Fransa Ukraynaya 2 min hərbçi göndərməyi planlaşdırır - Rusiya kəşfiyyatı
11-07-2024, 17:18
Fransa Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırır və ilk mərhələdə onların sayı 2 min nəfər ola bilər. Hələ bu ilin martında Ukrayna ərazisinə hərbçilərin göndərilməsinə hazırlıq gedirdi.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Razvedçik” jurnalında Rusiya Xarici Kəşfiyyat Xidmətinin məxfilikdən çıxarılan məlumatlarına əsaslanan məqalədə deyilir.
Məqalədə qeyd olunub ki, Fransa Müdafiə Nazirliyi hərbi kontingentin göndərilməsinin sakitcə həyata keçirilməsinin alınmayacağından ehtiyat edir. Çünki Fransa ordusu döyüş bölgəsində həlak olan ölkə vətəndaşlarının sayının artmasından narahatdır.
Bildirilib ki, itkilərin sayı və Fransa hərbçilərinin münaqişədə iştirakı ustalıqla gizlədilir: “Yalnız yanvarın 17-də Xarkov yaxınlığında əcnəbilər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi nəticəsində onlarla Fransa vətəndaşı həlak olub”.
Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, o, Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsini istisna etmir. Mətbuat yazır ki, Fransa hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Ukraynaya hərbi təlimatçılar göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq və ona rəhbərlik etmək istəyir.