Ermənistan yeni “qırmızı xətlər”i qəbul eləmək zorunda - Rusiyanın Ankara və Bakıdan asılılığı artır

15-07-2022, 09:20           
Ermənistan yeni “qırmızı xətlər”i qəbul eləmək zorunda -
Ölkəmizin yerləşdiyi regionda geosiyasi proseslər əhəmiyyətli dərəcədə sürətlənib, regional və qlobal güc mərkəzlərinin diplomatik həmlələri artıb. Bədnam “Sürix protokolları”ndan keçən 13 il ərzində ilk dəfə Türkiyə və Ermənistan rəhbərləri - Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında telefon danışığının baş tutması bunun daha bir təzahürü sayıla bilər.

Sözsüz ki, Ermənistan 2009-cu ildəki kimi, indi də həlledici söz sahibi deyil. Hərçənd işğalçı ordusu darmadağın edilmiş kapitulyant ölkə yenə Rusiyadan ən çox asılı olaraq qalır, bununla belə, bəzi xarici çevrələrə arxalanan İrəvan bölgədə böyük sülhə əngəl olmaq, bölgəni qarışdırmaq potensialını saxlayır. Qlobal güclərin əlində “maşa” olmaq rolundan imtina etməyə tələsmir.

Başqa yandan, Ermənistanın bəlli səbəblərdən ən çox ağzına baxdığı Rusiyanın vəziyyəti də, yumşaq desək, yaxşı deyil. Bu və digər səbəblərdən bəlkə də son unikal şans yaranıb ki, Paşinyan hökuməti, nəhayət, “daşları ətəyindən” töküb Bakının təklif elədiyi 5 məlum prinsip əsasında sülh müqaviləsinin imzalanması yönündə real addımlar atsın.

Şübhə yox ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın srağagünkü İrəvan səfərinin qayəsində də ilk növbədə bu motiv dayanır. Məlumdur ki, Klaar orada özünün dediyi kimi, baş nazir Nikol Paşinyanla “çox mühüm görüşlər” keçirib.

Hər halda, rəsmi Bakının mövqeyi aydındır: həmişə beynəlxalq hüquqa əsaslanan Azərbaycan dövləti yenə eyni yanaşmaya sadiqdir. Bakı Ermənistanla düşmənçilik səhifəsini qapatmağa və gələcəyə fokuslanmağa hazırdır. Bu barədə ölkə rəhbərliyi dəfələrlə birmənalı bəyanatlar verib, İrəvana xoşməramlı mesajlar göndərib.

Əfsus ki, adekvat reaksiyalar olmayıb. Tam əksinə, erməni rəsmilər sülh prosesini tormozlayan köhnə ritorikanı davam etdirirlər. Söhbət “gorbagor” olmuş “status” və Minsk Qrupundan gedir. Ermənistanın hətta Qarabağa qanunsuz hərbçilər göndərməyə hazırlaşması barədə xəbərlər yayılıb...

***

Qeyd edək ki, cənab Klaarın Bakıya səfəri də gözlənilir. Bu gün isə İranın Ali rəhbəri Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani Bakıya gələcək. Səfər Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında reallaşacaq. Xatırladaq ki, iyulun 7-də o, Ermənistanda olub.

“Əli Şamxani İranda çox vacib qərarların verildiyi Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi və ölkənin ali rəhbərinin xüsusi nümayəndəsidir. Şamxaninin səfərinin əsas məqsədi İranın Cənubi Qafqaz, ələlxüsus Azərbaycan və Ermənistanla bağlı siyasətini müəyyən etmək, müxtəlif problemli məsələləri aydınlaşdırmaqdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Ekspert İranın özü üçün müəyyən məqamları aydınlaşdırmaq istədiyini bildirib: “İlk növbədə Bakı və İrəvan arasında yeni bir proses başlayıb və İran sözügedən mərhələnin sülh yolu ilə davamında maraqlıdır. İkincisi isə beynəlxalq aləmdə baş verən hadisələr İranı da özünün ənənəvi siyasətində dəyişikliklər etməyə yönəldir. ”Şərq-Qərb" və “Şimal-Cənub” xəttində nəqliyyat və logistika, eyni zamanda təhlükəsizlik baxımından vacib məsələlərin müzakirəsinə ehtiyac var. Praktika göstərir ki, Ukrayna kimi böyük ərazi və əhaliyə sahib olan ölkələrdə də müharibənin baş verməsi mümkündür. İranın da ərazisi çox böyükdür və əhalisi 83 milyon nəfərdən artıqdır. Ona görə də rəsmi Tehran hazırkı məqamda birinci növbədə öz qonşularının geosiyasi istiqamət və məqsədlərini yenidən müəyyənləşdirmək və öz qırmızı xəttini göstərmək üçün aktiv xarici siyasət aparır".

***

İrandan söz düşmüşkən, gələn həftə Tehranda İran, Türkiyə və Rusiya rəhbərlərinin kritik görüşü gözlənilir. Bütün bunlar bölgə ilə bağlı “saat əqrəbləri”nin son dəfə tutuşdurulacağı ehtimalını gücləndirir. Bir şey dəqiqidir ki, Ukrayna müharibəsi ilə beynəlxalq münasibətlər sisteminin, qlobal iqtisadiyyatın ciddi zərbə alması heç olmasa, Güney Qafqazda müharibə riskini gündəmdən tamamilə çıxarmaq, Cənubi Qafqazı sülh regionuna çevirmək zərurətini ortaya çıxarıb.

Bu, xüsusilə də güclü blokada və sanksiyalarla üzləşən Rusiyadan ötrü mühüm önəm kəsb edir. Ən əvvəl də logistika anlamında. Artıq “Şimal-Cənub”, “Şərq-Qərb” istiqamətlərində iqtisadi-ticari əlaqələrin dərinləşməsi, o sırada Zəngəzur dəhlizinin işə düşməsi imperativə çevrilməkdədir.

Bu isə rəsmi Moskvanı vadar edir ki, satellit Ermənistana təzyiqləri artırsın ki, İrəvan 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin müddəalarına, nəhayət, əməl eləsin. Əks halda, regionda Moskvanın da arzulamadığı yeni müharibə qaçılmaza çevriləcək. Üstəgəl, Rusiyanın sanksiyalardan doğan blokadası daha da ağırlaşacaq.

Qısası, Moskva öz vassalının “ipi”ni tezliklə çəkməsə, altını çəkəcək. Bu mənada Tehran görüşü məxsusi önəm daşıyır...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.