Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır
23-04-2018, 23:33
teref.az - “Nar” önümüzdəki günlərdə Bakıda keçiriləcək Formula Qran Pri yarışları ərəfəsində şəbəkəsinin optimallaşdırılması istiqamətində müxtəlif işlər görüb. Mobil operator paytaxta gələcək sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün müvafiq işləri başa çatdırıb. Belə ki, ərazinin şəbəkə testləri tamamlanıb və şəbəkənin keyfiyyət ölçüləri müəyyənləşdirilib. Bakı şəhərinin mərkəzində şəbəkə tutumu maksimum optimallaşdırılıb, 4G (LTE-A) şəbəkə tutumu və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 20-dən artıq yeni baza stansiyası quraşdırılıb. Yarışların keçiriləcəyi ərazilərdə şəbəkə tutumunun mükəmməlləşdirilməsi üçün yeni 6 mobil baza stansiyası işə salınıb.
Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.