Batin alimi yazır: Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi

29-04-2024, 16:38           
Batin alimi yazır: Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi
Sufi müdriklərinə görə yaşadığımız dövr cahiliyyə dövrüdür. Çünki insanlar yaradılışını bilmədən, qədim yazıların əlifbasını anlamadan, mətnlərin birbaşa mənalarını elm adlandırırlar. Bu ona bənzəyir ki, təmsillərə, yəni heyvanların insan xüsusiyyətləri ilə təsvirinə elm deyəsən. Təbii ki, söhbət tarix, fəlsəfə, din və s. kimi humanitar sahələrdən gedir.

Qədim müdriklərə görə, Allah iki növ - göy və yer insanını yaratmışdır ki, bunlardan yer insanı yaşayış tərzinə görə heyvandan fərqlənmir. Buna görə də müdriklər yer insanlarını "heyvani insan" adlandırırdılar və onlar yazılarda qeyd edilməyə layiq görülmürdülər (1). Göy insanı dedikdə isə müdriklər, ilk yaradılmış və özlərinin vahid səfa dili olan Asar, yəni Osiris Allahları nəslini nəzərdə tuturdular (2). Mətnlərə görə, onlar yaradılan kimi Xaldeyada Babil qülləsi tikdilər və bundan sonra Allah onların vahid səfa, yəni sufi dilini 70 dilə bölərək, onları dünyaya səpələdi (3). Bu o deməkdir ki, bu günkü dillər - bu tikilinin mahiyyətinin sirr kimi qalması üçün yaradılmış rəmzlər toplusudur. Başqa sözlə, danışdığı dilə görə insanların xalqlara bölünməsi cəhalət göstəricisidir və bütün qədim ədəbiyyat Allahla bağlı olan rəmzlərdir və yalnız göy insanlarına aiddir. Buradan çıxan nəticə odur ki, bu gün qəbul olunmuş tarix - yer insanlarının anlamadan sistemləşdirdiyi "təmsillər" toplusundan başqa bir şey deyil. Mən, "Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar" adlı məqaləmdə göstərmişəm ki, qədim yazılar, dünyaya səpələnməzdən əvvəl Azərbaycan Atabəglər Ailəsinin Xelatda (Xaldeyada) tikdiyi Babil qülləsinə həsr olunmuşdur (4). Babil qülləsinin sirrini açmaq üçün biz, ilk insanların vahid səfa/sufi dilinin məntiqi ilə, bölündükdən sonra 70 dildə yazılmış mətnləri araşdırmalıyıq. Məhz bundan sonra bu günə qədər sirr qalmış həqiqətlər açılacaq.
Babil rəmzi "Allahın qapısı" mənasını verir ki, biz ilk növbədə Allah sözünün mənasına nəzər salaq.

Göy insanı dedikdə adətən Göytürklər yada düşür ki, Göytürk abidələri olan Bilgə Xaqan, Gül-Təkin, Moyun Çor və s. mətnlərində Türk xanı açıq iddia edir ki, o - "Tanrı tək Tanrı yaratmış" və "Tanrı tək göydə yaranmışdır". Digər yerdə Türk xanı bildirir ki, O "Tanrıda olmuş və oranı El etmişdir" (5). Başqa sözlə, Allahın qapısı dedikdə mənbələrdə, Türk xanının göydə yaratdığı El-in, yəni vilayətin, dünyanın qapısı nəzərdə tutulmalıdır.

Tanrı dedikdə qədim sufilər - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyanı, yəni İlahı (yəhud. Eloah) və bu İlahdan yaradılmış kosmik insanı nəzərdə tuturdular. Mən, "İlahdan Allah yaratmış Türk bəgi kimdir?" adlı məqaləmdə bu haqda yazmışam (6). Qədim Misir yazılarında ilkin materiya - İlahi od mənasında, "odlu göl" adlanır. Başqa sözlə, Türk xanının Tanrıdan yaratdığı El, onun İlahdan, İlahi oddan yaratdığı El anlamındadır. Lakin İlahdan yaradılmış El elə El-İlah, yəni Allah deməkdir. Deməli, Türk xanı göydə İlahdan, İlahi oddan Allah yaratmışdır. Bu Allah qədim Misir mənbələrində Osiris, yəni Asar (Azər) Allahı adlanır ki, mətnlərdə o - "odlu göldən gəlmiş" "od oğlu od" kimi də qeyd olunur. Bizlərə bu Asar odu - Azər odu kimi tanışdır. Azər rəmzindən yaranmış Xızır sözü şifahi xalq ədəbiyyatımızda - "Var dərədən od gətirən" peyğəmbər mənasında qeyd olunur. Sufi məntiqində Xızır/Hızır rəmzi Xazar/Hazar rəmzi kimi Hu-Azər, yəni Azər Allahı mənasını verir. Başqa sözlə, qədim Misirin "odlu gölündən" gəlmiş Osiris, yəni Asar/Azər Allahı elə göydə ölümsüzlük qazanmış Xızır peyğəmbərdir. Türk xanının İlahi oddan yaratdığı El də - Azər, yəni Osiris Allahının göydəki Elidir və qədim Misir mənbələrində bu El - Osirisin ölüm şahlığı, yəni cənnət adlanır. Başqa sözlə, Türk xanının göydə yaratdığı Elin, yəni cənnətin yerdəki qapısı Xaldeyada, yəni Azərbaycan Atabəglər Ailəsinə mənsub olan Xelatda yerləşir.

Xelat göylərində İlahdan yaradılmış El, ən qədim mənbələrdə Azər-El və ya Asar-El mənasında yazılaraq, İzrail/İsrail kimi qeyd olunur ki, sufi məntiqində bunlar eyni mənalıdır. Buna görə qədim yəhudilər El sözünü Allah kimi qəbul etmişlər. Mən, "Qurandakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqaləmdə bu haqda geniş yazmışam (7).
Tövratda Allah Azəri bəglərinə açıq deyir ki, "Mən Öz Evimi sizin aranızda qoyacağam... və sizin aranızda gəzəcəyəm və sizin Allahınız olacağam və siz Mənim xalqım olacaqsınız". Digər mətnlərdə isə O bildirir ki, Azəri bəglərinin yurdu - "Mənim taxtımın və ayağımın yeridir, hardakı Mən İzrail (Azər-Eli) xalqı arasında əbədi yaşayacağım". Deməli, Türk xanının İlahdan yaratdığı El, yəni El-İlah - Allahdır və bu Azər/Osiris Allahı və ya Xızır peyğəmbər - Azərbaycan bəglərinin arasında yaşayır.
Ən qədim mənbələrdə Azər adı Asar, Assur, Aşşur və s. kimi də qeyd olunur. Ölkə kimi elimizin qədim adı əsasən Assuriya kimi məlumdur və mən - "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə bu şahlığın yaradılma texnologiyası haqqında geniş məlumat vermişəm (8).
Assur allahları ən qədim yazılarda teurqlar kimi qeyd olunur ki, bu da sufi məntiqində türklər deməkdir. Teurq, yəni Türk sözü qədim mətnlərdə "Allah yaradan" mənasında qeyd olunur. Mənbələrə görə onlar teurqiya, yəni maqık rituallar və qurban vasitəsilə göydə Allah yaratmışlar (9).
Yazdıqlarımızdan belə çıxır ki, Türk xanı İlahi oddan (ilkin materiyadan) göydə Azər (Asar), yəni Osiris Elini - Allahını yaratmışdır. Mənbələrdə bu El Allahı El-Amurru adlanır və bu da amoreylərin, yəni marların El Allahı deməkdir. Amoreylər, yəni marlar qədim Misir mənbələrində amorey-suti kimi qeyd olunur ki, sonrakı mənbələrdə marlar Midiya əhli kimi keçir. Sufi məntiqində amorey-suti rəmzi mir-seyid rəmzi ilə, yəni ad-soyadlarının qarşısında "mir" yazılan Azəri seyidləri, bəgləri ilə eyni mənalıdır. İslamda El-amurru rəmzi Əli-əmir (əl möminin) kimi məlumdur və bu o deməkdir ki, Azəri şiələrinin imam Əli obrazı - Türk xanının İlahdan yaratdığı El Allahının şəxsləndirilmiş obrazıdır.

Qədim mənbələrdə İlahi Azər oduna inam atəşpərəstlik və ya zərdüştilik kimi təqdim olunur. Zərdüşt (Zoroastr) rəmzi sufi-batini məntiqdə "Azər (Osiris) Allahı və Onun ruhu" fikrini ifadə edir. Zərdüştiliyin kahinləri mətnlərdə bəhdin adlanırlar ki, bu da sufizmdə bəg-din deməkdir. Bu dinin əsas rəmzləri - Aşa adlanan ruh və bu ruhun son məkanı olan behiştdir (vaxişta). Aşa rəmzi qədim Misirdə Şu Allahı kimi qeyd olunan rəmzdir və bizlərə bu rəmz Şiə, Yeşua və s. kimi də tanışdır. Bəhdin, yəni bəg-din rəmzi isə bilavasitə sufizmin tərikə yolunun bəqa fazasına yüksəlmiş Türk bəginin ekstatik durumu mənasındadır. Sufizmə görə, məhz bəqa fazasında insan ruhu ilkin materiya ilə vəhdətə nail olur və o Allaha çevrilir. Yəni, o ilkin materiyanı tam dərk edərək, ondan istənilən canlını yarada bilir (10). Bəhdin sözündəki din rəmzi zərdüştilikdə "daena" kimi qeyd olunur və insanın ruhu, onun daxili dünyası kimi mənalandırılmışdır. Bu rəmz qədim Misir kosmoqoniyasındakı "nut" rəmzinin digər yazılış variantıdır və tərikə (türklük) yolunu gedən bəgin (teurq) ruhunun göyləri özünə tabe etməsi mənasındadır. İran mənbələrində tərikə yolunu gedən bu bəg - farnbaq, yəni firon-bəg adlanır. Deməli, Azər/Osiris Allahına çevrilmiş Türk bəgi elə qədim Misir fironu, yəni piridir.

Qədim Misir kosmoqoniyasına görə, firon Amon Gel şəhərində özünü Atum Allahı adlandıraraq yaradılışa başlayır. Gel rəmzi sufizmdə İlah rəmzi ilə eyni mənalıdır və bu o deməkdir ki, yaradılış eyni zamanda İlahda - ilkin materiyada baş verir. Atum əvvəl özündən Şu və Tefnut Allahlarını yaradır. Şu Allahının yaradılması, firon Amonun ruhunun bəqa səviyyəsində İlahla vəhdətə nail olması deməkdir. Tefnut isə Nut göylərinin, firon Amonun Pta obrazında sözü və fikrinin qurban ruhları vasitəsilə "formalaşmasını" bildirir. Məhz bu Şu və Tefnut cütlüyündən, yəni Amonun ruhu və "formalaşmış" göylərdən Qeb və Nut Allahları yaranır. Qeb burada qeyb aləmi, yəni cənnət, Nut isə onun yerləşdiyi göylər mənasındadır. Sufi məntiqində qeb-nut rəmzi bəhdin (bəg-din) rəmzi ilə eyni mənalıdır. Deməli, ilk bəhdin - teurqiya vasitəsilə göyləri özünə tabe etmiş Amon Allahın ruhudur ki, sonradan o Osiris, İsida, Set və Neftida Allahlarını yaradır. Bu rəmzlərin izahı çox dərin mənalı olduğu üçün onların açmasını başqa məqalədə verəcəyəm. Mən, "Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir" adlı məqalədə bəzi rəmzlərə izah vermişəm (11). Deməli, bəhdin rəmzi - daenanı, yəni Nut göylərini özünə tabe etmiş və oranı El-ə, yəni qeyb aləminə, vilayətə, dünyaya çevirmiş Türk bəgi anlamındadır. Məşhur sufi Mühiddin ibn Ərəbi də din sözünü El kimi qeyd edir və bununla nəzərə çatdırır ki, İslam dini elə göydə yaradılmış İslam Eli, vilayəti mənasındadır (12).
Tövratda El - Səlim şəhərinin Allahı adlanır. Bu kitabda səlim, sulam və s. bənzər rəmzlər islam rəmzi ilə eyni mənada "SLM" samitləri ilə qeyd olunur. Başqa sözlə, Səlim şəhəri elə İslam ərazisi mənasındadır və onun da Allahı Eldir. Bənzər sulam rəmzi bu kitabda Yaqub peyğəmbərin göydəki dünyaya aparan pilləkəni mənasını verir. Sufi məntiqində Yaqub rəmzi qeb (QB) rəmzi kimi - tərikənin bəqa (BQ) fazası anlamındadır. Bu o deməkdir ki, İslam dini (daena) - sufizmin tərikə yolunu gedən bəgin, göydəki İslam cənnətinə, yəni ruhlar dünyasına düşmək üçün qalxdığı pillələrdir. Dilimizdəki "dünya" sözü də "din-ya" və ya "ya-din" anlamında göydəki dünya fikrini ifadə edir.

Bəg rəmzi və onun müxtəlif yazılış formaları olan boq, baqa, bxa, vaxu, yaxve, ieqova və s. rəmzlər əksər dinlərdə Allah mənasını verir (13). Bəgin tərikə pillələri ilə qalxdığı bəqa fazası, sufinin ekstatik durumu ilə bağlıdır ki, bizlərə bu durum şamanın qamlama vəziyyəti kimi məlumdur. Türk bəginin, yəni teurqun bu qamlama vəziyyəti teurqiya prosesi sayılır və vakh misteriyaları adlanır. Xalkidli Yamvlix bu teurqiya ritualını - Misir misteriyaları kimi təqdim edir. Vakh, bakh, vakhiy (ərəb. vəhy) rəmzləri sufi məntiqində bəg-həyya, yəni bəgin bəqa məqamında Hu-İlahla vəhdətə nail olmasını, ondan məlumatlar almasını və onun vasitəsilə canlı varlıqlar yaratması anlamındadır. Bəgin bu vəziyyəti isə elə onun Nut göylərini tutmuş ruhu (Qeb-Nut), yəni bəg-din deməkdir. Deməli, vakh - bəgin İlahla vəhdəti mənasındadır.
Vakxın digər adı Dion, Dionisdir ki, bu da Nut göyləri mənasında zərdüştiliyin daena rəmzidir. Başqa sözlə, Vakx-Dionis elə bəg-din deməkdir.
Yunan mifologiyasında Dionis - dini ekstazla bağlı olan Olimpin üzümçülük, şərabçılıq Allahı sayılır. Dionisin sərxoş obrazı, onun bəqa fazasındakı ekstatik qamlama vəziyyətinin sərxoş vəziyyətinə uyğunluğu ilə bağlıdır. Bu bənzərliyə görə sufizmdə şərab və narkotik - fəna və bəqa pilləsinin rəmzi sayılır.
Ekstazla bağlı olan Dion/Dionis obrazı eyni zamanda mənbələrdə Odin Allahı adlandırılır. Alman-skandinav mifologiyasında da bu Allah kahin-padişah, şaman, maqları şahı, runların və rəmzlərin dilini bilən asların başçısı adlanır. O həm də ölüm şahlığı Valxallın, yəni Qeb/Qeyb aləminin sahibi və əzraillər mənasında olan valkiriyaların hamisi sayılır. Başqa sözlə, Odin - ekstatik bəqa vəziyyəti ilə bağlı olan obrazdır və biz onu Vakx-Dionis və ya Bəg-Daena rəmzləri kimi Bəg-Odin mənasında qəbul edə bilərik. Odin vikinqlərin baş Allahı hesab olunur ki, vikinq rəmzi sufi məntiqində bəg-inaq kimi oxunur və Kitabi Dədə Qorqudda bu rəmz "inaq bəgləri" kimi keçir.
Din rəmzi ilə eyni mənalı Adonis, Dionis, Odin və s. bənzər rəmzlərdən "don" rəmzi yaranmışdır ki, bəzi Avropa ölkələrində bu rəmz titul kimi krallar nəslinin, zadəganların, o cümlədən ali ruhani zümrələrin nümayəndələrinə verilən tituldur.
Rəvayətə görə Dionis, anası Semelanı cəhənnəmdən qaytarır və ona ölümsüzlük qazandırır. Semelanın ölüb yenidən dirilməsi, onun qədim Osiris, Adonis, Attis, Tammuz, Kibela və s. allahların ölüb dirilməsi ilə eyni obrazda olması deməkdir. Kiçik Asiyada bu allahların ölüb dirilməsi bayramı Gilar bayramı adlanırdı.

Sufi məntiqində gilar (GLR) rəmzi reliqiya (RLQ), yəni din rəmzi ilə eyni mənalıdır. Mən "Misteriyalar yaradan Din ustaları kimlərdir?" adlı məqaləmdə göstərmişəm ki, qədim zamanlarda bəgin qamlama vəziyyətində İlahla vəhdətə nail olması mənbələrdə reliqiya, yəni din adlanır (14). Məşhur yazıçı və natiq Laktansiya reliqiya rəmzinin, insanı İlahla bağlayan, bağlayıçı mənasında olan religare rəmzindən yaranmasını yazır. Sufizmdə reliqiya rəmzi re-eliq (Ra-İlah) mənasında - İlah və firon Amonun bu İlahdan yaratdığı Ra diskini bildirir. Firon Amon öldükdə, onun ruhu bu Ra diski ilə birləşərək Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Deməli, "bağlamaq" mənasında olan reliqiya rəmzi - Amon Allahın ruhunun, İlahdan yaradılmış Ra diskinə bağlanması, onunla vəhdəti mənasındadır. Sufilərdə Amonun Şu (qəd. Misirdə Sia) ruhunun Ra diski ilə birləşməsi, yəni Aşur, Asar rəmzi - "Vəhdətin Günəşi" adlanır. Hürufi deyimlərinin birində bu haqda deyilir: "Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır". Deməli, reliqiya, yəni din - Azəri bəginin ruhunun İlahla vəhdətə nail olub, Asar (Aşur/Osiris), yəni Azər Allahına çevrilməsi deməkdir. Bu mənada qədim mənbələrdə Asar (Osiris) Allahı - Asar-Luhi, yəni Azər-İlahi adlanır.
Digər tərəfdən, sufi məntiqində reliqiya rəmzi - erlik, raquil, raxil və s. rəmzlərlə də eyni mənalıdır ki, türklərdə, monqollarda və s. xalqlarda Erlik - ölüm şahlığının ali hökmdarı və ağası, yeraltı dünyanın ali hakimi və sahibi, demiurq və demiurqun yaratdığı ilk canlı varlıq sayılır. Bu isə elə İlahla vəhdətə nail olub Allaha çevrilmiş və göyləri özünə tabe edərək, orada El, dünya yaratmış Amon Allahı deməkdir.
Bütün bunlardan çıxan nəticə odur ki, qədimdə din dedikdə tərikə yolu gedən pir-bəgin İlahla vəhdətə nail olması başa düşülürdü. Sufilər buna "Vəhdəti-vücud" və ya "İttihad əl-ləhud bin nəsut" deyirdilər. İlahla bu vəhdətin sayəsində qədim Türk firon-bəgləri, göydən İlahi od (dirilik suyu) gətirərək, onun hesabına İlahi qüdrətə sahib olub, xalqlarına xoşbəxt həyat bəxş etmişdilər. Qədim yəhudi mənbələrində bu qüdrət, onlara verilmiş "dünyanı yaradan silah" adlanır (15). Qədim Azəri teurqları məhz bu "silah", yəni İlah vasitəsilə dünyanın sahibinə çevrilmişdilər. Məhz bu "silahın" hesabına keçən əsrə qədər Azəri pir-bəgləri, seyid-şıxları nəsli möcüzələr göstərərək, təbiətə və canlıların həyatına aktiv təsir edə bilirdilər.
Tövratda Azəri pir-allahları Elohimlər adlanır ki, batini mənada bu rəmz - "İlah ümməti" fikrini ifadə edir (16). Elohim rəmzi digər mənbələrdə Mekal, Muğal, Moğol, Mukali, Mixail və s. kimi yazılır və əsasən Allahla və Onun yaradılışı ilə bağlı qeyd olunur. Muğal - Azəri bəglərinə verilən adlardan biridir və digər mətnlərdə o Muğali kimi yazılıb, Cəlairlərə aid edilir. Mən, Cəlairlərlə bağlı məqaləmdə göstərmişəm ki, onlar Heraklın törəmələridir və məhz bu mar-mirilər mənbələrdə mələklər nəsli adlanır (17).
Cəlair adı Gilar adının ərəb variantıdır. Bu rəmz isə "Gel şəhərinin Ra günəş Allahı" mənasında, erlik və reliqiya rəmzləri ilə eynidir. Alban mənbələrində bu rəmz Ərənşahlar nəslinə aid edilir və Gelarküni kimi yazılır. Sufi məntiqində Gel-arküni rəmzi Arxan-gel rəmzi ilə məna etibarilə eynilik təşkil edir. Xristianlıqda bütün arxangellərin, yəni mələklərin başçısı Mixail adlanır ki, bu da Muğal mənasında axırda gələcək Cəlair bəginə aiddir. Mən, "Bütün dinlər bir nəsildən başlanır" adlı məqalədə göstərmişəm ki, bu nəsil Azəri bəglərinin Gilar nəslidir (18). Qədim dünyanın bütün allahları, padşahları və peyğəmbərləri bu nəslə mənsub olmuşlar. Məhz bu seyid-bəglər bu gün də Amon Allaha - "Ya Cəddim", yəni "əcdadım kömək ol" deyə müraciət edirlər. Tövratda onlar Yaqub (Bəg) və Rahilin (Gilar) törəmələri sayılır ki, batini mənada bu rəmzlər Gilar və Bəg deməkdir. Bu kitaba görə, əvvəldə və axırda gələn Allah da bu bəglərlə bağlıdır (19). Qədim türklər Erlik dedikdə Gilar bəglərinin əcdadını nəzərdə tuturdular. Məhz O İlahla vəhdətdə "doğularaq", Gelar, yəni Gel elində Babil qülləsini tikdirmiş və onun göylərində İlahdan El - cənnət yaratmışdır. Ən qədim mənbələrdə ölümsüzlər nəsli dedikdə məhz bu Azəri firon-bəglərinın nəsli nəzərdə tutulur ki, onlar öləndə, ruhları bu cənnətdə ikinci həyat qazanırlar. Cənnət məhz bu seyid-bəglər nəslinin şəxsi mülkü kimi yaradılmışdır. Sonradan adi yer insanlarının arasındakı möminlərin də ora düşməsi üçün, onlar İslam dinini formalaşdırdılar (20). Müsəlmanların ora düşməsi üçün, onların, Allahın qoyduğu qayda-qanuna tabe olması vacibdir. Bu qayda-qanun, firon Amonun göydəki dünyanı yaratdığı zaman getdiyi "yolun" təqlididir. İlkin materiyanın, yəni İlahın qanunlarına görə, yalnız bu təqlidi düzgün edənlərin ruhları, ölüləri mühakimə edən 42 hakimin olduğu Amenti zalına düşür. Təəsüf ki, axirət dövründə göydəki cənnət yox olduğu üçün möminlər ikinci həyat qazana bilmirlər (21).
Qədim yazılara görə axirətdə, Allahın sevimli bəglərinin yurdundakı "Allahın qapısı" açılacaq və göydə ikinci cənnət yaranacaq. Alban mənbələrinə görə Allah bu cənnəti də Gelarküni nəslindən bir nəfərə vəd etmişdir. Axirətdə məhz bu bir nəfərin ruhu Allahın göydəki taxtında oturacaq və axirətdən sonraki zamanın sahibi məhz o olacaqdır.
Bütün bunlar o deməkdir ki, qədimdə din dedikdə, İlahla vəhdətə nail olmuş Azəri bəginin İlahdan göydə yaratdığı El, yəni cənnət nəzərdə tutulmalıdır. Axirətdə ikinci cənnəti yaratmaqla bəglər insanlara, iki dünyada xoşbəxt həyat üçün şans verəcəklər.

Mənbələr
1. Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1
2. Məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html
3. Məqalə: "Правители мира и их единый "язык птиц", sayt:
https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1
4. Məqalə: "Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar", sayt:
https://firudin.blogspot.com/2021/04/elm-bir-noqt-idi-cahillr-onu-coxaltdlar_13.html
5. Məqalə: “Allah” sözü bilavasitə türklərə aiddir", sayt: https://gilarbek.blogspot.com/2019/?m=1
6. Məqalə: "İlahdan Allah yaratmış Türk bəgi kimdir?", sayt: https://gilarbeg.wordpress.com/2024/03/20/ilahdan-allah-yaratmis-turk-b%c9%99gi-kimdir/
7. Məqalə: "Qurandakı İsrail oğulları - Azəri bəgləridir!", sayt: http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html
8. Məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/
9. Məqalə: “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər", sayt: https://gilarbek.blogspot.com/2012/06/?m=1
10. Məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html
11. Məqalə: "Zərdüştilik - Azəri seyid-bəglərinin İlahi dinidir", sayt:
https://firudin.blogspot.com/2021/05/zrdustilik-azri-seyid-bglrinin-ilahi.html
12. Məqalə: "Həqiqi İslam Şumerdən başlanır", sayt: https://gilarbek.blogspot.com/2013/02/hqiqi-islam-sumerdn-baslanr.html?m=1
13. Məqalə: "Значение тайной имени еврейского Бога – YHWH", sayt: https://firudin.blogspot.com/2023/08/yhwh.html?m=1
14. Məqalə: "Misteriyalar yaradan Din ustaları kimlərdir?", sayt: https://gilarbek.blogspot.com/2013/11/misteriyalar-yaradan-din-ustalar.html?m=1
15. Məqalə: "Евреям было дано орудие, которым создан мир", sayt: https://firudin.blogspot.com/2023/11/blog-post_28.html?m=1
16. Məqalə: "Человека сотворили Хазарские беки - Элохимы", sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1
17. Məqalə: "Джалаиры – божественный род Геракла", sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1
18. Məqalə: "Святые всех религий происходят из одного рода", sayt: https://firudin.blogspot.com/2024/04/blog-post.html?m=1
19. Məqalə: "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
20. Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1
21. Məqalə: "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır", sayt: https://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1181

Firudin Gilar Bəg
28.04.2024












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.