Harrods-da £16 milyon xərcləmiş qadının daş-qaşlarına həbs qoyulub

5-11-2018, 07:04           
Harrods-da £16 milyon xərcləmiş qadının daş-qaşlarına həbs qoyulub
İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi (NCA) Londonun ən bahalı Harrods dükanında, güman edildiyi kimi, £16 milyon (35,36 milyon manat) xərcləmiş qadının sərvətinin mənbəyinin yoxlanılması çərçivəsində, Christie's hərrac evindəki dəyəri £400000-dən (884 min manat) artıq olan zərgərlik məmulatlarına həbs qoyub.

Britaniyaya investisiya olunmuş və mənşəyi bilinməyən sərvətin yoxlanılması təlimatının ilk hədəfi olan qadın və onun ərilə bağlı araşdırma aparan rəsmilər tərəfindən, çərşənbə axşamı 49 zərgərlik məmulatı götürülüb.

Britaniya məhkəməsi Azərbaycandan olan Zamirə Hacıyevadan Britaniyada dəyəri £22 milyon (48,62 milyon manat) olan əmlakı necə aldığının izahatını istəyir.

Bu məsələ ilə bağlı Zamirə Hacıyevanın adının çəkilməsi hüququnu BBC ötən ay məhkəmə yolu ilə qazanıb.

Sözügedən əmlak Londonun mərkəzindəki Harrods dükanı yaxınlığında yerləşən böyük sahəli bir evdən, dükanın özəl avtomobil dayanacağındakı iki maşın üçün saxlanma yerindən və Berkshire qolf meydanından ibarətdir.

Zamirə Hacıyeva 10 il ərzində dükanın dəbdəbəli mallar şöbəsində £16 milyonluq bazarlıq edib, bu pulların bir hissəsi isə bahalı zərgərlik əşyalarına xərclənib.

Onun əri Cahangir Hacıyev, Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib.

Cümə axşamı Britaniyada hakim qərara alıb ki, NCA, adı çəkilən ailənin sərvətinin yoxlanması çərçivəsində, Christie's hərrac evindən zərgərlik əşyalaraını 6 ay müddətinə götürə bilər.

Christie's həmin əşyaların dəyərini Zamirə Hacıyevanın qızı Leyla Mahmudova üçün qiymətləndirirdi, NCA bildirib.

"NCA hesab edir ki, daş-qaşların hansı pula alındığı yoxlanmalıdır", - bəyanatda deyilir.

"Məlumat təmin etmək barədə rəsmi sorğuya uyğun olaraq Christie's hərrac evi istintaqla əməkdaşlıq edir", - NCA-nin bəyanatında bildirilib.

Həmin zərgərlik məmulatları arasında ən bahalısı göy və al yaqutlardan düzəldilmiş boyunbağıdır - onun qiymətinin təxminən £120,000 (265 min manat) olduğu güman edilir.

Zamirə Hacıyevanın sərvəti ilə bağlı əvvəlki məhkəmə dinləməsində məlum olub ki o, bu boyunbağını Harrods-dan alıb, lakin həmin boyunbağın onun bu dükanda etdiyi xərclər rəqəmində əks olunub-olunmadığı aydın deyil.

Müsadirə edilən əşyalar arasında Van Cleef & Arpels mirvari boyunbağı da var - qiyməti təxminən £20,000 ( 44 min mamat) kimi göstərirlir.

Deyildiyi kimi, həbs olunmuş bankir bu əşyanı 2008-ci ildə İsveçrədə, St Moritz-də alıb.

Həbs qoyulmuş digər əşyalar arasında qiyməti £9,000 (19,9 min manat) olan Panthere de Cartier boyunbağı və £4,000 (8,8 min manat) qiyməti olan birilliant zərrəcikli zərgərlik məmulatı da var.

Britaniya məhkəməsinin təsbit etdiyi "İzah edilməmiş Sərvət Orderi" (UWO) beynəlxlaq korrupsiya ilə mübarizə vasitəsi kimi nəzərdə tutulub.

Məhkəmə orderlərinin hədəfi Britaniyaya mənşəyi bilinməyən sərvət investisiya edən, xarici hökümətlərlə əlaqəli olan fərdlər və ailələrdir.

UWO qaydalarına görə, Zamira Hacıyeva müstəntiqlərə onun və ərinin Londonda əmlaka xərcləkləri pulun mənbəyini izah etməlidir, əks təqdirdə həmin əmlak müsadirə olunacaq.

UWO xəttilə hazırda daha doqquz iş öz növbəsini gözləyir.

Həmin işlər Rusiya və Afrikada korrupsiyaya uğramış rejimlərlə bağlı olan keçmiş rəsmilərə aiddir.

Əvvəlki bəyanatlarında, Zamirə Hacıyevanın vəkilləri bildirmişdilər ki, o, məhkəmə ilə əməkdaşlıq edəcək və cinayət törətməkdə təqsirli bilnmir.

Məhkəmədə vəkillər eləcə də qeyd ediblər ki, Hacıyevanın əri korrupsioner deyil - o, öz pullarını qanuni yolla əldə edib və ədalətsizliyin qurbanı olub.

BBC şərh almaq üçün Christie's ilə əlaqə saxlayıb.

UWO təlimatının qəbul olunmasına lobbiçilik etmiş, korrupsiya əleyhinə beynəlxalq Transparency International qrupunun nümayəndəsi Duncan Hames qeyd edib ki, NCA-nın son addımları sözügedən problemin miqyasını aşkarlayıb. Duncan Hames biznesləri şübhəli transferlər barədə xəbər verməyə çağırıb.

"Bu, əslində, geniş biznes sahələrinə, güman olunan qanunsuz aktivlərin nə dərəcədə geniş miqyasda siraət etdiyinin mümkün miqyasını göstərir, - o deyib. - Biz çox vaxt mülk satan şirkətlər və banklardan danışırıq, amma bahalı əşya və avtomobil ticarəti ilə, hətta özəl təhsil biznesi ilə məşğul olanlar da eyni risklə üzləşə bilərlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.