Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR – Qanun dəyişir

Bu gün, 15:47           
Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR –
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna yeni dəyişiklik təklif edilib. Qanunvericilik təşəbbüsünə əsasən əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir.

Hansı yeniliklər olacaq?

Layihəyə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.

Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

Qeyd edilib ki, praktikada hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriya) arasında uyğunsuzluq hallarına rast gəlinir.

Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmə olmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatından imtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi.

Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərli məhkəmə qərarlarının qəbuluna səbəb olurdu. Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədə yaranan məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinə zərurət vardır. Qeyd olunanları nəzərə alaraq, müvafiq qanun layihəsi təqdim olunmuşdur.

Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

- qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmanın aparılması. Qeyd etmək lazımdır ki, bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu;

Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:

- təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir;

- təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.

Qanuna edilən dəyişikliklər hansı nəticələri doğuracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyir ki, bu çox düzgün və doğru yanaşmadır:

“Bu gün sənədsiz evlərin rəsmiləşdirilməsində əsas problemlərdən biri torpağın təyinatı məsələsidir. Evlərin bir çoxu bələdiyyə, bəziləri isə kənd təsərrüfatı təyinatlı, ya da ki, dövət mülkiyyətində olan torpaqlarda inşa edilib. Ona görə də qanununvericiliyə əsasən istifadə növünün real vəziyyətinin öyrənilməsi Dövlət Reyestr Xidmətinə verilsə, bu problemin böyük ölçüdə həllinə imkan verər.

Məlumdur ki, Bakı ətrafında inşa edilmiş evlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Beləcə kənd təsərrüfatı torpaqları 20 ildən artıqdır ki, yaşayış massivinə çevrilib. Belə torpaqların təyinatının dəyişdirilməsi çox vacibdir. Ona görə də yeni qanunvericilik təşəbbüsü Reyestr Xidmətinə əlavə səlahiyyətlər verəcək ki, bu da sənədsiz evlərin rəsmiləşdirilməsinə yaşıl işıq yandıracaq”.

Müsahibimiz qeyd edir ki, bu gün əksər vətəndaşların əlində ilkin sənəd var:

“Amma Reyestr Xidməti onlara çıxarış verə bilmir. Çünki həmin torpaqların çoxunun təyinatı qeyri-yaşayışdır. Bu da ciddi problemlər yaradır. Nəzərə alaq ki, hazırda torpaqların təyinatının dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Amma yeni qanunvericilik təşəbbüsü imkan verir ki, Reyestr Xidməti müvafiq araşdırmalar aparsın və torpaqların mövcud istismar növü barədə hökumətə təklif versin. Bu da təbii ki, sənədsiz evlərin rəsmiləşdirilməsində ən böyük əngəli aradan qaldırmış olacaq”.

Surxay Atakişiyev, Bizim.Media













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.