J1” markalı mobil telefonu götürüblər. Basqın edənlər türkiyəli iş adamına ümümilikdə 54150 manat dəyərində əmlakını ələ keçiriblər.
Üç maddəli cinayət işi
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 185.3.2, 185.3.3-cü (külli miqdarda ziyan vurmaqla, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham ediliblər.
Təqsirləndirilən şəxslərin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayət Mirzəyev 13 il 6 ay, Natiq Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
“Dedi bacısı ilə əlaqəsi var”
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini xahiş ediblər.
Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ayət Mirzəyev ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, dostu Cəlilabad şəhər sakini Əjdər Əjdərovla görüşüb və söhbət edərkən Əjdər ona işlədiyi şirkətin müdiri Sadrettin Akkurtla onun Bakı şəhərində Universitetdə oxuyan bacısı ilə əlaqələrinin olması barədə söz-söhbətlərin çıxdığını bildirib və ondan Sadrettin Akkurtu cəzalandırmağı xahiş edib: “Əjdərlə dost olduğum üçün onunla razılaşdım. Sadrettin Akkurtu cəzalandıracağıma, yəni onunla görüşüb, onu başa salacağıma söz verdim. Hadisə baş verdiyi günə kimi Sadrettin Akkurtla bir neçə dəfə görüşmək istəsəm də, görüşə bilməmişəm”.
“Türkün pulunu götürməmişik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 3-də Əjdər ona zəng edərək Sadrettin Akkurtun axşam saatlarında Gəncə şəhərindən Şirvan şəhərinə gələcəyini bildirib: “Bunun üçün hazırlıq görərək qonşuluğumda yaşayan Sadilin yaşadığı evə gəldim və onun “VAZ-21099” markalı avtomobilini götürdüm. Sonra Çılpaqlı qəsəbəsinə gələrək tanışım Natiq Əhmədovla görüşdüm. Natiqə bir nəfər şəxsin ünvanıma telefonda söyüş söyməsini bildirdim, onu cəzalandırmaq lazım olduğunu dedim. Natiq razılaşdığından, birlikdə, saat 20.30-da Şirvan şəhərində yerləşən işıq idarəsinin yanına gəldik. Əvvəlcədən maşının yük yerinə qoyduğum velosipedi çıxardaraq Natiqə verdim və ona velosipedlə həmin şəxsin maşınının qarşısına çıxmasını tapşırdım. Təxminən 15 dəqiqə gözlədikdən sonra Sadrettin idarə etdiyi “Land-Cruiser” markalı avtomaşınla mağazadan çıxdı və yolda getdiyini gördüm. Maşınla Sadrettinin arxasınca getməyə başladım. Natiqə zəng edərək həmin maşının onun yanına çatmaq üzrə olduğunu bildirdim. Sadrettin Natiqin dayandığı yerə çatanda, Natiq velosipedlə onun qarşısına çıxdı. Sadrettin onu maşınla vurdu, həmin vaxt idarə etdiyim maşını türkün avtomaşınının arxasında saxladım. Əvvəlcədən özümlə gətirdiyim təkər açarını götürərək onlara yaxınlaşdım. Türkün yerə yıxılmış vəziyyətdə olan Natiqə köməklik etdiyini görərək arxadan təkər açarı ilə Sadretinin baş nahiyəsinə bir zərbə vurdum. Türk huşunu itirərək yerə yıxıldı. Natiq onun gəldiyi maşına, mən isə türkün avtomaşınına minərək dərhal hadisə yerindən uzaqlaşdıq. Hadisədən sonra Natiqlə əlaqə saxladım, onunla görüşərək Natiqə bu barədə heç kimə danışmamasını tapşırdım. Hadisədən 2 gün sonra hər ikimiz yaxalanmışıq. Polis şöbəsində olan zaman Əjdərlə görüşmüşəm, onunla söhbət edərkən sonuncu narahat olmamalarını deyərək bizi qurtaracağını bildirib. Lakin Əjdər onlara hər hansı bir köməklik etməyib. Biz türkün avtomobilindən pul və ya digər əşya götürməmişik. Sadrettin Akkurtun avtomobilini idarə edərkən onun telefonuna zəng gəldiyindən əsəbləşərək türkün telefonunu yerə çırparaq sındırmışam. Sadrettin Akkurt hər dəfə izahatında avtomobildə müxtəlif pul məbləğinin olduğunu bildirib”.
“Dedi ki, bacımı yoldan çıxaran hərəkətlər edib”
Ayət Mirzəyev apelyasiya şikayətlərinin təmin olunmasını və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. O, apelyasiya şikayətində göstərib ki, baş verən hadisəni Əjdərin istəyi və israrı ilə törədib: “Əjdər ilə yaxın olmuşuq, münasibətlərimiz xeyli əvvəldən olub. Hadisədən bir neçə gün əvvəl Əjdərlə danışmışam. Əfdər məndən xahiş etdi ki, bir məsələdə ona köməklik edim. Əjdər dedi ki, Akkurt onun bacısının adına söz çıxarıb, üstəlik bacısı ilə yoldan çıxaracaq hərəkətlər edib. Bu səbəbdən də yaşadığı rayonda biabır olublar. Ona görə də Akkurtu cəzalandırmaq lazım olduğunu, ona dərs vermək gərəkdiyini söylədi. Əjdərə bildidim ki, bəs özün və ya atan bunu niyə etmirlər. O, cavadında bildirdi ki, əgər o və atası Akkurta hər hansı xəsarət yetirsələr tez bir zamanda üstü açılacaq. Ona görə ki, o və atası Akkurtun şirkətində işləyirlər və türk iş adamı onları görən kimi tanıyacaq. Üstəlik Əfdər dedi ki, əvvəllər soyğunçuluq etdiyinə görə həbs edilib və özü bu işi görərsə birinci şübhəli şəxs olacaq. Bildirdi ki, mən bu işi görsəm, kimsə bilməyəcək, hətta işin üstü açılsa onlar türk iş adamına təsir edərək, məni şikayət etməkdən çəkindirəcəklər. Bu türk iş adamının Azərbaycanlı qıza sataşmasını özümə sığışdıra bilmədiyim üçün təkliflə razılaşdım. Akkurtun harada olduğunu, nə zaman gələcəyi, harada yaşadığı, hətta hansı döngədən dönəcəyi barədə bütün məlumatları mənə Əjdər verib. Akkurtun necə cəzalandırmağın, onun qarşısını kəsməyin planını da Əjdər cızıb. Hadisə vaxtı Akkurt Sadrəttinin maşınında pul olması barədə hər hansı məlumatım olmayıb”.
Məhkəmədə Ayət Mirzəyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, ibtidai istintaqa verdiyi ifadəsində fərqli danışıb.
“Yaxşı pul əldə edəcəyimi bildirmişəm”
İbtidai istintaq zamanı ifadə verən Ayət Mirzəyev bildirib ki, həyat yoldaşı Ruhiyyə Mirzəyeva təxminən 8 il bundan əvvəl “Galaksi” şirkətinin Saatlı rayonunda yerləşən filialında işləyib, həmin vaxtdan şirkətin müdiri Sadrettin Akkurtu tanıyıb, Ruhiyyəni işə aparanda və yaxud gətirəndə hərdən Sadrettin Akkurtla görüşüb: “Ruhiyyə işdən çıxdıqdan sonra onu bir daha görməmişəm. Təxminən il yarım bundan əvvəl şirkətin Şirvan şəhərində M.Əsədov küçəsində filialı açılıb, qohumum Səbuhi orada işlədiyindən həmin şirkətə getmişəm. Şirkətin müdiri Sadrettin Akkurtun ayda iki dəfə müxtəlif rayonlara gedərək, şirkətin filiallarında olan pulları yığaraq Şirvan şəhərinə qayıdarkən üzərində 100-200 min manat pul olmasından məlumatı olub. Həyat yoldaşım Ruhiyyə həmin şirkətdə işlədiyi üçün bunları bilmişəm. Hadisədən 5-6 ay əvvəl Sadrettin Akkurtun rayonlardan pulları yığıb gələrkən həmin pulları ələ keçirmək qərarına gəlmişəm, həmin işi görməkdən ötrü qonşuluqda yaşayan dostum Natiqlə bu barədə danışmışam, ona yaxşı pul əldə edə biləcəyimi bildirmişəm. Natiqə ələ keçirəcəkləri pulu yarıya böləcəyimə söz vermişəm. Natiq mənimlə razılaşıb və həmin vaxtdan Sadrettini güdməyə başlamışıq”.
“Maşından heç nə tapa bilmədik”
Təqsirləndirilən şəxs ifadəsində türkiyəli iş adamını izləməyindən, daha sonra onu qarət etmələri barədə geniş danışıb. Türkiyəli iş adamına xəsarət yetirəndən sonra onun avtomobil ilə Hacıqəhramanlı qəsəbəsinə tərəf getdiklərini deyən Ayət Mirzəyev əlavə edib ki, qəsəbədə dayanıblar, Natiqlə birlikdə avtomaşında pulları axtarmağa başlayıblar: “Lakin avtomaşının bütün yerlərini axtarmağımıza baxmayaraq oradan pul tapa bilmədik. Avtomaşında bir ədəd qara rəngli mobil telefon olub. Həmin mobil telefonu Natiq götürsə də, sonradan həmin telefonu onun əlindən alaraq tullamışam. Türkün avtomobilini orada qoyaraq getmişik. Natiqlə birlikdə Çılpaqlı qəsəbəsinə gəlmişik. Birlikdə qəsəbədə olan kafeyə gedərək pivə içmişik, sonra evimizə getmişik”.
Natiq Əhmədov da digər təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə uyğun danışaraq, günühasız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
“Dəymiş ziyan ödənilməyib”
Zərərçəkmiş şəxs qismində ifadə verən Sadrettin Akkurt bildirib ki, 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Galaksi” MMC-nin müdürü vəzifəsində işləyir, şirkətin Azərbaycanın müxtəlif şəhərlərində ofisləri var: “Qardaşım Akkurt Kiyas isə Gəncə şəhərində yerləşən ofisin müdiri vəzifəsində işləyir. Aprelin 3-də, saat 13 radələrində Gəncə şəhərinə qardaşım Kiyasın yanına getdim, satışdan əldə olunmuş 54000 manat pulu Bakı şəhərinə aparmaq üçün onu Kiyasdan götürdüm. Həmin məbləğə dair qəbz də vermişəm. Hər dəfə pul göütürəndə hesabata nəzarət etmək üçün pul götürdüyüm şəxsə qəbz də təqdim olunur. Həmin gün saat 18 radələrində Gəncə şəhərindən özümə məxsus “Toyota Land Cruiser” markalı avtomobillə Şirvan şəhərinə gələrək gecəni orada qalmağı, səhəri gün isə Bakıya getməyi qərarlaşdırdım. Şirvan şəhərinə çatıb, şirkətin M.Əsədov küçəsi ilə M.Aydınov küçəsində yerləşən ofisinə getdim, dəmir yolunu keçdikdən sonra qarşımda 20-25 yaşlarında bir nəfər şəxsin velosiped sürdüyünü gördüm. Ona yaxınlaşarkən o, qəfildən yerə yıxıldı. Həmin şəxsi vurduğumu zənn edərək avtomobili saxlayaraq düşdüm. Ona yaxınlaşaraq qaldırmaq istədim. Bu zaman arxadan başıma nə isə dəydiyini hiss etdim. Üzü aşağı yerə yıxılaraq özümü itirdim. Bundan sonra nə olduğunu xatırlamamışam, ayıldıqda xəstəxanada olduğumu görmüşəm. Türkiyəyə müalicəyə getmişəm, oradan qayıtdıqda sonra öyrənmişəm ki, mənə qarşı quldurluq cinayət əməlini törətmiş şəxslər 54000 manat pulumu və “Samsung Galaxy J1” markalı mobil telefonunu aparıblar. Hazırda avtomobili mənə qaytarılsa da, dəymiş maddi ziyan olan 54000 manat və “Samsung Galaxy J1” markalı mobil telefon qaytarılmayıb”.
“Münasibətlərim yaxşı olub”
Cinayət işi üzrə şahid qismində dindirilən Əjdər Əjdərov bildirib ki, onun əsl adı Əjdər olsa da, hamı onu Səbuhi kimi tanıyıb: “2015-ci ilin əvvəllərindən şirkətdə həm sürücü, həm də Şirvan şəhərində yerləşən filialında bölgə müdürü vəzifəsində çalışmışam. Şirkət Azərbaycanın rayon və şəhərlərində məişət avadanlıqlarının satışı ilə məşğul olub. “Galaksi” MMC-nin müdürü Akkurt Sadrettin Rza oğludur, onunla münasibətlərim çox yaxşıdır”.
“Məni də hədələdi”
Şahidin sözlərinə görə, 3 aprel 2016-cı ildə, saat 21 radələrində şirkətin Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən ofisində olarkən iş yoldaşı Azərin işə düzəltmək istədiyi Elşad adlı şəxs ofisə gəlib, Azərin Sadrettinlə danışdığını, onun artıq Hacıqabul rayonunda olduğunu və Şirvana çatdığını bildirib: “Həmin məlumatı dəqiqləşdirmək məqsədi ilə Sadrettinə zəng etdim, Elşadın artıq gəldiyini dedim, sonuncu isə cavabında yolda olduğunu və Elşadın onu gözləməsini tapşırdı. Sadrettinlə bu söhbətdən təxminən yarım saat sonra Bakı şəhərində yaşayan, şirkətin baş mühasibi Cihat mənə zəng edərək Sadrettinin naməlum şəxslər tərəfindən döyüldüyünü və hazırda Şirvan şəhər mərkəzi xəstəxanasında olduğunu bildirdi, oraya getməyimi istədi. Sadrettinə zəng edərək harada olmasını soruşdum. Sadrettin isə mənə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olduğunu bildirdi. İş yoldaşlarım Aftandil və Ramillə birlikdə xəstəxanaya getdik. Sadrettinin vəziyyətinin yaxşı olduğunu görəndən sonra Cihatla əlaqə saxladım. Sonuncu avtomobildə 54000 manat pul olduğunu, avtomobil olan yerə gedib avtomobildən həmin pulu götürməyimi tapşırdı. Ramillə birgə özümə məxsus “Ford Transit” markalı avtomobillə Sadrettinə məxsus avtomobilin tapıldığı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinə getdik. Avtomobil orada olsa da, polis əməkdaşları məni avtomobilə yaxın buraxmadı. Sonradan məlum oldu ki, avtomobildə olan pul götürülüb. Hadisədən təxminən iki gün sonra müəyyən olundu ki, şirkətin müdiri Akkurt Sadrettinə qarşı quldurluq etmiş və avtomobilini qaçırmış şəxslər əvvəllər tanıdığım Ayət Mirzəyev və onun tanışı Natiq Əhmədovdur. Ayət Mirzəyevin mənim də Sadrettin Akkurta qarşı törədilən quldurluq cinayətindən xəbərim olduğunu və cinayətin birbaşa mənim tərəfimdən planlaşdırılması barədə ifadə verib. Onun belə ifadə verməsinə səbəb aprel ayı ərzində Ayətin bir neçə dəfə mənə zəng edərək Sadrettinin atam Mehmana məxsus Cəlilabad rayonunda yerləşən fərdi yaşayış evində yaşadığımı, mənimlə münasibətlərinin yaxşı olduğunu bildiyi və məndən atam Mehmanın Sadrettindən şikayətini götürməsini xahiş etməsini tələb etməsi olub. Ayətlə söhbət zamanı ona elə bir xahiş edə bilməyəcəyimi dedim. Ayət əks təqdirdə mənim də Sadrettinə qarşı quldurluq cinayətini planlaşdırdığımı deyəcəyi ilə hədələdi”.
Digər tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib, onların barəsində olan hökm qüvvədə saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.