Berlin Bakının dəyərini anladı. Bəs Brüssel?

29-04-2024, 12:19           
Berlin Bakının dəyərini anladı. Bəs Brüssel?
Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə yollanaraq 15-ci Pebersberq İqlim Dialoquna qatılması, səfərin iki gün davam etməsi rəsmi Bakının Avropa ilə təmaslarında yeni mərhələdir.

Avropa İttifaqının təbii qazla təminatında Azərbaycanın rolu və çəkisi Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra daha da artıb. Belə ki, rəsmi Bakı Aİ-nin enerji təminatı təhlükəsizliyi problematikasının həllində yetərincə əhəmiyyətli və ciddi rol oynaya bilər.

Azərbaycanın öz qaz hasilatı Aİ üçün yetərli deyil.

Belə ki, Avropa İttifaqının təbii qaza olan illik tələbatının həcmi 333 milyard kubmetr, Azərbaycanın Aİ-yə illik qaz nəqli isə təqribən 12 milyard kubmetr təşkil edir. Yəni Aİ-nin ümumi təbii qaz istehlakında bilavasitə ölkəmizin payı 3,5 faizdir.

Avropa İttifaq və xüsusilə də Almaniya üçün təbii qaz təminatçısı qismində Azərbaycanın önəmini artıran ölkəmizin “mavi yanacaq” istehsalının həcmini yüksəltmək imkanları deyil.

Önəm Mərkəzi Asiya ölkələrinin, habelə Rusiyanın təbii qazının Azərbaycandan keçməklə Avropaya nəql marşrutlarıdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıya səfərində, rəsmi Bakının Avİ ölkələri ilə apardığı danışıqlarda əsas müzakirə mövzularından biri də məhz bu idi.

Brüssel və Berlin Bakı ilə danışıqların intensivləşdirilməsində, təbii qaz təminatında Rusiyadan və ABŞ-dan asılılığın azaldılmasında maraqlıdır.

Təbii ki, Vaşinqton və Moskva avropalıların planlarına maneələr yaratmağa çalışacaq və artıq bunu edirlər.

Cənubi Qafqazda geosiyasi təsir imkanlarına yiyələnməyə çalışan və bu məqsədlə Ermənistandan istifadə etməyə çalışan Fransaya gəldikdə Paris mütləq şəkildə Berlinin planlarının minimallaşmasına can atacaq.

Səbəblər bəllidir: Avropa İttifaqında lider mövqe tutaraq hegemon olmağa çalışan Fransa özünə əsas rəqib kimi Almaniyanın görür. Eyni vəziyyət Cənubi Qafqazla da bağlıdır. Bölgəmizdə ABŞ və Avropa İttifaqının, xüsusilə də Almaniyanın mövqelərinin güclənməsini qıcıqla qəbul edən Fransa Berlin danışıqlarında qəbul edilmiş qərarların reallaşmaması üçün bütün vasitələri işə salacaq.

Avropa İttifaqı ölkələrinin makroiqtisadiyyatı indi ən ağır dövrlərdən birini yaşayır. Almaniya iqtisadiyyatındakı vəziyyət isə ümumiyyətlə, Avropadakı çətinlikləri bariz şəkildə göstərir. Bir zamanlar Avropa İttifaqının (Aİ) iqtisadi flaqmanı olan Almaniyada vəziyyət o qədər ağırlaşıb ki, hətta ötən dövrlərdə kommunal sahə və sənayə müəssisələri üçün əsl dayaq rolunu oynamış ucuz təbii qazın qıtlığı Berlini gün keçdikcə resessiyaya daha da yaxınlaşdırır.

Federal Energetika Agentliyinin rəhbəri Klaus Müllerin fikrincə, təbii qaz çatışmazlığı ilə bağlı böhran hələ başa çatmadığından əhali "mavi yanacaq" sərfiyyatında qənaətli davranmalıdır.

O, "Funke"yə verdiyi müsahibəsində deyib: "Bu qışı da təbii qaz təminatında fasilələr olmadan başa vura bildik. Lakin vəziyyət çox ağırdır".

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Rusiyadan təbii qaz alışlarını azaldan və hazırda minimuma endirən Berlin əvvəllər "Qazprom"dan alınan təbii qazdan asılı idi.

Almaniyanın kansleri Olaf Şolts "qaz çatışmazlığı sahəsində uğurlarımız var" desə də, statistika tam əks mənzərəni göstərir. Doğrudur, ölkədə təbii qaz sərfiyyatı azalıb və təminatda fasilələr yoxdur. 2018-2021-ci illərlə müqayisədə əhali və kiçik biznes 18,3 faiz az qaz işlədib.

Amma bütün bunların səbəbi Almaniyada bir sıra böyük zavodların, fabriklərin bağlanması, ölkə iqtisadiyyatının çox önəmli sahələrini təşkil edən nəhəng avtomobil və kimya sənayesi konsernlərinin müəsissələrinin sürətlə digər ölkələrə "köçürülməsi", habelə əhalinin mənzillərdə isitmə sistemindn qənaətlə faydalanmasıdır.

Beləliklə, Almaniya rəhbərliynin bəhs etdiyi "uğur"lar əslində yalnız qənaətlə bağlıdır.

Almaniyanın yeraltı təbii qaz anbarlarının ümumi tutumunun 71 faizini doldurması və beləcə, rekorda nail olması isə ölkə iqtisadiyyatına ciddi fayda verməyib. İki əsas səbəb var:

1. Almaniya iqtisadiyyatında və sənayesində geriləmə sürətləndiyindən təbii qaza tələbat azalıb

2. Dünya bazarlarında qiymətlərin azalmasına rəğmən, Almaniyada təbii qazın satış qiymətləri bahalıdır.

Ötən ilin qızında baha qiymətə alınmış təbii qazı Almaniyada, şəmçinin Avropa İttifaqında satın almaq istəyənlərin sayı az olduğundan, həmin "mavi yanacaq" Berlin üçün ballasta çevrilib.

Ötənilki qaz hələ də satılmadığından Berlin yeraltı qaz anbarlarına yeni təbii qaz həcmlərini alaraq vura bilmir.

Almaniya iqtisadiyyatının bahalı təbii qazdan asılılığına son qoymaq üçün daş kömürlə işləyən istilik-elektrik stansiyalarının (İES) fəaliyyətinin gücləndirilməsi də problemdən çıxış yolu olmadı.

Xatırladaq ki, 2022-ci ilin payızında, təbii qaz qiymətlərinin çox bahalı olması səbəbindən ölkədə dərin energi böhranı yarandığından rəsmi Berlin daş kömürlə və ya qonur kömürlə işləyən bir sıra İES-lərin istismar müddətini artırmış, hətta bəzi İES-lərin fəaliyyətini bərpa etmişdi.

Rəsmi statistikaya görə, Almaniyada istehsale dilən 245 KVt elektroenerjinin 159 KVt-ı bərpa olunan enerji mənbələrinin (BEM) payına düşür. Ötən il ölkədə istehsal edilmiş elektroenerjinin ümumi həcminin 50 fiazindən artığı məhz BEM sayəsində gerçəkləşib. Rəsmi Berlin 2030-cu ilədək bu payı 80 faizə çatdırmağı, külək və günəş energetikasından istifadəni sürətlə artırmağı düşünür.

Ölkədə daş kömür və qonur kömürlə işləyəni İES-lərin sayının mütləq şəkildə azaldılacağı, sonra isə ümumiyyətlə, belə stansiyaların qapadılacağı bərədə proqramın olduğunu nəzərə alsaq, Almaniyanın təbii qaza olan tələbatı ciddi şəkildə yüksələcək.

Dünya bazarlarında təbii qazın topdansatış qiymətlərinin stabilləşməsi və Almaniyada qonur kömürlə işləyən istilik-elektrik stansiyalarının 7 enerji blokunun qapadılması təğii qaza tələbatı daha da artıracaq.

Hazırda Almaniyanın təbii qaza olan tələbatının 40 faizdən artığı Norveçdən idxal hesabına ödənilir. Mayeləşdirilmiş qaza (LPG) gəldikdə, almanların idxalında ABŞ liderdir: ilk beşlikdə sonrakı yerlərdə Trinidad və Tobaqo, Anqola, Misir və Nigeriya var.

Məhz bu səbəbdən Berlin təbii qaz təminatı problemini alış məkanlarının sayını artırmaqla həll etməyə çalışır və Olaf Holts administrasiyasının da fikrincə, Bakı ilə yeni anlaşmalar problemin həllində Berlinə ciddi kömək ola bilər.

ABŞ və Çindən sonra dünyanın üçüncü iqtisadiyyatına malik olsa da, Almaniyada elektroenerji və təbii qaz təminatı ilə bağlı çətinliklər sonadək həll olunmayıb.

Berlin Ukraynadakı hərbi əməliyyatlaradək problemi Rusiyadan təbii qaz idxalı vasitəsilə çözmək niyyətində idi. Amma hərbi əməliyyatlar, Rusiyaya qarşı Qərbin total sanksiyaları və sonucda Almaniyanın Rusiyadan təbii qaz idxalını tarixi minimuma endirərək az qala dayandırması əvvəlki planları alt-üst edib.

Kansler Olaf Şolts da məhz bu səbəbdən Bakıya üz tutub.

Söz yox, Azərbaycan təbii qazını müqavilələr üzrə İtaliyaya, Macarıstana, Almaniyaya satıb. Amma qeyd etdiyimiz kimi, ölkəmiz Almaniya üçün Rusiya, Türkmənistan və Qazaxıstanın təbii qazının nəql ediləcəyi marşrutların keçəcəyi dövlət, tranzit məkan kimi çox önəmlidir.

Azərbaycandan Avropa İttifaqına təbii qazın nəql olunduğu marşrutların buraxma gücünün iki dəfə artırılması isə heç çətin prosedur deyil.

Daha bir marşrut Zəngəzur dəhlizindən keçməlidir. Marşrutun Ermənistan ərazisindəki hissəsinə Rusiya nəzarət etməyə can atır, Fransa və İran isə buna qətiyyətlə etiraz edirlər.

Göründüyü kimi, Cənubi Qafqazda təbii qaz nəqli ilə bağlı yeni geosiyasi mənzərə yaranır.

Rəsmi Bakı Almaniyanın və ümumiyyətlə, Avropa İttifaqının problemlərinin həllində yardıma hazırdır.

Bəs Avropa necə, Bakının jestini anlayırmı?
Trend












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.