Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir

26-04-2024, 16:10           
Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir
Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyevin daim çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, bir turkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini, ölkələr arasında etimad mühitinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur.
Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, keçirilən görüşlərdə müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər əlaqələrin gələcək inkişafına stimuldur. Dövlət başçısı İlham Əliyev və Qırğızıstan Prezidentinin məhdud tərkibdə görüşü oldu. Bu görüşdə əməkdaşlığımızın bir çox mühüm məsələləri müzakirə edildi, onun əsas istiqamətləri, prioritetləri açıqlandı. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Bir daha qeyd edildi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır.
Hər bir səfərin əhəmiyyətini və gələcəkdə əlaqələrin inkişafında nə kimi rol oynayacağını təsdiqləyən mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladıqları Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və Birgə Bəyannaməni xüsusi qeyd etməliyik. Qırğızıstan Prezidenti Sadır Japarov Birgə Bəyannaməni xüsusi qeyd edərək bu mühüm sənədi praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbit etdiyini diqqətə çatdırdı. İmzalanan sənədlər iki ölkənin ikitərəfli münasibətlərinin möhkəm qanunvericilik bazasını yaradır.
Səfərin əhəmiyyətini, məqsəd və məramını, həmçinin münasibərlərin gələcək inkişafını açıqlayan mühüm addımlardan biri də prezidentlərin mətbuata bəyanatlarıdır. Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirmişdir ki, bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. Sadır Japarov bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, bu gün dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir. Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür: “Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.”

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.