Medal şəhidin atasına təqdim edildi - FOTO
17-05-2015, 21:07
Salyan rayonunda şəhid Səftər Məmmədovun qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən həlak olan Salyan rayonundan olan şəhid Səftər Əlihüseyn oğlu Məmmədova ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı verilib.
Bizimyol.info xəbər verir ki, ANS PRESS-in məlumatına görə, müdafiə nazirliyinin rəsmiləri, rayon icra hakimiyyəti, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhid Səftər Məmmədovun qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.
Qeyd edilib ki, cəbhədə qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səftərin rəşadəti hər kəs üçün örnək olmalıdır, çünki Vətən, torpaq hər şeydən ucadır və onu qorumaq hamının müqəddəs borcudur.
Azərbaycan Ordusunun gücü, onun gündən-günə möhkəmlənməsindən mərasimdə ətraflı danışılıb. Bildirilib ki, ölkəmizin hərbi-siyasi qüdrəti belə deməyə əsas verir ki, tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək, yağı düşmənin əsarətində olan torpaqlarımız işğaldan azad olunacaq.
Şəhid ailələri, müharibə veteranlarına dövlət qayğısı xüsusi vurğulanıb. Sonra şəhidin atası Əlihüseyn Məmmədova şəhidin ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib.
Şəhid atası oğlu ilə qürur duyduğunu söyləyib, anası Rəsmiyyə Məmmədova övladı ilə fəxr etdiyini bildirib.