“Qara polkovnik”in oğlunun 8 milyonluq şirkəti- Yoxa çıxan 318 milyon

18-05-2015, 22:32           

İri məbləğdə kredit dələduzluğu işi üzrə (“Beynəlxalq Bankın işi” qalmaqalı) həbs edilən oliqarxlardan biri, “Qara polkovnik” kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlunun şirkətinin hesabında hazırda 3 milyon funt-sterlinq var.


virtualaz.org xəbər verir ki, əvvəllər Beynəlxalq Bankın baş direktoru olan, daha sonra bankın Dubay şöbəsinə rəhbərlik edən Adil Hüseynovun Londonda qeydiyyatdan keçmiş “KİNGSWAY TRADE LLP” şirkətinin Britaniyanın vergi xidmətinə təqdim etdiyi maliyyə hesabatına əsasən şirkətin 2014-cü ilin yekunları üçün maliyyə göstəriciləri belədir: hesabındakı vəsaitin məbləği - £2,946,981, aktivləri - £ 4205177, dəyəri - £ 5.236.750, öhdəlikləri - £ 3.367.

Xəbər verdiyimiz kimi, ötən həftə Nərimanov Rayon Məhkəməsi Adil Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edərək onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Oliqarxın vəkili Kamandar Nəsibov bildirib ki, Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.

“KİNGSWAY TRADE LLP” şirkəti 2006-cı ildə qeydiyyatdan keçib, şirkətin yeganə mülkiyyətçisi və direktoru Adil Hüseynovdur. Companycheck.co.uk portalından götürülmüş məlumatlara əsasən şirkətin aktivlərinin dəyəri 2010-cu ildə 450 min funta yaxın olub, 2013-cü ildə 632 min funt təşkil edib.

Şirkətin nağd vəsaitlərinin həcmi 2010-cu ildə 8 min funtdan bir qədər çox olub, 2013-cü ildə də təxminən eyni səviyyədə qalıb - 8,4 min funt. Ancaq 2014-cü ildə kəskin artaraq 3 milyon funta yaxınlaşıb.

Adil Hüseynov 1966-cı ildə anadan olub, işgüzar karyerası ancaq Beynəlxalq Bank və “KİNGSWAY TRADE LLP” şirkəti ilə bağlıdır.

“Qara polkovnik”in digər oğlu, 1964-cü ildə anadan olmuş Tahir Hüseynov isə 2012-ci ildə faciəli şəkildə həlak olub. Onun idarə etdiyi “Toyota” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən Bakının Suraxanı rayonunda yoldan çıxaraq aşıb. Nəticədə sürücü həlak olub, avtomobildəki sərnişin isə ağır xəsarətlər alıb.

Xatırladaq ki, polkovnik Fətulla Hüseynov digər polis polkovniki Hacı Məmmədovun bandası tərəfindən sifarişlə qətlə yetirilib.

Sayt Adil Hüseynovun vəkili Kamandar Nəsibovdan dəqiqləşdirib ki, onun müdafiə etdiyi şəxs yüz milyonlarla dollarlıq krediti heç də öz şirkətinin adına götürməyib (əslində ötən həftə yayılan ilkin xəbərlərdə kreditin Adil Hüseynovun şirkətinə verildiyi yer almışdı).

Vəkilin bildirdiyinə görə, ittiham aktında “KİNGSWAY TRADE LLP” şirkətinin adı keçmir. Adil Hüseynov Beynəlxalq Bankın Dubay şöbəsi üzərindən yüz milyonlarla dollar vəsaitin müxtəlif şirkətlərə kredit kimi verilməsini təşkil etməkdə ittiham olunur. Həmin kreditlər isə geri qaytarılmayıb. İttiham aktında 318 milyon dollarlıq kreditlərin hansı şirkətlər üzərindən mənimsənildiyi göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.