Sabiq icrə başçısının nazir müavini təyin olunması xəbəri yalan çıxdı
14-06-2016, 10:33
Mediada yayılan xəbərlərə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev daha yüksək posta təyinat alıb.
Məlumatlara görə, Mübariz Ağayev prezidentin digər sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini təyin edilib.
Bu məsələ ilə bağlı istiqlal.az-a mötəbər mənbələrdən yeni məlumatlar daxil olub.
Mənbənin sözlərinə görə, M.Ağayevin nazir müavini postuna təqdimatı olsa da, prezident müaviq sərəncamı hələ imzalamayıb: "Daha doğrusu, M.Ağayevin kənd təsərrüfatı postuna təyinatı onun daxil olduğu qrupun arzusudur. M.Ağayev nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınır. Z.Məmmədov ən yaxın adamlarından olan M.Ağayevi qorumaq, onun prezident nomenklaturasındakı statusunu saxlamaq üçün qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovu bu işə qatıb. Heydər Əsədov da M.Ağayevi xilas etmək üçün onun nazir müavini postuna təqdimatını verib (qaydalara görə, müavin təqdimatlarını icra strukturlarının birinci şəxsləri verir). Ancaq bu təqdimat siyasi rəhbərliyin ürəyincə olmayıb. M.Ağayevin icra başçısı kimi neqativ fəaliyyəti, ictimati rəydəki mənfi imici onun yeni təyinatına əngəl yaradıb. Siyasi rəhbərlik neqativ reputasiyalı şəxsin nazir müavini təyin olunmasını siyasi hakimiyyətin nüfuzu baxımından çox riskli addım kimi dəyərləndirilib".
Mediada onun artıq nazir müavini təyin olunması ilə bağlı xəbərlərə gəlincə isə, mənbə bu xəbərlərin M.Ağayevin yaxın ətrafı vasitəsi ilə mediya sızdırıldığı bildirdi: Bununla guya siyasi rəhbərliyi fakt qarşısında qoymaq və eyni zamanda ictimai rəydə "vurulan kadr" imicini dağıtmaq istəyirlər".