İsmayıllıda Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib
24-04-2018, 23:33
teref.az - Bəşəriyyət tarixində böyük siyasətçi, fenomen şəxsiyyət kimi tanınan Heydər Əliyevin 95 illiyi Respublikamızda və həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd olunur. Onun Azərbaycan xalqının taleyində oynadığı rol, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti bir daha diqqətə çatdırılır, gənclərə öyrədilir.
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda ümummilli liderin 95 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli:əsas istiqamətlər” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidənin önünə gül qoyulub. Rayon Mədəniyyət Mərkəzində ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən sərgiyə baxılıb.
DQİDK-nin sədri Mübariz Qurbanlının, Komitə əməkdaşlarının, rayon rəhbərliyinin, hüquq-mühafizə və ədliyyə orqanları işçilərinin, YAP İsmayıllı Rayon Təşkilatının, icra nümayəndələri və bələdiyyə sədrlərinin, dini icma sədrləri və din xadimlərinin, rayon ağsaqqalları və gənclərinin, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışanların, məktəb direktorlarının iştirak etdiyi konfransı giriş sözü ilə RİH-nin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb. Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərini diqqətə çatdıran M.Sadıqov dahi öndərin rəhbərliyi dövründə ölkəmizdə həyata keçirilən dövlət-din siyasəti və onun uğurlu nəticələri barədə məlumat verib. Bu gün Azərbaycanın multikultural, tolerant bir dövlət olduğunu, cənab Prezident İlham Əliyev tərəfindən dövlət-din siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər ” mövzusunda məruzə edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov çıxış edərək Heydər Əliyev siyasətinin bütün sahələrədə, eyni zamanda dövlət-din siyasəti, millətlərarası münasibətlər sahəsində davam etdirildiyini, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən islami dəyərlərə yüksək qiymət verildiyini bildiriblər. Qeyd olunub ki, tarixən Azərbaycanda ayrıseçkilik, antisemitzm halları mövcud olmayıb, bu gün də ölkəmiz çoxkonfensiyalı ölkə kimi əminamanlıq şəraitində inkişafını davam etdirir.
Rayon ictimaiyyəti adından çıxış edən dövlət qulluğu veteranı Valeh Salehov Ulu Öndərin bütün sahələrdəki xidmətlərini diqqətə çatdırmaqla bildirib ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənlərinin qorunub saxlanması dövlətin daim himayəsi altındadır.
Sonda ictimaiyyət nümayəndələri, dini icma sədrləri və din xadimləri tərəfindən verilən suallar cavablandırılıb.