Səbail rayonu Səbaildə Çernobılçılarla görüş keçirilib

26-04-2018, 17:42           

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilmişdir. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçının müavini Eldar Ağayev bildirmişdir ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Toplantıda qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunmuş, 40 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.