Səbail yeniləşir
21-04-2018, 01:31
teref.az - Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı böyük coşqu və yüksək əhval-ruhiyyədə keçirildi.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə bütün Səbailliləri təbrik edib, rayon ictimaiyyəti adından cənab Prezidentə ölkəmizin inkişafı, tərəqqisi və xalqımızın rifahının artırılması iştiqamətindəki işlərində yeni-yeni uğurlar arzulayıb.
Daha sonra natiq Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konret tapşırıqlar, həmçinin cari ilin ilk 3 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi. Bildirdi ki, 3 ay ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə Azərbaycan iqtisadiyyatında 2,3 faiz, qeyri-neft sektorunda təxminən 3 faiz, kənd təsərrüfatında 4,2 faiz artım qeydə alınmış, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır.
3 ayda ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artmış və hazırda 44,2 milyard dollara bərabərdir. Xarici ticarət dövriyyəsi 31 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz, əhalinin gəlirləri təxminən 10 faiz artmış, inflyasiya cəmi 4 faiz olmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin birinci rübünün yekunlarından danışaraq qeyd etmişdir ki, 3 ay ərzində rayonun iri sənaye müəssisələri tərəfindən 7 milyard 319,9 milyon manatlıq məhsul istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1,4 faiz artmışdır.
İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 123.7 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 30.7 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 50.3 milyon manat və ya 76.5 faiz çox olmuşdur.
3 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 191.5 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 775,3 milyon manat təşkil etmişdir.
I rübdə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 201.1 milyon manat məbləğində və ya 24.9 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə əhaliyə 69.7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 1,2 faiz çoxdur.
Hesabat dövründə Səbail rayonu ərazisində 1438 yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2018-ci il tarixinə kimi 59545 yeni iş yerləri açılmışdır ki, bunun da 53708–i daimi iş yerləridir.
Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir.
Mart ayının 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilmiş, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir.(görüntü var)
Mart ayının 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin iştirakı ilə Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının əhatəsindəki məhəllə əsaslı təmir olunaraq iştifadəyə verilmişdir.
Sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış həyətdə Novruz bayramı münasibəti ilə bayram tədbiri təşkil olunmuş, burada diametri 5 metrdən çox olan Badamdarın ən böyük xonçası qurulmuşdur.
Mart ayının 28-də isə Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin yeni inzibati binasının da açılışı olmuşdur.
Hər il olduğu kimi bu ildə Formula – 1 yarışları ərəfəsində şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılmışdır. Eyni zamanda mərkəzdəki bütün əsas küçələrdə və istirahət parklarında səkilərdə təmir işləri aparılıb, panduslar quraşdırılır.
Rayonun ən böyük qəsəbəsi olan Badamdar qəsəbəsində sosial layihələrin həyata keçirilməsi davam edir. RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlər görülür.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. Bu işlər davam etdirilir.
Qeyd olunmuşdur ki, 2018-ci ilin yanvar ayında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, 10 fevral 2018-ci il tarixində isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi tam, 2 fərdi yaşayış evi isə qismən dağılmışdır.
Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılmış və onlar təhlükəli ərazidən köçürülmüşlər.
Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılmışdır.
Həmçinin Nazirlər Kabinetinin digər Sərəncamına uyğun olaraq bu ərazidə baş vermiş lokal torpaq sürüşməsı nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilmişdir.
Hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsassən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaqdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, Azərbaycanlıların soyqırımınin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində RİH-nin təşkilatçılığı ilə ingilis dilinə tərcümə olunmuş «Azərbaycanlıların soyqırımı» kitabının təqdimatı keçirilmişdir.
Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün onların asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, bu ay keçiriləcək irimiqyaslı beynəlxalq idman yarışları zamanı mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərə və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.