Neftin taleyini bir telefon zəngi həll etdi
4-12-2016, 04:45

Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə 02:00-də bir telefon söhbəti ilə baş tutdu.
OPEK-in noyabrın 30-da təşkil edilən toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi. Ümid verən açıqlamalar gəlsə də, neft ölkələri hasilatın nə qədər azaldılması məsələsində qərar verə bilmirdi. Hətta Rusiya və Braziliya kimi OPEK-ə daxil olmayan hasilatçılar belə ortaq məxrəc tapılmırdı.
Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbistanının Enerji naziri Xalid əl-Falih və Rusiyanın Enerji naziri Aleksandr Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət yaratdı.
Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi. "Blubberq"in yaydığı məlumata görə, Novak telefon söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək, anlaşma üçün möhkəm zəmin yaradıb. Bunun qarşılığında Falih də digər OPEK ölkələrini anlaşmaya razı salıb.
OPEK 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barrel azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr də hasilatı günlük 600 min barrel azaldacağını bəyan etdilər.
Anlaşmanın uzunömürlü olmayacağı və iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə edəcəyi iddia edilir. Görünən budur ki, bu açıqlamadan sonra neftin qiyməti 15 faiz artaraq 54 dollara çatdı.
Fins.az