Ermənilər İŞİD-ə qarşı döyüşlərə qoşulur?
29-10-2015, 20:27
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri yalnız təşkilata üzv ölkələrdə deyil, BMT-nin qərarı əsasında hətta başqa ölkələrdə “sülhün təmin olunması” əməliyyatlarında iştirak edə bilər.
AzVision.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibinin müavini Valeriy Semerikov qeyd edib.
“Qərar qəbul olunacağı təqdirdə sülhməramlı qüvvələr həm KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının mandatı, həm də BMT-nin mandatı üzrə hədəfləri yerinə yetirməyə hazırdır”, - deyə Semerikov təşkilatın Beynəlxalq Qızıl Xaç Komitəsi koordinasiya iclasından sonra jurnalistlərə bildirib.
O, qeyd edib ki, KTMT-nin sülhməramlı qüvvələri öz hazırlıqlarına dəfələrlə hərbi-təlimlərin yerinə yetirilməsi zamanı göstərib.
KTMT 15 may 1992-ci ildə yaradılıb. Təşkilata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.