Eldar Əzizov Bayılda fövqəladə görüş keçirdi
19-02-2018, 16:51
Bu gün Bayıl sürüşməsinə görə ərazidən köçürülən sakinlərlə Səbail Rayon İcra hakimiyyətinin başçısı Eldar Əzizov görüş keçirib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, E.Əzizov görüşdə bildirib ki, bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsinə isə baxılır: “Sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır. Alimlər işləyir, həm də bəzi şəxslər evlərindən köçmək istəmir. Alimlər araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev zonadan kənarda olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq”.
E.Əzizov əlavə edib ki, ərazidə sürüşmə azalsa da, proses gedir: "Həmin ərazidə təhlükədə olan 98 ev var, amma cəmi birinin sənədi var. Buna baxmayaraq, cənab prezidentin tapşırığı ilə fərq qoyulmayacaq. Başqa dövlətlərdə isə bina və ya fərdi ev dövlətin balansında olmayanda heç bir yardım edilmir.
Kim notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsini təqdim edibsə, onların adına bank hesabı açılır və kirayə haqqı ayrılır. Kirayə haqları ailə üzvlərinin sayına görə hesablanır. Hazırda hesablananlar arasında minimum kirayə haqqı 260 manat olub. Artıq evləri uçan şəxslərə isə birdəfəlik kompensasiya verilməsi hesablanır".
E. Əzizov deyib ki, kompensasiyalar evlərin ölçüsünə, kirayə haqları isə dövlətin normativlərinə uyğun olaraq hesablanacaq.