Rusiya rəsmilərindən Fransa polisinə təhqir “yağışı”:“Onlar kişiləri yalnız gey paradlarda görürlər”
14-06-2016, 10:26
Fransa prokurorluğu bəyan edib ki, Marseldə Rusiya-İngiltərə komandalarının qarşılaşdığı matçda baş vermiş dəhşətli zorakılığın arxasında “yaxşı təlimlənmiş rus xulaqanları” olub.
Marsel şəhər prokurorluğu bildirir ki, Rusiyadan olan 150 azarkeş “ultrasürətli, ultrazorakı akta yaxşı hazırlıqlı olublar” və zorakılıqdan sonra aradan çıxa biliblər. 5 İngiltərə azarkeşi polisə butulka atdığına görə saxlanıb, daha 6 nəfərə qarşı cinayət işi açılıb. İki Rusiya azarkeşi oyun meydançasının yan zolağına daxil olduğuna görə həbs edilib. Əksəriyyəti İngiltərə azarkeşləri olmaqla 35 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Britaniyanın daxili işlər naziri Theresa May Rusiya futbol azarkeşlərini “zorakılığın başlanmasında ağır məsuliyyətə” görə tənqid edib, eyni zamanda bildirib ki, bir sıra İngiltərə azarkeşləri öz ölkələrinin “başını aşağı ediblər”. İngiltərə yığmasının baş məşqçisi Roy Hodgson və komandanın kapitanı Uayne Runi İngiltərə azarkeşlərini “ləyaqətli davranışa” çağırıblar.
Azarkeş yox, xuliqan
Marsel polisi və prokurorluğu bildirir ki, şənbə günü Stade Velodrome statidionunda keçirilən matç 1-1 hesabı ilə başa çatdıqdan sonra Rusiya azarkeşlərinin bir qrupu gözlənilmıədən İngiltərə azarkeşlərinə hücum edib. Marsel prokuroru Bric Robin mətbuat konfransında deyib ki, sözü gedən 150 rus azarkeş zorakılığa son dərəcə yaxşı hazırlıqlı olublar və reallıqda onları azarkeş yox, xuliqan adlandırmaq daha düzgün olardı. Cənab Robin bildirib ki, hazırda matçdan sonrakı zorakılığın videoyazısına baxılır və ayrı-ayrı fərdlər müəyyənləşdirilir.
UEFA baş vermiş hadisə ilə bağlı təhqiqata başlayıb və elan edib ki, zorakılıqlar bundan sonra da davam edərsə, hər iki komandaya qadağan qoyulacaq. Təşkilat ayrıca olaraq Rusiya Futbol İttifaqına (RFİ) dair intizam araşdırmasına başlayıb. Söhbət ilk növbədə Rusiya azarkeşlərinin irqçı davranışından və qanunsuz fişənglərdən istifadəsindən gedir.
Rusiya futboluna qarşı sanksiyalar məsələsinə çərşənbə axşamı baxılacaq.
“Əsl rus kişiləri”
Lakin hazırda Qərb mediası Rusiya azarkeşlərindən daha çox Rusiya rəsmilərinin ən azı “qəribə” bəyanatlarını müzakirə edir.
Rusiyanın idman naziri Vitali Mutko UEFA-nın RFİ-yə qarşı intizam araşdırmasını düzgün addım adlandırsa da, digər rəsmilər tamamilə başqa mövqe tutublar. Rusiya millət vəkillərindən İgor Lebedev Fransa polisini tənqid edib və Rusiya azarkeşlərini “yaxşı işi davam etdirməyə” çağırıb: “Uşaqlar öz vətənlərinin şərəfini qoruyublar və britaniyalıların vətənimizi aşağılamasına yol verməyiblər”.
Həm RFİ idarə heyətinin üzvü, həm də Jirinovskinin partiyasından millət vəkili olan Lebedev deyib ki, futbola gələn 10 azarkeşdən 9-nun xuliqan olması normal hal sayılmalıdır. Lakin Fransa çempionatına və mümkün qadağana daha yaxın olan Rusiya azarkeşləri təşkilatları daha barışdırıcı mövqe tutublar və xəsarət almış ingilis azarkeşlərdən üzrxahlıq ediblər.
Bununla belə ən ziddiyyətli bəyanatı Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin səsləndirib.. Fransa polisini tənqid edib və deyib ki, “polislər kişiləri yalnız gey paradlarda görməyə adət etdiklərindən, əsl rus kişiləri onları təəccübləndirib”.