“Rabitə” nazirliyində Laçın Mustafayevin izahatı alındı

19-02-2018, 13:51           
“Rabitə” nazirliyində Laçın Mustafayevin izahatı alındı
Bir müddət əvvəl sələmçi Fatma Yolçiyeva ilə əlbir olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin keçmiş rəisi Laçın Mustafayev barədə yazı dərc etmişdik.
Xatırladaq ki,həmin yazıda vətəndaş Sudef Məcidov bu barədə danışarkən bildirmişdi ki, Fatma Yolçiyeva 200 min manat pulu ona sələmə vermiş və “girov müqaviləsi” adı ilə onu aldadaraq, 2,5 milyon manat dəyərində əmlakını ələ keçirib:
“Mən yaxın illərə qədər Hüseynbala Əliyev 15 ünvanında qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə verəcəyini, əvəzində isə girov qoyulmasının lazım gəldiyini bildirdi. Beləliklə, 180 kvadrat metrlik mağazamı Yolçiyeva girov adı ilə aldadaraq ələ keçirdi”. F.Yolçiyeva ona verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı ondan alıb və bunu 2 ayın faizinə hesabladığını deyib.
”Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb. F.Yolçiyeva ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir.
Mən soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olanda obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə,o cümlədən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin keçmiş rəisi Laçın Mustafayevə rüşvət verdiyini dedi”,- S.Məcidov bildirib.

O zaman S.Məcidov hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etsə də onun şikayətlərinə hüquqi qiymət verilməmişdir.
Ancaq bu iki il ərzində, ölkədə bəzi məmurlar öz postları ilə vidalaşandan sonra onların hüquq mühafizə orqanlarında olan dayaqları da zəifləməyə başladı.

365info saytına daxil olan məlumata görə Yolçiyeva mətbuatda ifşa olunandan sonra Məcidova dəymiş ziyanın bir hissəsini ödəyib. Ancaq burda bir məqam var; Yolçiyevanın özünə qalsaydı mətbuatda ifşa edilsə də , Sudef ondan heç qara qəpik də ala bilməyəcəkdi.
Dediyimiz kimi 365info saytına daxil olan məlumata görə S.Məcidova dəyən ziyanın bir qismi ona ödənilib. Bildirilir ki, bunu etmək haqda tapşırıq Yolçiyevaya ona görə verilib ki, onu maliyyələşdirənlər hökümətdə dayaqlarını itirməyə başlayıblar.

Belə ki, 365info saytına daxil olan məlumata görə F.Yolçiyevanın əlində cəmləşib sələmə verilən pullar Nəsimi rayon İH-nın keçmiş başçısı N.Məhəməliyevdən başlayıb keçmiş nəqliyyat naziri Ziya Məmmədovacan uzanan pullardır.
Və onunla bu işlə bağlı görüşüb hər dəfə lazım olan məbləği ona verən Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin keçmiş rəisi Laçın Mustafayev olub.
Yolçiyevanın Məcidovla görüşən vaxt videolentə alınan danışığında Yolçiyeva hətta özü də etiraf edir ki, Məcidov Sudefə məxsus dükanın qabağındakı artırmanı Nəsimi İH-nın işçilərinin sökməməsi üçün, o külli miqdarda rüşvət verib. Və həmin videoyazıda L.Mustafayevin adını çəkərək ona 50 min manat pul verdiyini söyləyir.
STOP! STOP! Axı o vaxt bu danışıqlar gedəndə S.Məcidov hardan biləydi ki, onun əlindən alınan dükan elə Fatma Yolçiyeva tərəfindən Nəsimi Məhəməliyev və Z.Məmmədova verilib.
2016-cı ildə həbsxanadan çıxan S.Məcidov mətbuata üz tutanda hardan biləydi ki, vaxtı ilə onun sahibi olduğu “Masallı market” adlanan dükanına Moskva kolbasaları almaq adı ilə gələn nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anarın elə o vaxtlar onun dükanına gözü düşüb.
Bu günləri yuxarıda adlarını qeyd etdiyimiz insanlar öz postlarını itirəndən sonra onların hüquq mühafizə orqanlarında olan qohumları da daha üzdə görsənən Yolçiyevanı müdafiə edə bilmirlər.

Məsələn , Sudefin sonuncu dəfə Yolçiyevanın cinayət əməllərindən Baş prokurora etdiyi müraciətdən sonra, keçmiş nəqliyyat naziri Z.Məmmədovun qardaşı oğlu, Baş prokurorun köməkçisi Namiq Məmmədov Fatma Yolçiyevanı müdafiə edə bilməyib.

Baş prokurorluqda N.Məmmədovun yadına salıblar ki, onun əmisi daha nazir deyil və F.Yolçiyeva zərərçəkmişə dəyən ziyanı ödəyərək xəbər saytlarından onunla bağlı gedən yazıları çıxartdırmalıdır.Əks halda Yolçiyeva cinayət məsuliyyətinə cəlb olunacaq.
Bax bu xəbərdarlıqdan sonra, Yolçiyeva Məcidovu taparaq ona dəymiş ziyanın bir hissəsini ödəyib.

365info saytına daxil olan məlumata görə hələ yuxarıda qeyd etdiyimiz hadisələrdən əvvəl, N.Məhəməliyev icra başçısı vəzifəsindən azad olunandan sonra vəzifəsini itirənlərdən biri də L.Mustafayev olub. Və əlbəttə ki, onu çox vəzifəsiz qalmağa qoymayıblar, Z.Məmmədov onu nazirlikdə işlə təmin edib.

365info saytına daxil olan məlumata görə L.Mustafayev Z.Məmmədovun pullarından 700 min dollarını da Binəqədi RPİ-nin rəisi Namiq İsmayılova iş görmək adıyla verib.

Redaksiyamıza daxil olan məlumata görə Namiq İsmayılov həmin pula 6-cı mikrorayonda özünə villa tikdirib və Novxanıda dəniz kənarında restoran alıb. Və bu günəcən də 700 min dolları L.Mustafayevə qaytarmayıb. Mustafayev ondan hər dəfə verdiyi pulu tələb edəndə isə , Namiq İsmayılov Yolçiyevanın Məcidovun başına gətirdiyi oyunlardan xəbərdar olduğunu onun yadına salıb. Çıxılmaz vəziyyətdə qalan Mustafayev isə Z.Məmmədovdan razılıq alaraq Məcidova dəyən ziyanın bir qismini Yolçiyevanın vasitəsi ilə ödəməyə başlayıb.

L.Mustafayev Namiq İsmayılovla son görüşdə hətta bildirib ki, guya o bu yaxınlarda Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin olunacaq və ondan sonra Namiq İsmayılovun tutduğu postda qalmağı barədə yenidən fikirləşməli olacaq”.
Bu günlərdə 365info.az saytına Laçın Mustafayevlə bağlı yeni məlumatlar daxil olub.
Belə ki, Laçın Mustafayevlə Milli Məclisin deputatı, Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı Nəsib Məhəməliyevin qohumluq əlaqələri üzə çıxıb.
Mənbənin məlumatına görə Laçın Mustafayevin qardaşı Nəsib Məhəməliyevin yeznəsi olub.
Ümumiyyətlə L.Mustafayevin vaxtı ilə Nəsimi rayonun əsas oliqarxlarından birinə çevrilməsi haqda mətbuatda çox yazılıb.
Məsələn , bir neçə il əvvəl onun haqda yazılan yazıların birində bildirilir ki,Nəsimi rayon icra başçısı N.Məhəməliyevin sağ əli olan L.Mustafayevin rayonda çoxsaylı mülkləri və obyektləri fəaliyyət göstərir.

Qeyd edilir ki,Kommunal Təsərrüfat İstehsalat Birliyinə ayrılan pulları mənimsəməklə milyonerə çevrilən Mustafayevin Bakıda keçiriləcək Avropa Oyunlarına ayrılan pulların bir qismini öz şirkətləri vasitəsi ilə mənimsəyib:

“Nəsimi rayon Kommunal Təsərrüfat İstehsalat Birliyin nəzdində 16 MKİS fəaliyyət göstərir. El arasında bu qurumlara JEK deyilir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, özünü dayanmadan oda-közə vuran L.Mustafayev N.Məhəməliyevin etimadını qazanıb və bu üzdən də icra başçısı bütün rayonun taleyini Laçın Mustafayevə tapşırıb. Qazanılan etimaddan istifadə edən Laçın Mustafayev dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaiti müxtəlif işlərin görülməsi, təmiri, tikintisi adı altında sənədləşdirərək silir.
Hazırda Nəsimi rayon icra başçısının ən asan pul qazanmaq yerinin məhz Mənzil Təsərrüfat İstehsalat Birliyi olduğu qeyd olunur. Rayonun daxili büdcəsindən birliyə ayrılan vəsaitlər hesabına görülən işlərin qiyməti bir neçə dəfə şişirdilərək dövlət vəsaiti ciblərə axıdılır.
Məlumata əsasən Nəsimi rayonun bir çox küçələrindəki abadlıq, quruculuq işlərni Mənzil Kommunal İstehsalat Birliyi həyata keçirir. İcra başçısı Bakıda keçiriləcək Avropa Oyunları adı altında Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinə xətti ilə rayonun bəzi küçələrinə asfalt örtüyü çəkdirir. Bəzi küçələrdə isə səkilər təmir olunur. Səkilərin təmir edilməsi, bərpası işlərində külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi iddia olunur. Mənimsənilən dövlət vəsaitlərinin böyük bir hissəsinin L.Mustafayev tərəfindən icra başçısına çatdırıldığı iddia olunur.”(azerinfo.org)
Qohumların adı birlikdə mətbuatda “yaşıl soyqırımda” da hallanıb.
Məsələn bir müddət əvvəl Bakının Nəsimi rayonu, 20 yanvar küçəsi 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların (Eldar şamı, akasiya, sərv və s.) kəsilməsi məbutada işıqlandırılmışdır və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müdaxiləsi nəticəsində «təbiət qətliamı»nın qarşısı alınmışdır.
Qeyd edək ki,həmin vaxt Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri bu «əməliyyatı» ağacların budanılması adı altında həyata keçirməyə cəhd ediblər:”Lakin ərazidə yaşayan sakinin ağacların qırılmasını çəkərək mətbu orqana yollaması N.Məhəməliyevin bütün planını pozub və nəticədə icra başçısı ciddi sayılacaq qalmaqalla üzləşib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Nəsimi rayonunda 20 yanvar küçəsində baş verən nadir ağacların budanılması adı ağacların kəsilməsi göstərişi rayon icra başçısı N.Məhəməliyevdən gəlib. İddiaya görə icra başçısı adı çəkilən ərazininin torpaq sahəsini bir iş adamına satıb. Həmin iş adamından əvvəlcədən külli miqdarada “beh”də alınıb.
Məlumata əsasən Heydər Əliyev Fondunun işçilərinin əraziyə baxış keçirmələri zamanı isə icra başçısı Nəsib Məhməliyev bütün günahı L.Mustafayevin üstünə atmaq istəyib, baş verənləri idarə rəisinin özbaşınalığı kimi dəyərləndirib və Laçın Mustafayevin cəzalandırılacağı barədə söz verib.”.
Düzdür ,sonradan bildirilib ki,Nəsimi rayon 20 yanvar küçəsi 22 nömrəli mənzilin qarşısındakı ağac budama adı altında nadir ağacların kəsilməsini Vaqif Novruzovun rəhbərlik etdiyi Bakı Şəhər Yaşıllaşdırma İdarəsi həyata keçirib,amma fakt faktlığında qalıb. Həmçinin L.Mustafayev bildirib ki, ağacların budanılması və kəsilməsi işindən Nəsib Məhəməliyevin guya heç bir xəbəri olmayıb.

L.Mustafayevin adı hallanan çoxsaylı məsələlərdən biri də “Kapitol” adlı tikinti firmasının qanunsuz əməli ilə bağlı məsələdir:

“Bakıda “Kapitol” adlı, fəaliyyəti müəmmalı tikinti firmasının kapital maraqları bir qaçqın ailəsinin ikinci dəfə yurd-yuvasından didərgin düşməsi ilə nəticələnmişdir. Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqova illərdir ki, “Kapitol” şirkəti və onun sahibi Abbas Səfərovun ucbatından kirayədə yaşayır. Şikayətçinin sözlərinə görə, evini uçuran “Kapitol” şirkəti nə kompensasiya verir, nə evlə təmin edir, nə də məhkəmə qərarlarını icra…
“Kapitol” şirkəti Ş.Abdullayev küçəsində onlara məxsus torpaq sahəsində – məcburi köçkün ailəsinin yaşadığı evin bir neçə metrliyində bina tikmək üçün təxminən 8-10 metr dərinliyində “katlavan” qazıb. Özül daşlarından əvvəl məcbur köçkün ailəsi quyuya düşüb. “Katlavan”ı uzununa genişləndirsəydilər, ailə həqiqətən quyuya düşəcəkdi. Bu dəfə isə qazıntı evi qəzalı vəziyyətə salıb. Zəngilanlı ailənin ev qəzasına düşmələrini Nəsimi rayon İcra Hakimiyyəti MKT birliyinin rəisi Laçın Mustafayevin S42 sayli 19.09.2008-ci il tarixli məktubu da təsdiq edir.
Şirkətin direktoru Abbas Səfərov ailəyə çıxış yolu göstərir: bina tikilib qurtarana qədər ailə kirayədə qalacaq, kirayə pulunu şirkət ödəyəcək, bununla yanaşı, ailənin qəzalı evində şirkət tərəfindən təmir işləri aparılacaq.
Şirkətlə ailənin cavabdeh şəxsi arasında müqavilə imzalanır. Müqavilədən sonra ev tamam sökülür. Köçkün ailəsinə məxsus evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə “Kapitol” şirkətinin əlinə keçir. 2008-ci ildə təkrar “araşdırma” başlayır. MKT birliyinin rəisi Laçın Mustafayevin birinci qərarının – torpağın “Kapitol” şirkətinə verilməsi əmrinin dəyişdirilməsi məqsədi ilə ailəyə məsləhət görür ki, Nəsimi rayon İcra Hakimiyyətinə “icazə verin, şirkət evimizi təmir etsin” məzmununda məktub ünvanlasın. 2009-cu ildə ailə ilə şirkət yenidən razılığa gəlib. Növbəti öhdəlik müqaviləsi imzalanıb. Ailənin Nəsimi rayonu Kərpic küçəsi 43 ünvanında məskunlaşdığı mənzili yerlə-yeksan edilir. Yalandan vəd verilir ki, yenisini tikirik. Kirayəyə sığınan ailənin ödənişi, 2014-cü ilin fevralına kimi şirkət tərəfindən ödənir. Hüquqi müstəvidə hər şey ailənin leyhinə gedir. Ancaq məhkəmə iddiası havada qalır. Şirkət ailəyə nə kompensasiya verir, nə mənzil alır”. (qaynarinfo.az)
Laçın Mustafayevlə Nəsimi Məhəməliyevin işbirliyi bir xeyli müddət davam etsə də sonradan onların işbirliyi pozulub.Buna da səbəb L.Mustafayevin qardaşı ilə N.Məhəməliyevin bacısının boşanması olub. Elə bu boşanmadan sonra L.Mustafayev N.Məhəməliyev tərəfindən gözümçıxdıya salınıb. Hətta son vaxtlar, Məhəməliyev Nəsimi rayonunun icra başçısı işlədiyi vaxt Mustafayev demək olar ki, N.Məhəməliyevi Hacıbala Abutalıbovla düşmən etmişdir. Bu metodla L.Mustafayev N.Məhəməliyevdən qisasını almaq istəyib.

Hər dəfə Nəsimi rayonunda bir hadisə baş verən kimi, Mustafayev özbaşına, Məhəməliyevlə məsləhətləşməmiş mətbuata, özü də Hacıbala Abutalıbovun əleyhinə açıqlamalar verirdi. Hətta rayonda nəsə baş verəndə o mətbuata bildirirdi ki, bu məsələnin onlara aidiyyəti yoxdur,həmin məsələyə Bakı şəhər icra hakimiyyəti cavabdehdir. Bu cür hərəkətləri ilə o Ziya Məmmədovun diqqətini cəlb etməyə çalışır və onun yanında gözə girdiyi üçün, N.Məhəməliyevdən ayrılan kimi,öz xidmətini Nəqliyyat nazirliyində Z.Məmmədovun yanında davam etməyə müvəffəq olur . Ancaq sonra NN ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə verilən kimi, o başlayır yeni nazir Ramin Quluzadəyə yaxınlıq etməyə.

Ancaq yeni nazir L.Mustafayevi onun özündən də yaxşı tanıdığı üçün, Laçının arzusu ürəyində qalmalı olur. Məlumata görə Laçın Mustafayevlə sələmçi Fatma Yolçiyevanın əlaqələrindən söz açdığımız yazıdan sonra L.Mustafayevin nazirlikdə izahatı alınıb. Ancaq o hələ də yeni nazirlikdə öz işini davam etdirir.
Deyəsən 365info saytı, nazir Ramin Quluzadə ilə qonşu olduğu üçün özü barədə yüksək fikir formalaşdırmaq istəyən L.Mustafayevin arzusunu yenə də ürəyində qoyacaq.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli
365İNFO.AZ
[media=https://www.youtube.com/watch?v=yqi_IyFF1K4]
[media=https://www.youtube.com/watch?v=I3oH4zKzoeQ]
[media=https://www.youtube.com/watch?v=xYRr_yBPh64]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.