Bakıda "SOCAR" brendi altında 28-ci yanacaqdoldurma məntəqəsi açılıb

30-08-2018, 13:07           
Bakıda "SOCAR" brendi altında 28-ci yanacaqdoldurma məntəqəsi açılıb
Bakının Pirallahı rayonu, Pirallahı qəsəbəsində “SOCAR” brendi altında sayca 28-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi olub.

Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, tədbirdə “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov, Cəmiyyətin digər rəhbər işçiləri və Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan T.Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

T.Seyidov “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu məntəqədə 20 nəfərə yaxın işçi çalışır.

Daha sonra Pirallahı rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar diləyib. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. V.Səfixanov dövlət proqramları çərçivəsində rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verdi, yeni müəssisələrin istifadəyə verilməsini, yeni iş yerlərinin yaradılmasının önəmini vurğuladı. Qeyd edildi ki, məntəqənin işə düşməsi ilə rayonda yanacağa olan tələbat tam ödəniləcək. YDM-ə işə əsasən yerli sakinlərin götürülməsini diqqətə çatdıran V.Səfixanov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.

Sonda baş direktor “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.