İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbirlər keçirilir - FOTOLAR

26-02-2018, 20:09           
İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbirlər keçirilir - FOTOLAR
teref.az - Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.

teref.az xəbər verir ki, tədbirdə çıxış edən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib ki, Azərbaycan xalqının ayağına dəyən daş Türkiyənin ürəyini ağrıdır. Xocalı faciəsi türk xalqının da sağalmaz yarasıdır.Xocalı soyqırımını heç bir zaman unutmayacaqlarını deyən bələdiyyə sədri şəhidlərimizin ruhuna daim dualar etdiklərini bildirib. Xocalı soyqırımı abidəsinin Türkiyədə ilk dəfə İzmitdə yaradıldığını deyən Nevzat Doğan vurğuladı ki, bu gün ölkəsinin hər bir şəhər və rayonunda şəhidlərimizin xatirəsinə anım abidəsi ucaldılır.

Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülara Verdiyeva isə çıxışında qeyd etdi ki, erməni terrorçularının törətdiyi bu soyqırım heç bir zaman insanların yaddaşından silinməyəcək. Gülarə Verdiyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, qardaş Türkiyə də bu dərdi Azərbaycanla birlikdə yaşayır. Erməni terrorunun acı nəticələrini istər Azərbaycan, istərsə də Türkiyə gələcək nəslə ötürməlidir. İzmit bələdiyyəsinin Xocalı şəhidlərinin xatirəsinə inşa etdirdiyi xatirə abidəsinin gənclər üçün önəmli olduğunu bildirdi.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, ermənilər Fevralın 25-dən 26-na keçən gecə uşaq böyük demədən Xocalı şəhərində amansız soyqırım törədiblər, lakin beynəlxalq təşkilatlar və dünya dövlətləri bu amansız soyqırımın səbəbkarlarını cəzalandırmağa tələsmirlər. Bilal Dündar qeyd edib ki, bu səbəbdən bütün Türk dövlətləri bir araya gəlib Xocalı soyqırımını dünyaya qəbul etdirməlidir.

Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçiriblər.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qeyd edib ki, rəsmi sənədlərdə də göstərildiyi kimi, dinc əhaliyə amansız divan tutan erməni hərbçiləri qadın və uşaqları xüsusi qəddarlıqla qətlə yetiriblər. Əsirlikdəki Azərbaycan qadınlarına amansız işgəncələr verən erməni terrorçuları körpə uşaqları süngüyə keçirərək öldürüblər. O, liseyin şagirdlərini Xocalı soyqırımı barədə məlumatları bütün həmyaşıdlarına, yaxınlarına çatdırmağa çağırıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Xocalı faciəsi nəinki Azərbaycan xalqına, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə girərək qadın, uşaq demədən hər kəsi amansızcasına qətlə yetiriblər. Əsir götürülən dinc sakinlərə dəhşətli işgəncələr verilib.

Xocalı faciəsi ilə bağlı faktları eşidən şagirdlər bu cür hadisələri yalnız filmlərdə gördüklərini bildiriblər. İnsanlıq tarixində belə faciənin törədilməsini təsəvvürlərinə belə gətirmədiklərini deyən şagirdlər bu dəhşətli cinayət barədə həmyaşıdlarına məlumat verəcəklərini söyləyiblər.

Nəsimi rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova rəhbərlik etdiyi təhsil ocağının şagirdlərinin Xocalı faciəsi ilə bağlı

hazırladıqları əl işlərini türkiyəli şagirdlərə təqdim edib. Liseyin rəhbərliyi faciəni xatırladan bu əl işlərinin təhsil ocağının muzeyində saxlanılacağını bildirib.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan silsilə tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olan nümayəndə heyəti Kocaeli şəhər valisi Hüseyn Aksoy və Körfəz bələdiyyəsinin sədri İsmayıl Baranla görüşüblər.

Kocaeli şəhər valisi ilə görüş zamanı vali Hüseyn Aksoy bildirib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi qardaş Türkiyəni də narahat edir. O, Xocalı soyqırımından danışaraq bildirib ki, Qərb ölkələri bu faciəyə biganə yanaşırlar və beynəlxalq təşkilatlar tezliklə ermənilərin törətdiyi bu soyqırımına düzgün hüquqi qiymət verməlidirlər.

Körfəz bələdiyyəsinin sədri İsmail Baranla görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdilər.

Körfəz bələdiyyəsinin sədri İsmail Baran isə bildirdi ki, Xocalı soyqırımı Türkiyənin də ağrı-acısıdır. Azərbaycanı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Türkiyəni də narahat edir. O vurğulayıb ki, tarixən ermənilərin türk xalqlarına qarşı törətdikləri vəhşiliklər 1992-ci il fevralın 26-da Xocalı şəhərində təkrarlanıb. Ermənilərin Xocalıda törətdikləri vəhşiliyin soyqırımı olduğunu vurğulayan bələdiyyə sədri dünya ictimaiyyətini buna laqeyd qalmamağa çağırıb.

Nümayəndə heyətinin Xocalı soyqırımının 26-cı ildönümünün ilə əlaqədar tədbirlər və görüşlər davam edir.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.