“İsraili işğal etməyə hazırıq” - Hizbullah
5-03-2016, 20:20
Hizbullah çox güclü silah əldə edib.
Axar.az xəbər verir ki, bunu Hizbullahın adının çəkilməsini istəməyən komandirlərindən biri ABŞ-ın “Forin polisi” qəzetinə açıqlamasında söyləyib. Onun sözlərinə görə, təşkilat Suriya müharibəsində böyük təcrübə qazanıb və hər an İsraili işğal etməyə hazırdır:
“Hizbullah Suriya Prezidenti Bəşər Əsədi İranın əmri ilə müdafiə edir. İndi biz ilk dəfə açıq müharibə yolu ilə İsrail ərazilərinə soxula bilərik. İsrailin şimalındakı əhali bizə heç bir müqavimət göstərə bilməyəcək”.
Qeyd edək ki, Hizbullah 1982-ci ildə Həsən Nəsrullahın rəhbərliyi altında yaradılıb. Təşkilatın yaradılmasında İran kəşfiyyatının böyük rolu olub. Hizbullahın əsas məqsədi Livanda İran nümunəsində islam dövləti yaratmaqdır. Bu təşkilata indiyə qədər ən böyük dəstək İran və Suriya tərəfindən verilib. 80-ci illərdə Yaxın Şərqdə, xüsusilə, Livan, Suriya, İraqda aktiv fəaliyyət göstərən SSRİ də bu təşkilatın fəaliyyətinə göz yumub.
Təşkilatın əsas məqsədləri sırasında İsrailin yox edilməsi də var. 1996-cı il İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatlar təşkilatın güclənməsinə şərait yaradıb. 2000-ci ildə BMT-nin vasitəçiliyi ilə İsrail qoşunları Livanın cənubundan çıxarıldıqdan sonra rəsmi Beyrut Hizbullaha bütün cənub sərhədlərini həvalə edib. Kifayət qədər güclü olan təşkilat hakimiyyətdə əsas postlara sahiblənməyi bacarıb.
Hizbullah indiyə qədər İsrail, ABŞ, Avropa Birliyinin bəzi ölkələri, Avstraliya, Ərəb Liqası tərəfindən terror təşkilatı kimi tanınıb.