BU DƏFƏ PUTİN HEÇ BİR VƏD VERMƏDİ… - Xalqın unutqanlığına ümid bəslənilməsi

4-12-2016, 04:37           

Üç il gözləmək vəd olunur. Vədlər yerinə yetirilməyəndə rusiyalılar özlərini sakitləşdirirlər. Əgər rusiyalılar dövlət başçısı və onun siyasətindən məyus olmaq istəmirlərsə, onda onlar prezident tərəfindən verilən vədlərin yerinə yetirilməsini daha çox gözləməlidirlər.

Axı, Putin illərdir həm öz ölkəsində, həm də Rusiyanın köməyi ilə bütün dünyada gələcəyin daha yaxşı olacağını vəd edirdi.

Lakin öz şefinin Federal məclisə illik müraciəti ərəfəsində Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bildimişdi ki, Putinin budəfəki nitqi başqa cür olacaq. Həqiqətən də həmin müraciət başqa cür də oldu. Putinin bu nitqində heç bir vəd yox idi.

- Sovet dövründə olduğu kimi…

Çıxış, birmənalı şəkildə xarici siyasət mövzularının üzərində quruldu: Rusiya hamıdan öndədir, digər ölkələr geridə qalıblar. Bütöv bir saat ərzində elə bir hiss yaranırdı ki, sanki sən, çoxsaylı özünütəriflər və işıqlı nikbinliklə dolub-daşan köhnə sovet dövrünə düşübsən. Belə fikir təlqin olunur ki, ”ənənəvi dəyərlər” sayəsində heç yerdə olmadığı kimi, doğuşun sayının artmasından tutmuş, universitetlərdə oxuyanların sayının artmasına və bütün dünyaya ixrac edilən yüksək texnologiyalara kimi, az qala bütün məsələlərdə Rusiya Qərbi yaxalayıb və onu ötüb keçib.

Rusiyanın aktiv şəkildə iştirak etdiyi iri münaqişələr – Suriya və Ukraynanın şərqindəki müharibə barəsində bir kəlmə də danışılmadı. Çin və Hindistana qarşı xoş məram nümayiş etdirildi. ABŞ və onun yeni seçilmiş prezidenti Donald Trampa qarşı münasibətdə isə böyük ümidlərlə dolu ifadələr səsləndirildi. Vəssalam. Elə bütün hiyləgərliklər də burada yatır – axı, əgər kimsə heç bir şey vəd etmirsə, deməli o heç bir şey də yerinə yetirməməlidir.
Bir il bundan əvvəl hər şey tamamilə başqa cür səslənirdi.

Suriya? Putin orada özünün Qərb ilə bütün fikir ayrılıqlarını bir kənara atıb, Birləşmiş Millətlər Təşkilatının qalxanı altında vahid, güclü yumruq kimi anti-terror cəbhəsi yaratmaq istəyirdi. Lakin Qərblə əməkdaşlıq əvəzinə Rusiya öz bombardmançı təyyarələrini Suriya səmasına qaldıraraq, prezident Bəşər Əsəd hakimiyyətinin güclənməsinə yardım edir. Hər şey BMT-nin iştirakı olmadan gedir. Ancaq Qərblə mübahisə və fikir ayrılıqları əvvəlki tək yerindədir. Beynəlxalq koalisiyanın yaradılması isə Kremlin illuziyası olaraq qalmaqdadır.
Öz ölkəsinin demokratik yolla inkişaf etdirilməsi?

Putin bir il əvvəl istəyirdi ki, seçkilərin nəticəsinə münasibətdə ictimaiyyətin tam etibarını və möhkəm legitimlik əldə etsin. Amma ümumi yekunda parlament seçkilərində yenidən və “tamamilə gözlənilmədən” onun hakim “Vahid Rusiya” partiyası qazandı. “Möhkəm legitimlik” qələbəsi isə, əsasən Rusiya seçki tarixindəki ən az seçicinin iştirakı hesabına nail olundu.

- Xalqın unutqanlığına ümid bəslənilməsi

Bəs, iqtisadiyyat? Əgər problemlər vardırsa, onda onlar şübhəsiz ki, Qərb sanksiyaları ilə yox, ölkədəki vəziyyətlə bağlıdır. Amma bu həqiqətin yalnız bir hissəsidir. Çünki idxal məhsullarının yerli mallarla əvəzlənməsi barəsində səs-küylü təbliğata baxmayaraq, bu yalnız kənd təsərrüfatında işləyir. Məhz Rusiya fermerləri dövlətdən böyük miqdarda investisiya alıblar. Praktik olaraq digər sahələrdə, məsələn, avtomobil sənayəsində həmişə nə isə çatışmır. Lazımı ehtiyat hissələri çatışmadığına görə istehsalın azaldılmasına məcbur qalırlar.

İndi Putin ümid bəsləyir ki, xalq onun keçənilki vədlərini yaddan çıxarıb və gələn il isə indikiləri unudacaq. 2018-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək və bu seçkilərdə o, şübhəsiz ki, yenidən qalib gələcək. Kreml rəhbəri həmin ərəfədə ən azından yenidən vədlər verəcək. Amma belə olan halda Putin indikilərdən fərqli olaraq, verdiyi həmin vədləri yerinə yetirmək məcburiyyətində qalacaq.

(“Deutsche Welle”- Almaniya)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.