ABŞ Moldovadan idxala 25% gömrük rüsumu tətbiq edir – Trampdan yeni tarif qərarı
Bu gün, 08:24
ABŞ administrasiyası 1 avqustdan etibarən Moldovadan idxal edilən mallara 25 faiz həcmində gömrük rüsumu tətbiq edəcək.
"32gun.az" xəbər verir ki, bu barədə məlumat ABŞ-ın sabiq prezidenti Donald Trampın "Truth Social" platformasında paylaşdığı və Moldova prezidenti Maya Sanduya ünvanlanan məktubda yer alıb.
Sənəddə qeyd olunub ki, əgər Moldova hökuməti cavab olaraq qarşılıqlı rüsumlar tətbiq edərsə, ABŞ bu tarif dərəcəsini daha da artıracaq.
Bundan əlavə, Əlcəzair, İraq və Liviyadan idxal üçün 30 faiz, Bruney üçün 25 faiz, Filippin üçün isə 20 faiz rüsum müəyyən edildiyi bildirilib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp BRIKS ölkələrindən idxal olunan məhsullara da 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.
ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, yeni gömrük tariflərindən əldə olunacaq gəlirin ilin sonuna qədər 300 milyard dollardan çox olacağı gözlənilir.