Tramp üç gün əvvəl təyin etdiyi məmuru işdən çıxardı
Bu gün, 15:44
ABŞ Prezidenti Donald Tramp aprelin 15-də təyin edilən ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) müvəqqəti rəhbəri Qeri Şeplini vəzifəsindən azad etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, vergi orqanını hələlik ABŞ Xəzinədarlıq Departamenti sədrinin müavini Maykl Folkender idarə edəcək. O, bu il IRS-də rəhbərlik edən beşinci şəxs olacaq. Şepli isə xidmətdə qalacaq, lakin başqa vəzifədə.
"The New York Times" qəzeti Şeplinin işdən çıxarılmasının ABŞ Xəzinədarı Skott Bessent və sahibkar İlon Mask arasında yaranan ziddiyyətlərlə bağlı olduğunu yazır. Məlumata görə, Mask Xəzinədarı adlayaraq Şeplinin təyin edilməsinə nail olub, bunu öyrənən nazir isə Trampa məlumat verərək onun vəzifədən azad edilməsini təmin edib.