İcra başçısı həbs xəbərindən danışdı

22-05-2015, 17:26           
İcra başçısı həbs xəbərindən danışdı
"Bakı şəhəri Binəqədi rayonun ərazisində baş verən yanğınla əlaqədar məni istintaqa çağırmayıblar".

Bunu Report-a açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

O bildirib ki, hadisə ilə bağlı icra hakimiyyətindən yalnız 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, hazırda isə rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə" və 314.2-ci "ağır nəticələrə səbəb olan səhlənkarlıq" maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.